Çin universitetlərində islahatlar: 12 min bakalavr proqramı ləğv edildi

16 İyun, 2026 - 10:23
Çin universitetlərində islahatlar: 12 min bakalavr proqramı ləğv edildi

Çində ali təhsil sistemində genişmiqyaslı dəyişikliklər həyata keçirilir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, ölkə universitetlərində humanitar elmlər, incəsənət və xarici dillər üzrə 12 min bakalavr proqramı ləğv edilib və onların yerinə texnologiya yönümlü yeni proqramlar yaradılıb.

Dəyişikliklər Çinin süni intellekt əsaslı iqtisadiyyat qurmaq strategiyasının tərkib hissəsi hesab olunur. Çin Təhsil Nazirliyinin məlumatlarına əsasən, aparılan yenidənqurma universitetlərdə mövcud proqramların təxminən üçdə birini əhatə edib və milyonlarla tələbəyə təsir göstərib.

Məlumata görə, 2021–2025-ci illər ərzində ölkənin ali təhsil müəssisələrində 10 200 yeni bakalavr proqramı həyata keçirilib. Bu proqramlar əsasən süni intellekt, məlumat elmi və digər yüksək texnologiya sahələrinə yönəlib.

Bildirilir ki, bəzi universitet rəhbərləri humanitar və incəsənət sahələri üzrə proqramları əmək bazarının tələblərinə cavab verməyən və məzun sayı baxımından həddindən artıq çox olan istiqamətlər kimi qiymətləndirirlər. Əvəzində “embodied intelligence” (bədənləşdirilmiş intellekt) kimi yeni proqramların ölkənin iqtisadi inkişaf prioritetlərinə daha uyğun olduğu vurğulanır.

Çinin ali təhsil sistemindəki bu dəyişiklik dünyada süni intellektin tədris prosesinə inteqrasiyası istiqamətində həyata keçirilən təşəbbüslərin bir hissəsi hesab olunur.

Belə ki, Hindistan məktəb proqramlarına süni intellekt modulları daxil edib, Birləşmiş Ərəb Əmirlikləri Milli Süni İntellekt Təhsili Təşəbbüsünə start verib, Qazaxıstan isə süni intellektin tətbiqini milli inkişaf məsələsi kimi qiymətləndirərək yeni təhsil strategiyası hazırlayıb.

Avropada isə İspaniya “Digital Spain” strategiyası çərçivəsində tədris proqramlarını yeniləyərək süni intellekt savadlılığını əsas prioritetlərdən birinə çevirib.

Böyük Britaniyada da hökumət məktəb təhsilində məlumat elmi və süni intellekt üzrə yeni kvalifikasiyaların tətbiqi imkanlarını araşdırır. Ölkədə son on ilin ən böyük kurikulum islahatını əhatə edən yeni təhsil proqramının gələn il açıqlanacağı və 2028-ci ildən tətbiqinə başlanacağı gözlənilir.

Mütəxəssislərin fikrincə, bu tendensiya yaxın illərdə dünyanın bir çox ölkələrində universitet və məktəb proqramlarının əmək bazarının yeni tələblərinə uyğunlaşdırılmasını sürətləndirəcək.