Müəllimlik sevgisi onu yenidən sinfə qaytardı

27 İyul, 2026 - 09:11
Müəllimlik sevgisi onu yenidən sinfə qaytardı

Haqqında söz açacağımız Əli Abdullayev ilk fəaliyyətinə müəllimliklə başlasa da sonradan başqa bir sahədə çalışıb. Və illər sonra yenidən öz istəyi ilə təhsil sahəsinə qayıdaraq müəllimlik fəaliyyətini davam etdirməyə qərar verir.

"Azərbaycan müəllimi" bu dəfə oxucularını maraqlı həyat yolu olan kimya müəllimi Əli Abdullayevlə yaxından tanış edir.

Biləsuvar rayonunun Nərmankənd kəndində anadan olan Əli Abdullayev Şirin Heydərov adına Nərmankənd kənd tam orta məktəbini bitirib. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində “Kimya müəllimliyi” ixtisası üzrə alıb. 2014-cü ildə müəllimlərin işə qəbulu müsabiqəsində (MİQ) uğurlu nəticə göstərərək, Biləsuvar rayonu Çaylı kənd tam orta məktəbində kimya müəllimi fəaliyyətə başlayır.Sonradan həyat onu başqa bir məsuliyyətli peşəyə istiqamətləndirir.

Əli Abdullayev uzun illərdən sonra doğma peşəsinə - müəllimliyə qayıdır. 2025-ci ildə MİQ-də yenidən iştirak edərək 82,75 bal toplayır və Biləsuvar rayonu Nəsimi kənd tam orta məktəbində kimya müəllimi olaraq fəaliyyətə başlayır. Hazırda da həmin məktəbdə çalışır. 

Əli müəllim hesab edir ki, şagirdlər kimyanı yalnız düsturlar və reaksiyalar toplusu kimi deyil, gündəlik həyatın ayrılmaz hissəsi kimi öyrənməlidirlər. Bu məqsədlə dərslərində real həyatdan nümunələr gətirir, müxtəlif təcrübələr nümayiş etdirir, əyani vəsaitlərdən və maraqlı suallardan istifadə edir. Onun fikrincə, ən böyük uğur şagirdlərin növbəti dərsi maraqla gözləməsidir.

Müasir tədris metodlarına üstünlük verən müəllim qrup işləri, problem əsaslı öyrənmə, beyin həmləsi, oyun elementləri, müzakirələr, animasiyalar, vizual təqdimatlar və rəqəmsal platformalardan geniş istifadə edir. Bu yanaşma şagirdlərin mövzunu daha dərindən mənimsəməsinə və əldə etdikləri bilikləri uzun müddət yadda saxlamasına kömək edir.

Gələcək planlarından danışan Əli Abdullayev bildirir ki, əsas məqsədi şagirdlərdə kimya elminə marağı artırmaq, onları uğurlu şagirdlər olaraq yetişdirməkdir. 

Əli Abdullayevin həyat yolu göstərir ki, insan hansı peşəni seçməsindən asılı olmayaraq, əsas məqsədi cəmiyyətə fayda verməkdir. O, kimya fənnini şagirdlərinə sevdirərək, onların elmə marağını artırmağa və gələcəyin savadlı, vətənpərvər gənclərinin yetişməsinə töhfə verməyə davam edir.