Rayon birincisi olan kənd məktəbində tədris necə təşkil olunur?

22 Oktyabr, 2026 - 17:06
Rayon birincisi olan kənd məktəbində tədris necə təşkil olunur?

Kənd məktəblərində tədrisin təşkili, şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi və onların növbəti təhsil pilləsinə hazırlanması gündəlik pedaqoji işin əsas istiqamətlərindəndir. Bu prosesdə müəllimlərin tətbiq etdiyi təlim üsulları, şagirdlərlə fərdi iş və məktəbdə yaradılan tədris mühiti mühüm rol oynayır.

Biləsuvar rayonunun şəhid Təyyar Əliyev adına Yuxarı Cürəli kənd tam orta ümumtəhsil məktəbində də tədris prosesi bu istiqamətlər üzrə qurulur. Təhsil müəssisəsinin fəaliyyətinin əsas göstəricilərindən biri IX və XI siniflər üzrə buraxılış imtahanlarında Biləsuvar rayonu məktəbləri arasında əldə etdiyi nəticələr, eləcə də məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəriciləridir.

Bəs məktəbdə dərslər necə təşkil olunur, müəllimlər şagirdlərin öyrənmə çətinliklərini aradan qaldırmaq üçün hansı üsullardan istifadə edirlər? 

“Azərbaycan müəllimi” Yuxarı Cürəli kənd məktəbinin tədris təcrübəsini araşdırıb. Məktəbdə təlim prosesinin təşkili, müəllimlərin fəaliyyətinə, şagirdlərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə nəzər salınıb.

Tədrisin təşkili və məktəbin nəticələri

Məktəbin direktoru Elçin Qənbərovun sözlərinə görə, orta ümumtəhsil müəssisəsinin əsası 1985-ci ildə qoyulub. Hazırda təhsil ocağında 263 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur.

Məktəbdə tədris prosesinin təşkili zamanı şagirdlərin bilik səviyyəsinin izlənilməsi, fənlərin mənimsənilməsində yaranan çətinliklərin müəyyənləşdirilməsi və buraxılış siniflərinin imtahanlara hazırlanması diqqət mərkəzində saxlanılır.

Məktəbin IX və XI siniflər üzrə buraxılış imtahanlarında nəticələri bir neçə ildir rayon üzrə ön sırada yer alır. Təhsil müəssisəsi 2021–2022-ci tədris ilindən XI, 2022–2023-cü tədris ilindən isə IX siniflər üzrə buraxılış imtahanlarında Biləsuvar rayonu məktəbləri arasında ilk pillədə qərarlaşıb.

Ali məktəblərə  qəbul göstəriciləri də məktəbin nəticələri arasında yer alır. Cari ildə məktəbin 13 məzunu ali məktəbə sənəd verib və hamısı ali təhsil müəssisələrinə qəbul olunub. Məzun Aydan Məmmədzadə 671 bal toplayaraq hazırda Azərbaycan Tibb Universitetində təhsil alır.

Təbii ki, bu nəticələrin arxasında müəllimlərin gündəlik dərs fəaliyyəti, şagirdlərin hazırlıq prosesi və tədrisin təşkili dayanır. Müxtəlif fənlər üzrə müəllimlər şagirdlərin mövzuları mənimsəməsinə, biliklərini tətbiq etməsinə və müstəqil işləmək bacarıqlarının inkişafına yönəlmiş üsullardan istifadə edirlər.

İngilis dilinin praktik öyrədilməsi

Məktəbin ingilis dili müəllimi Azər Əliyev 24 ildir pedaqoji fəaliyyətlə məşğuldur. O, müəllimlik fəaliyyəti ilə yanaşı, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrində iştirak edib, bir neçə dəfə layihə qalibi və təlimçi olub.

İngilis dili dərslərində müəllimin əsas diqqət yetirdiyi məsələlərdən biri şagirdlərin öyrəndikləri söz və qrammatik qaydaları ünsiyyətdə tətbiq etməsidir. Bunun üçün dərslərdə ingilis dilində dialoqlardan, dinləmə materiallarından, qısa filmlərdən və müxtəlif mövzular üzrə tapşırıqlardan istifadə olunur.

Azər Əliyev şagirdlərin danışıq bacarıqlarını inkişaf etdirmək üçün onlarla ingilis dilində ünsiyyət qurur. Şagirdlər maraqlandıqları mövzular üzrə dialoqlar və mətnlər hazırlayır, öyrəndikləri ifadələri praktik şəkildə işlətməyə çalışırlar.

Müəllimin sözlərinə görə, dərslərdə şagirdlərin fərdi maraqlarını nəzərə almaq onların öyrənmə prosesində iştirakına təsir edir. Müxtəlif tapşırıqlar vasitəsilə həm söz ehtiyatının artırılmasına, həm də dinləmə, danışıq və yazı bacarıqlarının inkişafına çalışılır.
Azər müəllim şagirdlərlə ixtisas seçimi barədə də söhbətlər aparır. O, peşələr və karyera imkanları haqqında məlumatların şagirdlərin gələcək planlarını müəyyənləşdirməsinə kömək etdiyini düşünür.

