Cəlilabadda kənd məktəblərinin yeni binaları istifadəyə verilib
Cəlilabad rayonunda təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində Musalı və Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəblərinin yeni binaları Bilik Günündə istifadəyə verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, hər iki məktəbdə tikinti işləri tam yekunlaşdırılıb və yeni tədris ilindən şagird və pedaqoji heyətin istifadəsinə verilib.
180 şagird yerlik, iki mərtəbəli Musalı kənd tam orta ümumtəhsil məktəbində 9 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM,əmək otaqları, ibtidai hərbi hazırlıq kabineti, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb. Məktəbin 292 kvadratmetr sahəyə malik qapalı idman zalı, müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi, həmçinin içməli su və yanğın təhlükəsizliyi üçün su anbarları istifadəyə hazır vəziyyətə gətirilib.
180 şagird yerlik Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbində isə 15 sinif otağı fəaliyyət göstərəcək. Bu məktəbdə də kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM, əmək otaqları, ibtidai hərbi hazırlıq kabineti, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.
Təhsil müəssisəsinin 288 kvadratmetr sahəyə malik qapalı idman zalı, oyun və idman meydançaları, açıq futbol sahəsi, eləcə də su təchizatı və yanğın təhlükəsizliyi sistemləri istifadəyə hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, müasir təhsil mühitinin formalaşdırılmasına xidmət edən bu layihələr məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə, şagirdlərin daha təhlükəsiz və əlverişli şəraitdə təhsil almasına imkan yaradacaq.




