Çexiyada məktəblərdə mobil telefondan istifadə qadağan edilir
Çexiyada 2027-ci ilin sentyabrından etibarən məktəbəqədər təhsil müəssisələrində, ibtidai məktəblərdə və aşağı siniflərdə mobil telefonlardan istifadənin qadağan olunması nəzərdə tutulur.
"Azərbaycan müəllimi" xəbər verir ki, Çexiya hökumətinin dəstəklədiyi qanun layihəsi parlament tərəfindən qəbul edilərsə, yeni qaydalar 2027-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.
Layihəyə əsasən, qadağa yalnız dərs vaxtını deyil, tənəffüsləri, məktəb yeməkxanalarında keçirilən vaxtı və məktəb ərazisində təşkil olunan könüllü fəaliyyətləri də əhatə edəcək.
Bununla yanaşı, tədris məqsədilə rəqəmsal texnologiyalardan istifadəyə məhdudiyyət qoyulmayacaq. Sağlamlıq vəziyyətinə görə mobil telefondan istifadə etməli olan uşaqlar üçün isə istisnalar nəzərdə tutulur.
Hökumət hesab edir ki, bu addım təlim mühitini yaxşılaşdıracaq, şagirdlər arasında birbaşa ünsiyyəti təşviq edəcək və smartfonlarla sosial medianın həddindən artıq istifadəsinin uşaqların psixi sağlamlığına mənfi təsirlərini azaltmağa kömək edəcək.




