Ceyhun Hüseynov: Xaricdə təhsil proqramı gənclərimiz üçün mühüm imkan yaradır
“Azərbaycanda gənclərin xaricdə təhsil alması ənənəsi hələ sovet dövründən mövcuddur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Azərbaycan Gənclər Fondunun icraçı direktoru Ceyhun Hüseynov “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin dövrdə ölkənin inkişafı üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir, hər il yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi.
C.Hüseynov qeyd edib ki, bu siyasət müstəqillik dövründə də davam etdirilib. Belə ki, Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən, 2007–2015-ci illəri əhatə edən “Xaricdə təhsil üzrə Dövlət Proqramı” hazırlanıb və minlərlə azərbaycanlı gəncin xaricdə nüfuzlu universitetlərdə təhsil almasına şərait yaradılıb.
O vurğulayıb ki, özü də vaxtilə həmin dövlət proqramının iştirakçısı olub və Rusiyanın paytaxtı Moskvada yerləşən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) təhsil alıb. Bu ali məktəb dünyanın tanınmış diplomatları və siyasətçilərinin yetişdiyi nüfuzlu universitetlərdən biridir.
C.Hüseynov qeyd edib ki, xaricdə təhsil almaq gənclər üçün böyük imkan olmaqla yanaşı, həm də onların bilik və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Bu təcrübə gələcəkdə gənclərin ölkənin inkişafına daha böyük töhfə verməsinə şərait yaradır.



