Şirvan-Salyan üzrə ən yüksək balı Biləsuvar məktəbinin məzunu toplayıb
2025-2026-cı tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 74 məzun 600 baldan yuxarı nəticə göstərib.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq regional idarədən bildirilib.
Qeyd olunub ki, 600 baldan yuxarı nəticə göstərən məzunların 12-si Biləsuvar, 4-ü Hacıqabul, 14-ü Neftçala, 19-u Salyan rayonlarının, 25-i isə Şirvan şəhərinin payına düşür.
Region üzrə ən yüksək nəticəni Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Xədicəyi-Kübra Ağazadə göstərib. O, buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 685 bal toplayıb.
Salyan rayonu üzrə ən yüksək nəticə Elxan Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbinin məzunu Gülarə Qasımovaya məxsusdur.Onun topladığı bal 681,5 olub.
Neftçala şəhərində ən yüksək nəticəni Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Məsud Abdullayev göstərib. O, imtahanlarda 673 bal toplayıb.
Şirvan şəhəri üzrə ən yüksək nəticə 21 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Rüfət Əkbərliyə məxsus olub. Adıçəkilən təhsil ocağının məzununun balı 666,3-dür.
Hacıqabul rayonu üzrə isə ən yüksək nəticəni Ayaz Baxşəliyev adına Şorbaçı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Zümrüd Həsənova göstərib. Onun topladığı bal 652 olub.




