Coşqun Dadaşov: QS 2026 nəticələri Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsini təsdiqləyir

1 Aprel, 2026 - 12:46
Coşqun Dadaşov: QS 2026 nəticələri Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsini təsdiqləyir

“Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu Öndər Heydər Əliyevin elm və təhsil ideyaları və həmin ideyalar üzərində formalaşan strateji kurs dayanır. Müasir Azərbaycan dövlətinin memarı tərəfindən əsası qoyulan bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Coşqun Dadaşov bildirib.

O qeyd edib ki, dövlət başçısının yüksək diqqəti, məqsədyönlü tapşırıqları və həyata keçirilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin formalaşmasına, mühüm nəticələrin əldə olunmasına xidmət edir.

Onun sözlərinə görə, Azərbaycanın 2026-cı il üzrə QS fənn reytinqində 7 universitetlə 22 sahə üzrə təmsil olunması ali təhsil sisteminin artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir:
“Bu nəticə ali təhsil mühitində yeni elmi yanaşmanın, innovativ tədris metodlarının tətbiqinin və beynəlxalq akademik inteqrasiyanın güclənməsinin bariz göstəricisidir. Eyni zamanda, bu nailiyyət ölkədə elmi-tədqiqat potensialının artdığını, universitetlərimizin qlobal rəqabət mühitində mövqelərini möhkəmləndirdiyini təsdiqləyir”.

Coşqun Dadaşov xüsusilə Azərbaycan Dillər Universitetinin bu reytinqdə əldə etdiyi uğura diqqət çəkib. O bildirib ki, “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin 2026-cı il üzrə nəticələrinə əsasən universitet “Müasir dillər” istiqaməti üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 151–200 aralığında qərarlaşıb.

Bununla yanaşı, universitet “Linqvistika” sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251–300-cü yerlər qrupunda yer alıb.

Rektor müşavirinin sözlərinə görə, bu nəticə universitetin akademik nüfuzunun, beynəlxalq elmi əməkdaşlıq sahəsində fəallığının, alimlərin tədqiqatlarının keyfiyyət göstəricilərinin və müasir təhsil çağırışlarına uyğun fəaliyyətinin məntiqi nəticəsidir.

O vurğulayıb ki, Azərbaycan Dillər Universiteti QS reytinqində 6 273 universitet arasında “Müasir dillər” istiqaməti üzrə 50 pillə irəliləməklə ölkənin ali təhsil məkanında öz mövqeyini bir daha təsdiqləyib.
Coşqun Dadaşov qeyd edib ki, universitetin rektoru, akademik Kamal Abdullanın rəhbərliyi altında əldə olunan bu uğur strateji idarəetmənin, akademik inkişaf xəttinin və beynəlxalq əlaqələrin gücləndirilməsinin nəticəsidir.

“Bu uğur universitetin beynəlxalq akademik məkanda mövqeyinin daha da möhkəmləndiyini göstərir. Fürsətdən istifadə edərək universitet kollektivini təbrik edir, onlara yeni nailiyyətlər arzulayıram”, – deyə o əlavə edib.