“Unudulmaz anlar idi” – Evdə təhsil alan şagirdlər üçün xüsusi təşəbbüs
Salyan rayonunda sağlamlıq imkanları məhdud, evdə təhsil alan şagirdlərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə xüsusi tədbir keçirilib.
Tədbirin əsas məqsədi evdə təhsil alan şagirdlərin sosiallaşmasına şərait yaratmaq, onlarda özünəinamı artırmaq, yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq və bayram sevincini onlarla bölüşmək olub.
Burada uşaqlar öz istedad və bacarıqlarını da nümayiş etdirmək imkanı əldə ediblər.
Layihənin rəhbəri Ədilə Səfərzadə "Azərbaycan müəllimi"nə açıqlamasında bildirib ki, bu təşəbbüs ölkədə ilk dəfə həyata keçirilib:
“Mənim də evdə təhsil alan şagirdim var idi və bu uşaqlar üçün xüsusi tədbir təşkil etmək ideyası yarandı. Bu məqsədlə Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyinə müraciət etdik və layihəyə böyük dəstək göstərərək onun həyata keçirilməsinə şərait yaratdılar”.
Ə.Səfərzadənin sözlərinə görə, daha sonra evdə təhsil alan şagirdlərin siyahısı hazırlanıb, valideynlərlə əlaqə saxlanılıb və rayonun müxtəlif kəndlərində, o cümlədən ucqar yaşayış məntəqələrində yaşayan uşaqlarla görüşlər keçirilib.
“Şagirdlərlə yaxından tanış olduq, onların istedadlarını müəyyənləşdirdik, şeir və musiqi nömrələri hazırladıq. Tədbir günü uşaqlar böyük həvəslə çıxış etdilər, öz bacarıqlarını nümayiş etdirdilər və unudulmaz anlar yaşadılar”, – deyə layihə rəhbəri bildirib.
Tədbirlə bağlı fikirlərini bölüşən valideynlər də təşəbbüsü yüksək qiymətləndiriblər.
Valideyn Arzu Şahverdiyevanın sözlərinə görə, övladı artıq beş ildir ki, evdə təhsil alır:
“Bu tədbirlə bağlı çox xoş sözlər demək olar. Təşkilatçılıq, uşaqlara göstərilən diqqət və qayğı, onların sevinməsi bizi çox məmnun etdi. Xüsusilə belə bir tədbirin məhz xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunması həm oğlumu, həm də məni sevindirdi. İstərdim ki, bu cür tədbirlər daha çox keçirilsin. Uşaqlar özlərinə qapanmasın, bir-biriləri ilə tanış olsunlar, ünsiyyət qursunlar və bilsinlər ki, onları sevən, dəstəkləyən müəllimlər var”.
Digər valideyn Mənsurə Həsənova isə tədbirin uşaqlarda xoş təəssüratlar yaratdığını vurğulayıb:
“İnanıram ki, belə tədbirlər tez-tez keçiriləcək. Uşaqlar öz bacarıqlarını böyük sevinclə nümayiş etdirdilər. Tədbir xoş anlar və gözəl xatirələrlə yadda qaldı, gox gözəl tədbir oldu”.
Tədbirin sonunda Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev tərəfindən uşaqlara ünvanlanmış təşəkkürnamələr və müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu layihə evdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin cəmiyyətə inteqrasiyasına, onların sosial fəallığının artırılmasına və potensiallarının üzə çıxarılmasına xidmət edən mühüm təşəbbüs kimi iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.



