Düzgün yanaşma, böyük zəhmət və yüksək nəticə
Kənd məktəbləri arasında təhsildə əldə etdiyi uğurlarla seçilən təhsil müəssisələrindən biri də Biləsuvar rayonunun Aşağı Cürəli kənd tam orta ümumtəhsil məktəbidir. 90 illik tarixi olan məktəb illər ərzində yüzlərlə şagirdin təhsil almasına, onların ali məktəblərə qəbul olunmasına və müxtəlif sahələrdə uğur qazanmasına töhfə verib.
Məktəbin direktoru Ramil Hüseynovun "Azərbaycan müəllimi"nə verdiyi məlumata görə, Biləsuvar rayonunun Aşağı Cürəli kənd tam orta ümumtəhsil məktəbinin əsası 1936-cı ildə qoyulub. Təhsil müəssisəsi üçün 2014-cü ildə yeni məktəb binası inşa edilib.Hazırda burada 602 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 45 nəfərlik pedaqoji heyət məşğul olur.
Məktəb təhsil sahəsində əldə etdiyi uğurlarla seçilir.Belə ki, 2024–2025-ci tədris ilində məktəbin məzunu Xanımgül Abışova 680 bal toplayaraq Biləsuvar rayonunda ən yüksək nəticəni göstərib.
Təhsil müəssisəsi 2025–2026-cı tədris ili üzrə keçirilən qəbul imtahanlarında da kənd məktəbləri arasında seçilib. DİM-in 2025-2026-cı tədris ili üzrə qəbul kampaniyasının nəticələri ilə əlaqədar hazırladığı "Abituriyent" jurnalının 12-ci sayında Biləsuvar rayonu Aşağı Cürəli kənd tam orta məktəbinin məzunlarının tarix fənni üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən və bu istiqamətdə fərqlənən təhsil müəssisələri sırasında yer alıb.
Bu uğurların əldə olunmasında müəllim əməyinin, şagirdlərin davamlı hazırlığının, məktəb rəhbərliyinin dəstəyinin və müasir tədris metodlarından düzgün istifadənin mühüm rolu var.
Məktəbin tarix müəllimi Elçin Ağakişiyev bildirib ki, 25 illik pedaqoji fəaliyyəti ərzində əsas məqsədi şagirdlərə tarix elminin dərinliklərini mənimsətməklə yanaşı, onlarda vətənpərvərlik hisslərini gücləndirmək, analitik və tənqidi təfəkkür formalaşdırmaq olub.
O, müəllimlərin peşəkar inkişafı və bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə keçirilən 2026-cı il sertifikasiya imtahanında 55 bal toplayıb.
Müəllimin sözlərinə görə, şagirdlərinin qəbul imtahanlarında yüksək nəticələr göstərərək məktəbi qabaqcıl təhsil müəssisələri sırasına yüksəltmələri böyük qürur mənbəyidir. Onun fikrincə, bu uğur yalnız bir müəllimin deyil, şagirdlərin əzmkarlığının, valideynlərin dəstəyinin, məktəb rəhbərliyinin diqqətinin və kollektivin birgə fəaliyyətinin nəticəsidir.
Elçin Ağakişiyev hesab edir ki, tarix fənninin tədrisində uğurun əsas şərtlərindən biri mövzuların yalnız tarix və faktların əzbərlənməsi üzərində qurulmamasıdır. Şagird tarixi hadisənin nə zaman baş verdiyini bilməklə yanaşı, həmin hadisənin səbəblərini, nəticələrini və digər tarixi proseslərlə əlaqəsini də anlamalıdır.
Qeyd edək ki, 2024–2025-ci tədris ilində Aşağı Cürəli kənd tam orta ümumtəhsil məktəbinin 16 məzunu tələbə adını qazanıb.