Müəllim hesab edir ki, şagirdlərin hazırlığı yalnız imtahan proqramının mənimsənilməsi ilə məhdudlaşmamalıdır. Onların qazandıqları bilikləri gündəlik ünsiyyətdə və gələcək təhsil həyatında tətbiq etməsi də vacibdir.

Riyaziyyat dərslərində öyrənmə çətinlikləri necə aradan qaldırılır?

Məktəbin riyaziyyat müəllimi Yaşar Hüseynovun 26 illik pedaqoji təcrübəsi var. Onun dərslərində şagirdlərin mövzuları hansı səviyyədə mənimsəməsi nəzərə alınır, çətinlik çəkdikləri məsələlər üzərində əlavə iş aparılır.

Riyaziyyatın tədrisində mövzuların ardıcıllığı və əvvəlki biliklərin yeni mövzularla əlaqəsi xüsusi əhəmiyyət daşıyır. Şagird müəyyən anlayışı mənimsəmədikdə növbəti mövzuları öyrənməkdə də çətinlik çəkə bilər. Buna görə də dərs prosesində mənimsəmə səviyyəsinin müəyyənləşdirilməsi və ehtiyac yarandıqda əlavə izahların verilməsi vacibdir.

Yaşar Hüseynov şagirdlərin bilik səviyyəsini müəyyənləşdirmək üçün diaqnostik qiymətləndirmənin nəticələrindən istifadə edir. Dərs planlarını hazırlayarkən onların öyrənmə ehtiyaclarını nəzərə alır, çətinlik yaranan mövzulara yenidən qayıdır və əlavə tapşırıqlar verir.

Müəllimin yanaşmasında şagirdlərin fərdi öyrənmə tempinin nəzərə alınması da mühüm yer tutur. Mövzunu tez mənimsəyən şagirdlərlə yanaşı, əlavə izaha ehtiyacı olan uşaqlarla da işləmək tələb olunur. Bu zaman məqsəd yalnız tapşırığın düzgün cavabını əldə etmək deyil, şagirdin həll yolunu başa düşməsi və oxşar məsələləri müstəqil həll edə bilməsidir.
Dərslərdə sual-cavab və məsələ həlli vasitəsilə şagirdlərin məntiqi düşünmə bacarıqlarının inkişafına da diqqət yetirilir. Şagirdin səhv cavabının səbəbini müəyyənləşdirmək, həll prosesində buraxdığı nöqsanları izah etmək və düzgün yanaşmanı göstərmək təlim prosesinin  əsas istiqamətlərindəndir. 

Bu iş üsulları riyaziyyatın mənimsənilməsində yaranan çətinliklərin vaxtında müəyyənləşdirilməsinə və şagirdlərin biliklərinin möhkəmləndirilməsinə yönəlib.

Azərbaycan dili və ədəbiyyat dərslərində fəal öyrənmə

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nurəngiz Ağayeva 15 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Dərslərində şagirdlərin mövzuları mənimsəməsi ilə yanaşı, fikirlərini sərbəst ifadə etməsi, mətnləri təhlil etməsi və müstəqil düşünməsi üçün müxtəlif üsullardan istifadə edir.

Müəllim dərslərdə beyin həmləsi, qrup işi, müzakirə, rollu oyun və interaktiv sual-cavab metodlarını tətbiq edir. Bu üsullar şagirdlərin dərsdə fəal iştirakına, mövzu ilə bağlı fikirlərini bölüşməsinə və öyrəndiklərini müzakirələr zamanı əsaslandırmasına imkan yaradır.

Azərbaycan dili dərslərində dil qaydalarının mənimsənilməsi, onların yazılı və şifahi nitqdə tətbiqi əsas istiqamətlərdəndir. Ədəbiyyat dərslərində isə əsərlərin məzmunu ilə yanaşı, obrazların davranışlarının, hadisələrin və müəllif mövqeyinin müzakirəsinə yer verilir.

Nurəngiz Ağayeva tapşırıqları hazırlayarkən şagirdlərin bilik və bacarıqlarını nəzərə alır. Məqsəd onların yalnız hazır məlumatı yadda saxlaması deyil, öyrəndiklərini izah etməsi, suallara müstəqil cavab verməsi və öz fikrini ifadə edə bilməsidir.
Təcrübəli müəllim mütaliəyə marağın artırılmasını da tədrisin vacib istiqamətlərindən biri hesab edir. Mətnlərin müzakirəsi və şagirdlərin fikirlərini bölüşməsi onların söz ehtiyatının genişlənməsinə, nitq bacarıqlarının inkişafına və oxuduqlarını anlama səviyyəsinin yüksəlməsinə xidmət edir.