Uşaqlıqdan çətin məsələləri həll etməkdən zövq alırdım - Olimpiada qalibləri uğur yollarından danışırlar

23 Yanvar, 2026 - 10:04
Uşaqlıqdan çətin məsələləri həll etməkdən zövq alırdım

Xəbər verildiyi kimi, 10-14 yanvar tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən XXII Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri də uğurla iştirak ediblər. Milli komandamız bu nüfuzlu bilik yarışında 5 gümüş və 5 bürünc medal qazanaraq ümumilikdə 10 medala layiq görülüb.

Medalçılar əldə etdikləri nəticələr, olimpiada təcrübəsi və hazırlıq prosesi ilə bağlı “Azərbaycan müəllimi”nə danışıblar.

"Əlimdə Azərbaycan bayrağı ilə səhnəyə çıxmaq son dərəcə qürurverici idi"

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Murad Xəlil yarışda fizika fənni üzrə gümüş medal qazanıb. Əldə etdiyi uğurla bağlı təəssüratlarını bölüşərək qeyd edib ki, medal qazanmaq unudulmaz hissdir: “Medala layiq görülmək çox gözəl hissdir. Medal alan şagirdlər səhnəyə çağırılarkən əlimdə Azərbaycan bayrağı ilə səhnəyə çıxmaq son dərəcə qürurverici idi. Həm komanda yoldaşlarımın, həm də öz adıma çox sevinirəm”. 

Murad Xəlilin fizika fənninə marağı VII sinifdə- bu fənn məktəblərdə tədris olunmağa başladığı vaxt yaranıb. Həmin il Respublika Fənn Müsabiqəsində iştirak edərək qızıl medal qazanıb: “Daha sonra olimpiadaların mövcudluğundan xəbər tutdum və bu istiqamətdə hazırlaşmağa başladım. Olimpiadalara hazırlaşdığım müddətdə həm riyaziyyat, həm də fizika üzrə özümü xeyli inkişaf etdirdim. Eyni zamanda bu dövrdə qazandığım dostluqlar mənim üçün çox dəyərlidir”. 

O, indiyədək Respublika Fənn Müsabiqəsi (RFM), Respublika Fizika Olimpiadası (RFO), Jautikov Olimpiadası (IZhO), Asiya Fizika Olimpiadası (APhO) və Beynəlxalq Fizika Olimpiadası (IPhO) kimi bilik yarışlarında iştirak edib. Onun sözlərinə görə, ən sevdiyi fənn məhz fizikadır: “Məktəbdə fizika keçilməzdən əvvəl də ətrafımda baş verən hadisələri müşahidə edir, onların səbəbləri haqqında düşünürdüm. Fizika ilə tanış olduqdan sonra isə o, dərhal sevimli fənnimə çevrildi”. 

Murad Xəlil uğurunda valideynlərinin, müəllimlərinin və komanda yoldaşlarının dəstəyinin böyük rol oynadığını vurğulayıb. Gündəlik hazırlıq planına gəlincə, daha çox hisslərinə uyğun hərəkət etdiyini deyir: “Çox vaxt günümü əvvəlcədən planlaşdırmıram. Gündəlik vəziyyətimə uyğun hansı fəaliyyətlə məşğul olacağımı seçirəm. Boş vaxtlarımda mütaliəyə də vaxt ayırıram. Ən son Qaraqanın “Şeytanın kitabı” əsərini oxumuşam. 

Gələcək planlarım ilə bağlı isə bir sıra xarici universitetlərə — Birləşmiş Krallıq, Sinqapur, Koreya və Çindəki universitetlərə müraciət etmişəm. Eyni zamanda, Azərbaycanda keçirilən qəbul imtahanında da iştirak edəcəyəm”. 

"Bu olimpiadada əldə etdiyim nəticə universitet seçimi mərhələsində mənə böyük kömək göstərəcək"

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Əkbər Əhmədov XXII Beynəlxalq Jautikov Olimpiadasında informatika fənni üzrə gümüş medal qazanıb. O, əldə etdiyi uğurun gələcək planları baxımından əhəmiyyətli olduğunu bildirib: “Medal qazanmaq məni olduqca sevindirdi. Düşünürəm ki, bu olimpiadada əldə etdiyim nəticə gələcəkdə xüsusilə universitet seçimi mərhələsində mənə böyük kömək göstərəcək”. 

Əkbər Əhmədov qeyd edib ki, informatikaya marağı uşaqlıq illərindən formalaşıb. Bu fənn üzrə olimpiadaların mövcudluğunu öyrəndikdən sonra isə məqsədyönlü şəkildə hazırlaşmağa başlayıb: “Uşaqlıqdan informatikaya marağım var idi. Olimpiadaların olduğunu bildikdən sonra bu istiqamətdə çalışmağa başladım. Daha çox çalışdıqca nəticələrim və qalibiyyətlərim də artdı. Bir sıra yerli bilik yarışlarında iştirak etmişəm. Nailiyyətlərim sırasında Respublika Fənn Müsabiqəsində (kimya fənni üzrə) gümüş medal, 2024–2025-ci tədris ilində Respublika Fizika Olimpiadasında (informatika fənni üzrə) qızıl medal da yer alır”. 

Əkbər Əhmədovun sözlərinə görə, sevdiyi fənn informatikadır və bu maraq uşaqlıqda kompüterə olan həvəsindən qaynaqlanır. Uğur qazanmasında ailəsinin, müəllimlərinin və dostlarının dəstəyini xüsusi vurğulayıb. 

