Buraxılış və qəbul imtahanlarında xarici dili dəyişmək mümkündürmü? - RƏSMİ CAVAB
“Buraxılış imtahanında məktəblərdə keçirilən xarici dillə bağlı dəyişiklik etmək istəyənlər olur. Bəzi şagirdlər başqa bir xarici dildən imtahan vermək və onu daha yaxşı bildiklərinə görə müsabiqədə məhz həmin ikinci xarici dillə iştirak etmək istəyirlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavari deyib.
Onun sözlərinə görə, buraxılış imtahanlarında şagirdlər məhz məktəbdə keçdikləri xarici dildən imtahan verməlidirlər və bunu dəyişmək olmaz. Çünki buraxılış imtahanları qəbul imtahanlarının birinci mərhələsi hesab olunur və qəbul imtahanında toplanılan maksimal balın bir hissəsi məhz bu imtahanda formalaşır. Buraxılış imtahanının əsas məqsədi məktəbdə qazanılan biliklərin qiymətləndirilməsidir: “Ona görə də məktəb sizə hansı dili tədris edibsə, buraxılış imtahanını da həmin dildən verməlisiniz. Burada dəyişiklik imkanı yoxdur.
Amma abituriyent olaraq ali məktəbə qəbul zamanı siz başqa bir xarici dildən imtahan vermək istəyirsinizsə, bu, mümkündür. Bunun üçün şagirdlər martın 5-dək müvafiq qaydada seçim etməlidirlər və fərq imtahanı verməli olacaqlar. Bu imtahanın tarixləri artıq müəyyən olunub və saytımızda yerləşdirilib. Təsdiqlənmiş tarixlər cədvəl və qrafikdə göstərilib. Həmin qrafikə əsasən, belə abituriyentlər aprelin 19-da imtahan verəcəklər.
Məsələn, məktəbdə sizə rus, alman və ya fransız dili tədris olunubsa, mart ayında buraxılış imtahanını həmin dildən verirsiniz və topladığınız bal qeydə alınır. Amma siz ingilis dilini daha yaxşı bildiyinizü düşünərək ondan imtahan vermək istəyirsinizsə, sizə aprelin 19-da ingilis dili (və ya seçdiyiniz başqa dil) üzrə əlavə imtahan vermək imkanı yaradılır.
Belə hallar da çox olur: abituriyentin qəbul olmaq istədiyi ali təhsil müəssisəsində tədris dili Azərbaycan dilidir, lakin o özü rus bölməsində oxuyub. Bu zaman o, mart ayında buraxılış imtahanını tədris dili kimi rus dilində verir. Amma Azərbaycan bölməsinə qəbul olmaq istəyirsə, əlavə olaraq Azərbaycan dili üzrə imtahan verməlidir”.



