Cənubi Levantda qədim artefaktların olduğu daş kürələr tapılıb

13 Dekabr, 2024 - 09:37

Yerusəlim Yəhudi Universiteti və Təl-Əviv Universitetinin tədqiqatçıları arxeoloji artefaktların olduğu ən böyük mağara mirvari yatağı aşkar ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədqiqat materialları “Archaeometry” elmi jurnalında dərc olunub.

Mağara mirvarisi kürə formasında olur, qum dənələri və ya digər kiçik hissəciklər ətrafında kalsium karbonatın kristallaşması nəticəsində formalaşır. Mağara mirvarilərinin ölçüləri bir neçə millimetrdən 30 santimetrə qədər dəyişə bilər. Onların yaranması üçün xüsusi şərait tələb olunur: kalsiumla zəngin su, düz zəminə malik su hövzələri, həmçinin suyun hərəkəti və torpağın kimyəvi tərkibində dəyişikliklər.

Mütəxəssislər qeyd edirlər ki, insan fəaliyyəti izləri olan bu cür təbii yaranışların tapılması tarixdə ilk dəfədir. Alimlərin fikrincə, bu kəşf qədim texnologiyalar və mədəni təcrübələr haqqında daha çox məlumat əldə etməyə kömək edir. Daha əvvəl başqa bir arxeoloji kəşf maraq doğurmuşdu. Belə ki, çimərlikdə oynayan bir uşaq neandertallara aid balta tapmışdı.