Neftçala məktəbinin yüksək nəticəsinin arxasında nə dayanır?
Neftçalanın orta ümumtəhsil müəssisəsində tətbiq olunan tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli şagirdlərin ali məktəbə qəbul imtahanlarına daha məqsədyönlü və sistemli şəkildə hazırlanmasına imkan yaradıb. Layihə çərçivəsində şagirdlər yalnız məktəb proqramını mənimsəməklə kifayətlənməyib, seçdikləri ixtisas qrupları üzrə imtahanlara hazırlıq, sınaq imtahanları, monitorinqlər və psixoloji dəstək imkanlarından da yararlanırlar.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 2024-2025-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modeli ilk dəfə pilot layihə kimi Neftçala şəhəri humanitar fənlər təmayüllü “Muğan” liseyinin bazasında təşkil olunub. Həmin tədris ilində iki X sinif fəaliyyətə başlayıb. Onlardan biri III qrup üzrə humanitar təmayüllü sinif olub və burada 16 şagird, digəri isə I qrup üzrə texniki təmayüllü sinif olub və 15 şagird təhsil alıb.
2025-2026-cı tədris ilində isə layihə genişləndirilib və əlavə iki X sinif yaradılıb. Beləliklə, cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə iki X və iki XI sinif fəaliyyət göstərib. X siniflərdə 35, XI siniflərdə isə 23 şagird təhsil alıb. XI siniflərin buraxılış imtahanı üzrə orta göstəricisi 185 bal təşkil edib.
Layihə çərçivəsində şagirdlərin təlim-tərbiyəsi ilə 13 müəllim məşğul olub. Ən yüksək nəticə isə buraxılış və qəbul imtahanlarının ümumi nəticəsinə görə 662,6 bal olub.
2026–2027-ci tədris ilindən etibarən Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunacağı orta ümumi təhsil müəssisələrinin sayı 5-ə çatdırılıb.
Həmsöhbətimiz tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin ilk dəfə pilot layihə kimi tətbiq olunduğu Neftçala şəhəri humanitar fənlər təmayüllü “Muğan” liseyinin məzunları oldu.
“Adi məktəbdən əsas fərqi tədrisin daha məqsədyönlü olmasıdır”
Liseyin məzunu Nuridə Dadaşlı təmayül sinifdə təhsil almağını öz seçimi olduğunu deyir. Onun sözlərinə görə, yeni modelin əsas üstünlüklərindən biri yüksək nəticələri fərqlənən təcrübəli müəllimlərin cəlb olunmasıdır.
Hesab edir ki, layihənin digər ən mühüm üstünlüklərindən biri şagirdlərin seçdikləri ixtisas qrupuna uyğun fənlərə daha çox vaxt ayıra bilməsidir. Bu liseyin təmayül sinifləri adi məktəblərdən tədrisin təşkili baxımından xeyli fərqlənir. Burada əsas diqqət X və XI sinif şagirdlərinin ali məktəbə qəbul imtahanlarına hazırlanmasına yönəldilir: “Fənlərin sayının az olması həmin fənlərə daha çox dərs saatının ayrılmasına imkan verirdi. Bu da mövzuları daha yaxşı öyrənməyə, bilikləri möhkəmləndirməyə, test tapşırıqları işləməyə və imtahan tipli sınaqlarda özümüzü yoxlamağa şərait yaradırdı”.
Nuridə hüquq sahəsində ali təhsil almağı qarşısına məqsəd qoyub.
“Buradakı tədris yüksək nəticə göstərməyimə kömək etdi”
Liseyin məzunu Ramilə Zeynalovanın arzusu müəllim olmaqdır. O, dərs öyrənməyi və öyrətməyi sevdiyini bildirir.Onun sözlərinə görə oxuduğu təmayül sinifdə dərslərin daha maraqlı və səmərəli keçirilməsi üçün hər cür şərait yaradılmışdı: “Əlbəttə, bu sinifdə təhsil almağımın mənim üçün böyük xeyri oldu. Buradakı tədris yüksək nəticə göstərməyimə kömək etdi”.
“Müəllimlərin fərdi yanaşması mənim üçün böyük üstünlük idi”
III qrup üzrə imtahan verib və hüquqşünaslıq istiqamətində təhsil almaq istəyən digər məzun Ceyhun Zeynallı da belə bir tədris mühiti olan sinifdə oxumağından məmnun qaldığını deyir.

Onun fikrincə, təmayül sinifdə tədris prosesi daha sistemli və məqsədyönlü təşkil olunur.Şagirdlərin təhsilinə, nəticələrinə və inkişafına xüsusi diqqətin ayrılması yeni təmayül tədris modelinin əsas üstünlüklərindəndir: “Təmayül sinifdə oxumaq mənə vaxtımı daha düzgün bölməyi, məsuliyyətli olmağı öyrətdi. Nəyi, nə üçün və hansı vaxtda etməli olduğumu daha yaxşı bilirəm.Müəllimlərin fərdi yanaşması mənim üçün böyük üstünlük idi”.




