Cəlal Qasımov: İnsanlara sərmayə qoyduqda hər şeyə sərmayə qoymuş oluruq
"Hər bir ölkənin başlıca sərvəti onun əhalisidir. Digər bütün milli sərvətlər insanlar tərəfindən istifadə olunur, inkişaf etdirilir və idarə edilir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri "Paşa Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov "IE Liderlik və İnnovasiya" Mərkəzinin yaranmasına dair Anlaşma Memorandumunun imzalanması mərasimində söyləyib.
O bildirib ki, bu yeni təhsil mərkəzinin açılması Azərbaycan iqtisadiyyatını bilik, innovasiya və təhsilin qlobal ekosistemi ilə əlaqələndirmək üçün növbəti imkandır: "Keçən ilin dekabr ayında Madriddə yerləşən IE Universitetinə səfərimi xatırlayıram. Orada IE Universitetinin prezidenti ilə çox səmərəli görüş keçirdik və təhsilin gələcəyi ilə bağlı məhsuldar müzakirələr apardıq. Həmçinin IE-də təhsil alan, o cümlədən Azərbaycandan və daha geniş regiondan olan tələbələrlə birbaşa ünsiyyət qurmaq imkanım oldu.
Onların təhsilin gələcəyi, iqtisadiyyat, istedadların inkişafı və daxil olduqları dünyanın xarakteri ilə bağlı suallarının keyfiyyətini eşitmək məni çox məmnun etdi. Bu mübadilələr mənə sadə, lakin bəzən diqqətdən kənarda qalan bir həqiqəti xatırlatdı: biz insanlara sərmayə qoyduqda hər şeyə sərmayə qoymuş oluruq".
C.Qasımov qeyd edib ki, əgər biz əhalinin potensialının üzə çıxarılmasına töhfə verə bilsək, onların bacarıq və biliklərinin keyfiyyətini yüksəldə bilsək və ən əsası düşüncə tərzlərini gücləndirə bilsək, iqtisadiyyatın nə qədər daha sağlam və daha firavan ola biləcəyini təsəvvür etmək çətin deyil.



