"Özünüzə inanın və planlı hazırlaşın" - MİQ-də uğur qazanan müəllimlər

17 İyul, 2026 - 11:54
"Özünüzə inanın və planlı hazırlaşın"

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test mərhələsi davam edir. MİQ imtahanları Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 6 imtahan mərkəzində keçirilir.

"Azərbaycan müəllimi" imtahanda yüksək nəticə göstərən bir neçə müəllimlə həmsöhbət olub. Onlar əldə etdikləri uğurlardan, imtahana hazırlıq prosesindən söz açıblar və gələcək namizədlərə tövsiyələrini veriblər. 

"İmtahan normal təşkil olunmuşdu”

Fiziki tərbiyə müəllimi Cavid İbayev ilk dəfə 2025-ci ildə MİQ imtahanında iştirak edərək 50 bal toplayıb və Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbində, həmçinin müqavilə əsasında Şirvan şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyətə başlayıb.

Cavid müəllim bu il MİQ imtahanında yenidən iştirak edərək 95 bal topladığını söyləyib. Onun sözlərinə görə, imtahan normal təşkil olunmuşdu, sualların əksəriyyəti düşündürücü idi. 

"İnanmaq uğurun yarısıdır"

Təsviri incəsənət müəllimi Vüsalə Cavadova 2023-cü ildə MİQ imtahanında 83,75 bal toplayaraq Salyan rayon Qarabağlı kənd N.Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində işləməyə başlayıb. O, builki imtahanda nəticəsini daha da yaxşılaşdıraraq 90 bal toplayıb.

Vüsalə müəllim qeyd edib ki, yüksək nəticənin əsasında zəhmət və özünəinam dayanır. Onun sözlərinə görə, imtahan prosesi şəffaf keçirilib. Vüsalə gələcək namizədlərə özlərinə inanmağı tövsiyə edir: “İnanmaq uğurun yarısıdır və yüksək nəticə zəhmət sayəsində qazanılır”. 

“İntizamlı hazırlıq, davamlı çalışma”

MİQ imtahanında 89 bal toplayan Elşad Qasımlı da yüksək nəticəsini sistemli hazırlıqla əlaqələndirib. O bildirib ki, imtahana planlı və intizamlı şəkildə hazırlaşıb, səhvlərini analiz edərək zəif olduğu mövzular üzərində daha çox çalışıb.

Elşad müəllimin sözlərinə görə, imtahanın əvvəlində həyəcan keçirsə də, sonradan diqqətini tam toplayaraq vaxtını düzgün bölüşdürməklə sualları rahat işləyib. O qeyd edib ki, suallar proqram çərçivəsində idi və yaxşı hazırlaşan namizədlər üçün cavablandırılması mümkün səviyyədə hazırlanmışdı. 

Elşad Qasımlı gələcək MİQ iştirakçılarına hazırlığa erkən başlamağı, çoxlu sınaq imtahanı işləməyi, imtahan günü həyəcanın onları idarə etməsinə imkan verməməyi tövsiyə edib.

Onun fikrincə, yüksək nəticənin sirri intizamlı hazırlıq, davamlı çalışma və özünə inamdan keçir.