Buraxılış imtahanında suallar çətin salınıb? – İddialara DİM-dən münasibət
Dünən 11-ci sinif şagirdləri üçün ölkə üzrə keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə və təhsil ictimaiyyətində müzakirələr başlayıb. Bəzi şagirdlər və təhsil mütəxəssisləri imtahana salınan sualların ayrılan vaxtla tam mütənasib olmadığını, ötən illərlə müqayisədə daha çətin olduğunu iddia ediblər. Xüsusilə açıq tipli sualların cavablandırılmasının daha çox vaxt apardığı ilə bağlı fikirlər səsləndirilib.
Səsləndirilən iddialarla bağlı Dövlət İmtahan Mərkəzi məsələyə münasibət bildirib.
DİM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən çox aydın metodiki çərçivəyə istinad olunur. Bu çərçivəyə ölkədə qüvvədə olan təhsil proqramları, dərsliklər və həmin materiallar əsasında hazırlanmış buraxılış imtahanı proqramları daxildir. İmtahan sualları da məhz bu sənədlər nəzərə alınaraq hazırlanır.
Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə qeyd olunub ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün asan, orta və çətin suallardan istifadə edilir. Bildirilib ki, imtahan yalnız zəif və orta hazırlıqlı deyil, həm də yaxşı hazırlaşmış iştirakçıların bilik səviyyəsini müəyyənləşdirməyə xidmət etməlidir.
Mərkəz həmçinin vurğulayıb ki, imtahanın asan və ya çətin olması nisbi məsələdir və bu, iştirakçının hazırlıq səviyyəsindən asılı olaraq dəyişə bilər: "Hər hansı tapşırıq bəzi iştirakçılar üçün çətin, digərləri üçün isə asan ola bilər. Ənənəvi təhlillər isə göstərir ki, bəzən test tapşırıqlarının çətin olması ilə bağlı səsləndirilən fikirlər həqiqətə uyğun olmur".
DİM-dən bildirilib ki, imtahan nəticələri hələ elan olunmayıb və bu səbəbdən konkret qiymətləndirmə aparmaq mümkün deyil: "İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunacaq.
Dövlət İmtahan Mərkəzi imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını saytına və sosial şəbəkə hesablarına yerləşdirir. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir", – deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, martın 15-də keçiriləcək növbəti buraxılış imtahanı da eyni səviyyədə təşkil olunacaq.



