"Çəkilən zəhmətin bəhrəsi olur" – Yüksək nəticə göstərən müəllimlər 

30 İyun, 2026 - 09:44
"Çəkilən zəhmətin bəhrəsi olur" – Yüksək nəticə göstərən müəllimlər 

Naxçıvanda ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsi keçirilib. 

"Azərbaycan müəllimi" yüksək nəticə göstərən müəllimlərlə həmsöhbət olub. 

İmtahanların sonuncu günündə ən yüksək nəticəni Heydər Əliyev adına tam orta məktəbin fiziki tərbiyə müəllimi Ceyhun Səfərli göstərib. 57 bal toplayan müəllim deyir ki, suallar çərçivə sənətinə və paylaşılan vebinarlara uyğun hazırlanıb:

"Orta, asan və çətin suallardan var idi. Çox da çətinlik çəkmədim. Çox uzun müddətdir ki, hazırlaşırdım. Ona görə də yaxşı nəticə əldə elədim.

Mənim sadəcə bir devizim var idi ki, çəkilən hər bir zəhmətin bəhrəsi var. Demək olar ki, 10 aydır hazırlaşırıq, oxuyuruq, özümüzü təşminləşdiririk, öz üzərimizdə işləyirik. Ən əsası da bunu müəllimlər komanda şəklində edirdik". 

8 ildir işləyən təhsilverən deyir ki, 50 baldan yuxarı nəticə göstərəcəyini gözləyib:

"Amma düşünürdüm ki, həyəcanlanıb az yaza bilərəm. Özümü toparladım və yaxşı yazdım. Müəllimlərə tövsiyəm odur ki, yüksək nəticə əldə etmək istəyirlərsə, hazırlıqlı olsunlar və həyəcanlanmasınlar". 

Sədərək kənd 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi İlkin Sadıqov isə 2020-ci ildə muxtar respublika üzrə MİQ-də ən yüksək nəticəni göstərib:

“Bu nəticə təkrarlandı və 56 bal toplaya bildim".

İmtahan isə onun üçün rahat keçib:

"İmtahan sualları nə çətin, nə də asan idi, orta səviyyəli suallar idi. Bu balı gözləyirdim, çünki hazırlamışdım. Müəllimlərə də tövsiyəm budur ki, hazırlaşıb bu hissi yaşasınlar. Çalışanın zəhməti heç vaxt yerdə qalmaz".