Cəmiyyətin inkişafı innovasiya tərəqqisinin sürətlənməsi ilə xarakterizə olunur - Nazir müavini

3 Mart, 2026 - 11:29
Cəmiyyətin inkişafı innovasiya tərəqqisinin sürətlənməsi ilə xarakterizə olunur - Nazir müavini

"Bu gün əsas trend odur ki, məzun iş axtarmamalıdır, məzun iş yeri açmağı düşünməlidir. Bu gün “Sabahın alimləri” olaraq ayrı-ayrı layihələri təqdim edirsiniz. Siz layihələriniz əsasında innovasiyaya məhsul yarada bilməlisiniz. Məhsulunuz səmərə gətirərsə, o zaman innovasiyadır".  

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin rəsmi açılış mərasimində səsləndirib.

O bildirib ki, “Sabahın alimləri” layihəsi elm, yaradıcılıq, innovasiyalarla bağlıdır. Müasir cəmiyyətin inkişafı mərhələsi innovasiya tərəqqisinin sürətlənməsi ilə xarakterizə olunur və süni intellekt sistemləri bu prosesin əsas hərəkətverici qüvvələridir. “Müasir dövrdə daha çox müasir texnologiyaları inkişaf etdirən ölkələr ABŞ, Çin, Yaponiya və Cənubi Koreyadır. Bu ölkələr texnoloji inkişafın qabaqcıl ölkələridir. Araşdırmalar göstərir ki, qeyd etdiyim ölkələrdə ən yüksək texnoloji istiqamət süni intellektlə bağlıdır. Son məlumatlara görə, hazırda dünyada 600 mindən çox robotlaşmış sistemlər, 4 milyondan çox sənaye robotları var. Bu gün 10 min işçiyə Cənubi Koreyada 1100 robot düşür, bu da dünyada ən yüksək göstəricidir. Süni intellekt sistemlərinin inkişafı ölkənin rəqabət qabiliyyətinin artırılması, cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və gələcək risklərin minimuma endirilməsi baxımından ən mühüm strateji istiqamətlərdən biridir.

Süni intellekt insanlara düzgün yol göstərməyə çalışır. O, mənfi obraz yox, müsbət obrazdır. Sizdən tələb olunur ki, süni intellektə düzgün sual verəsiniz və o sizə düzgün yol göstərsin”, – deyə nazir müavini qeyd edib.