Sistemli hazırlığın nəticəsi: Tarix müəllimliyinə namizəd yüksək bal topladı

17 İyul, 2026 - 15:21
Sistemli hazırlığın nəticəsi: Tarix müəllimliyinə namizəd yüksək bal topladı

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test mərhələsi davam edir. İmtahanda yüksək nəticə göstərən namizədlərdən biri də tarix fənni üzrə 98,75 bal toplayan Rəcəb Zeynallıdır.

"Azərbaycan müəllimi"nə danışan Rəcəb Zeynallı bildirib ki, o, 2023-cü ildə Bakı Dövlət Universitetinin tarix ixtisasını bitirib.
Universiteti başa vurduqdan sonra hərbi xidmət keçib və müəllim kimi fəaliyyətə başlamaq məqsədilə MİQ müsabiqəsində iştirak edib.

Onun sözlərinə görə, ilk dəfə 2025-ci ildə MİQ imtahanına qatılıb və 85 bal toplayıb və doğma rayonu Biləsuvarda işləmək istəyib. Lakin vakant yer olmadığından müəllim kimi fəaliyyətə başlaya bilməyib. Hazırlığını dayandırmayan namizəd bu il imtahanda nəticəsini daha da yaxşılaşdıraraq 98,75 bal toplayıb. O, yalnız kurikulum üzrə bildiyi bir sualı səhv cavablandırdığını bildirib. Rəcəb Zeynallının sözlərinə görə, əldə etdiyi uğurun arxasında planlı və ardıcıl hazırlıq dayanır.

"İmtahana hər gün sistemli şəkildə hazırlaşırdım. Suallar asan, orta və çətin olmaqla müxtəlif səviyyələrdə idi. İmtahan prosesində normal şərait yaradılmışdı", – deyə o qeyd edib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test mərhələsi Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 6 imtahan mərkəzində keçirilir.