Gündəlik hazırlıq prosesinə toxunan şagird bildirib ki, vaxtını öncədən planlaşdırmır: “Günümü əvvəlcədən planlamıram. Vaxtımın böyük hissəsini informatikaya ayırıram. Qalan vaxtlarda isə Tetris kimi kompüter oyunları oynamaq mənim üçün maraqlıdır”.
Mütaliəyə çox vaxt ayırmasa da, oxuduğu bədii əsərlər arasında ən çox sevdiyinin Aqata Kristinin “Pərdə: Puaronun son sirri” olduğunu deyir. Gələcək planları ilə bağlı isə əsas məqsədinin nüfuzlu, yüksək reytinqli universitetlərdə təhsil almaq olduğunu qeyd edib. İnformatikadan kənar sahələrə, xüsusilə incəsənətə marağının olmadığını da əlavə edib. 

"Bu olimpiadada iştirak mənə özümü beynəlxalq arenada göstərmək imkanı verdi"

Təbiət Elmləri Təmayüllü Gimnaziyanın XI sinif şagirdi Davud Tarverdili XXII Beynəlxalq Jautikov Olimpiadasında riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb. Onun sözlərinə görə, 16 ölkənin iştirak etdiyi bu nüfuzlu beynəlxalq yarışda iştirak etmək rəqabət hissini daha da gücləndirib: “Bu, beynəlxalq səviyyəli olimpiada idi və fərqli ölkələrdən olan şagirdlərlə yarışmaq mənim üçün böyük təcrübə oldu. Medal qazandığım an çox sevindim və bu sevinci ilk olaraq valideynlərimlə bölüşdüm. Eyni zamanda olimpiada müddətində çoxlu yeni dostlar qazandım.

Olimpiadaya seçim mərhələsi təxminən bir ay əvvəl keçirilib və həmin imtahanın nəticələrinə əsasən komandaya seçildim. Hazırlıq prosesində əvvəlki illərin tapşırıqları və əlavə suallar üzərində intensiv şəkildə çalışdım. Bu olimpiadada iştirak mənə özümü beynəlxalq arenada göstərmək imkanı verdi”. Məktəblimiz indiyədək həm yerli, həm də beynəlxalq olimpiadalarda dəfələrlə iştirak edib. O, Respublika Fənn Olimpiadalarında riyaziyyat fənni üzrə üç dəfə qızıl medal qazanıb, X sinifdə isə “birincilərin birincisi” olub. Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) həvəsləndirici mükafata layiq görülüb, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) iki dəfə gümüş medal, Balkan Riyaziyyat Olimpiadasında (BMO) isə bürünc medal qazanıb. Davud Tarverdili bu il də Beynəlxalq Riyaziyyat Olimpiadasında medal əldə etməyi qarşısına məqsəd qoyduğunu deyir.

Onun sözlərinə görə, riyaziyyata marağı ailədə formalaşıb: “Riyaziyyata marağım evdə başladı. Valideynim riyaziyyat müəllimi idi və uşaqlıqdan çətin məsələləri həll etməkdən zövq alırdım”. Uğur yolumda da ən böyük dəstəkçilərim  valideynlərim olub”.

O, vaxtının səmərəli bölməyə çalışır: “Həm olimpiadalara hazırlaşıram, həm də istirahətə və oyunlara vaxt ayırıram. Hər şeyə düzgün zaman ayırmaq mənim üçün vacibdir. Təhsilimi isə dünyanın nüfuzlu, yüksək reytinqli universitetlərində davam etdirməyi hədəfləmişəm”. 

"Olimpiadada iştirak mənə yeni və maraqlı suallarla tanış olmaq imkanı yaratdı"

Bakı Türk Anadolu Liseyinin XI sinif şagirdi Əhməd Qəmbərli XXII Beynəlxalq Jautikov Olimpiadasında informatika fənni üzrə bürünc medala layiq görülüb. O, olimpiadada iştirakın ona yeni təcrübələr qazandırdığını dilə gətirib: “Olimpiadada iştirak mənə yeni və maraqlı suallarla tanış olmaq imkanı yaratdı. Medal qazandığıma görə çox sevindim.

İnformatikaya marağım hələ VI sinifdə formalaşıb. Həmin il “Azercell Cup” yarışmasında iştirakım bu sahəyə olan marağımı daha da gücləndirib və mənə olimpiadalara yönəldib. İndiyədək bir sıra yerli və beynəlxalq yarışlarda iştirak edib. Onların sırasında Beynəlxalq Jautikov Olimpiadası (2025), Avropa Gənclər İnformatika Olimpiadası (2024), Respublika Fənn Olimpiadası (2024, 2025), Info1Cup (2025) və Dünya Robot Olimpiadası (2025) yer alır”. Onun ən sevdiyi fənn informatikadır və bu marağın necə yarandığını dəqiq xatırlamasa da, bu sahəyə həmişə xüsusi marağı olub. Uğur qazanmasında valideynlərinin dəstəyini xüsusi qeyd edib. Boş vaxtlarında mütaliə etməyi sevən Əhməd Qəmbərli oxuduğu əsərlər arasında Lev Tolstoyun “Anna Karenina” romanını fərqləndirir. Macəra və dram janrlarına üstünlük verdiyini deyən şagird, eyni zamanda musiqi dinləməyi də sevdiyini, xüsusilə “Duman” rok qrupunun ifalarını dinlədiyini bildirib. Xüsusi istedad və ya bacarığının olmadığını desə də, informatikaya olan marağını gələcəkdə də davam etdirmək niyyətindədir.