"Demo Day" tədbirinin qalibi olan startaplar Baku ID-də stend qazandı

23 İyul, 2026 - 11:01
"Demo Day" tədbirinin qalibi olan startaplar Baku ID-də stend qazandı

İyulun 21-də "SABAH.lab" və dünyanın aparıcı biznes məktəblərindən biri olan "IE Business School"un birgə təşkilatçılığı ilə növbəti mərhələnin "Demo Day" tədbiri keçirilib. İnnovasiya və sahibkarlıq ekosisteminin aparıcı nümayəndələrini bir araya gətirən tədbirdə ümumilikdə 12 startap komandası öz texnoloji və biznes layihələrini auditoriya qarşısında təqdim edib.

Tədbir çərçivəsində iştirakçı komandalar öz startap ideyalarını, biznes modellərini və gələcək inkişaf strategiyalarını vençur kapitalı fondlarının nümayəndələri, təcrübəli investorlar və sahə mütəxəssislərindən ibarət münsiflər heyətinə təqdim edərək sual-cavab sessiyasında iştirak ediblər.

Startap təqdimatları regionun və yerli ekosistemin tanınmış investorları və sahibkarları tərəfindən yüksək qiymətləndirilib. Tədbirin münsiflər heyətində aşağıdakı ekspertlər yer alıblar:

● Məsud Əlisoy – "SABAH.fund"
● Mənsur Paşayev – "Push30"
● Hüseyn Məhmudov – "InMerge Ventures"
● Mənsur Məmmədov – "Moonwake Investment"

Münsiflər heyətinin gərgin qiymətləndirməsi və auditoriyanın birbaşa səsverməsi nəticəsində tədbirin ən perspektivli komandaları müəyyən olunub:

● Münsiflər heyətinin seçimi üzrə: "SentryForge", "SmartFlow" və "Devlab" startapları qalib elan olunublar.
● Auditoriya səsverməsi üzrə: "VestoAI" startapı tədbir iştirakçılarının böyük rəğbətini qazanaraq auditoriya seçiminin qalibi olub.

Qalib gələn dörd komandaları ("SentryForge", "SmartFlow", "Devlab" və "VestoAI") regionun ən böyük innovasiya tədbirlərindən biri olan "Baku ID" çərçivəsində öz xüsusi stendləri ilə çıxış etmək və layihələrini investorlar qarşısında təqdim etmək imkanı qazanıblar.

Bundan əlavə, "Demo Day"də təqdimatla çıxış edən bütün 12 komandanın hər biri "Baku ID" tədbirinə giriş bileti ilə təmin olunub. Bu imkan startaplara qlobal investorlar, korporativ tərəfdaşlar və ekosistem liderləri ilə birbaşa şəbəkələşmə şəraiti yaradır.

Qeyd edək ki, "SABAH.HUB" İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən "SABAH.lab" gənclərin inkişafını, sahibkarlığı və innovasiyaları dəstəkləyən akselerasiya proqramları həyata keçirir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan platforma "IE Business School" ilə strateji əməkdaşlıq çərçivəsində reallaşdırılır və bu günə qədər yüzlərlə startapın formalaşmasına və inkişafına təkan verib.

"Baku ID" haqqında:

“Baku ID”, “SABAH.HUB” İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan, startaplara və investisiyalara yönəlmiş, Azərbaycanın aparıcı innovasiya tədbirlərindən biridir.

Platformaların fəaliyyəti və ən son yeniliklər barədə daha ətraflı məlumatı “SABAH.HUB” və “Baku ID” rəsmi internet səhifələrindən əldə edə bilərsiniz.

"Demo Day" tədbirinin qalibi olan startaplar Baku ID-də stend qazandı
"Demo Day" tədbirinin qalibi olan startaplar Baku ID-də stend qazandı
"Demo Day" tədbirinin qalibi olan startaplar Baku ID-də stend qazandı