Burada qazandığımız biliklər gələcəyimiz üçün önəmlidir - Saatlıdan REPORTAJ
Azərbaycanda 2019–2020-ci tədris ilindən etibarən tətbiq olunan peşə təmayüllü siniflər (PTS) layihəsi məktəblilərin həm ümumi orta təhsil almasına, həm də peşə bacarıqları qazanmasına geniş imkan yaradır. Layihə region məktəblərində də uğurla həyata keçirilir. Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Saatlı rayon V.Əsgərov adına 4 nömrəli tam orta məktəb bu baxımdan diqqət çəkən təhsil ocaqlarından biridir.
“Azərbaycan müəllimi” həmin məktəbdə olaraq, müəllim və şagirdlərlə həmsöhbət olub.
Nəzəri biliklə praktiki bacarığın vəhdəti
Məktəbin peşə təmayüllü siniflərinin qrup rəhbəri Nuridə Əsədovanın sözlərinə görə, müasir dövrdə şagirdlərin yalnız ümumi biliklərlə kifayətlənməsi yetərli deyil. Onların gələcək peşə istiqamətlərinə uyğun hazırlanması da vacibdir.
Onun sözlərinə görə, məktəbdə əsas məqsəd şagirdlərə təkcə nəzəri bilik vermək deyil, bu bilikləri praktikada tətbiq etməyi öyrətmək, düşünmə bacarıqlarını inkişaf etdirmək, potensiallarını üzə çıxarmaq və gələcək həyatlarına düzgün istiqamət verməkdir.
Nuridə Əsədova bildirir ki, peşə siniflərində dərslər məqsədyönlü təşkil olunur, şagirdlərin fəallığı daim diqqətdə saxlanılır. Qəbul könüllü əsasda aparıldığı üçün dərslərə maraq da yüksəkdir. Şagirdlər həm ümumtəhsil fənlərini, həm də peşə dərslərini paralel şəkildə mənimsəyərək gələcək planlarını daha səmərəli qururlar.
Emalatxanalar və təcrübə səfərləri şagirdlərə əlavə üstünlük yaradır
Məktəbdə peşə ixtisaslarının əyani tədrisi aparılır, bunun üçün onun emalatxana otaqları da var. Şagirdlər burada öz bacarıqlarını nümayiş etdirir, hazırladıqları əl işlərini sərgi-satış yarmarkalarında təqdim edərək satış imkanı qazanırlar.
Bundan başqa, məktəblilər təcrübə səfərlərində iştirak edir, real əmək bazarı ilə yaxından tanış olurlar. “Əsas səriştələr” dərsi çərçivəsində isə etiket qaydaları, stresin idarə olunması, CV hazırlanması və əmək bazarının araşdırılması kimi vacib bacarıqlara yiyələnirlər.
Dərzilik dərsləri yaradıcılığı və peşə sevgisini artırır
Məktəbdə PTS üzrə dərzi müəllimi kimi çalışan Mehparə Xanalıyeva bildirir ki, əsas məqsədi şagirdlərə tikiş bacarıqları öyrətməklə yanaşı, onların yaradıcılıq potensialını üzə çıxarmaqdır.
Onun sözlərinə görə, dərslərdə şagirdlər tikişin əsaslarını, parça növlərini, ölçü götürmə qaydalarını, düzgün biçimi və tikiş maşınından istifadəni öyrənirlər. Eyni zamanda müxtəlif tikiş texnikaları ilə tanış olur, öz ideyalarına uyğun əl işləri hazırlayaraq yaradıcılıqlarını nümayiş etdirirlər.
Mehparə Xanalıyeva qeyd edir ki, bu ixtisasa daha çox qız şagirdlər maraq göstərir. Artıq bir neçə şagirdi dərzilik sahəsi üzrə təhsilini davam etdirmək qərarı verib. Şagirdlər rayon daxili tədbirlərdə fəal iştirak edir, hazırladıqları əl işlərini böyük həvəslə təqdim edirlər.
İKT dərsləri əmək bazarına hazırlıqda mühüm rol oynayır
Məktəbin İKT ixtisas müəllimi Zərbəyim Yaqubovanın sözlərinə görə, artıq beş ildir ki, bu sahədə fəaliyyət göstərir və şagirdlərin texnologiyaya marağının gündən-günə artdığını müşahidə edir.
O bildirir ki, “Help Desk” ixtisası üzrə dərslərdə şagirdlər kompüterin əsas hissələrini, sistem blokunu, modemi və digər avadanlıqları tanıyır, onların iş prinsipini sadə və anlaşıqlı şəkildə öyrənirlər. Eyni zamanda gündəlik istifadə zamanı yaranan kiçik texniki problemləri müstəqil həll etməyi bacarırlar.
Müəllimin sözlərinə görə, bu dərslər şagirdlərdə həvəs yaradır, onlar nəzəri biliklərini praktikada tətbiq etmək imkanı qazanırlar. Müasir dövrdə kompüter biliklərinin bütün sahələrdə vacib olduğunu nəzərə alsaq, PTS məzunları əmək bazarında daha üstün mövqeyə sahib olurlar.
Şagirdlər: Burada qazandığımız biliklər gələcəyimiz üçün önəmlidir
Məktəbin 11”p” sinif şagirdi Türkanə Cəfərova peşə təmayüllü siniflərdə İKT ixtisası üzrə təhsil alır. O deyir ki, dərslərdə “Windows” əməliyyat sistemi, sistem bloku, printer, domen anlayışı, internet şəbəkələri və digər mövzular haqqında biliklər əldə edirlər.
Onun sözlərinə görə, dərslər maraqlı və praktiki keçirilir. Gələcəkdə hansı ixtisası seçməsindən asılı olmayaraq, burada qazandığı kompüter bilikləri onun üçün faydalı olacaq. Türkanə həmçinin təcrübə səfərlərində və regionda keçirilən tədbirlərdə fəal iştirak etdiklərini, bunun da sosial bacarıqlarının inkişafına müsbət təsir göstərdiyini vurğulayır.
11 “p” sinif şagirdi Zeynəb Mirzəzadə isə peşə təmayüllü siniflərdə “Dərzi köməkçisi” ixtisası üzrə təhsil alır. O bildirir ki, dərslər sayəsində insan üzərində ölçü götürməyi, lekal çıxarmağı, biçməyi və tikməyi öyrənib.
Zeynəbin sözlərinə görə, bu ixtisas ona gələcək həyatında faydalı olacaq praktiki bacarıqlar qazandırır. Təhsilini davam etdirməyi planlaşdırmasa da, peşə sahibi olmağı məqsəd seçib. Məzun olduqda həm attestat, həm də sertifikat alaraq dərzi kimi fəaliyyət göstərmək imkanı qazanacaq.
Peşə təmayüllü siniflər layihəsi məktəblilərə yalnız təhsil deyil, həm də həyat üçün zəruri bacarıqlar qazandırır. Saatlı rayonundakı bu məktəbin təcrübəsi göstərir ki, düzgün təşkil olunan peşə yönümlü təhsil şagirdlərin həm fərdi inkişafına, həm də gələcək karyera planlarına mühüm töhfə verir. Bu layihə regionlarda gənclərin əmək bazarına daha hazırlıqlı çıxmasına və öz potensiallarını reallaşdırmasına geniş imkan yaradır.



