Deputat: Xaricdə təhsil alanlar biliklərini Azərbaycanın inkişafına yönəltməlidirlər
“Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, son illər Prezident İlham Əliyevin tapşırıqları əsasında yeni ali təhsil müəssisələri yaradılır, mövcud universitetlərin infrastrukturu yenilənir və beynəlxalq əməkdaşlıq genişlənir.
O qeyd edib ki, ölkədə ali təhsil üzrə bir sıra beynəlxalq layihələr həyata keçirilir. Onların arasında ADA Universiteti, Azərbaycan‑Fransız Universiteti (UFAZ) və Azərbaycan–İtaliya Universiteti kimi təhsil müəssisələrinin yaradılması mühüm rol oynayır.
Deputatın sözlərinə görə, gənclərin xaricdə təhsil alması üçün yaradılan imkanlar dövlət tərəfindən təqdim edilən böyük fürsətdir. O vurğulayıb ki, dünyada hər ölkədə belə imkanlar mövcud deyil. Dövlət tərəfindən ayrılan vəsait gənclər üçün böyük etimad və məsuliyyət deməkdir.
“Dünyada elə bir ölkə yoxdur ki, təhsilə və biliklərə önəm vermədən inkişaf etsin. Bu gün inkişaf etmiş ölkələr həm də güclü universitetləri ilə seçilir”, – deyə deputat əlavə edib.
C. Məmmədov bildirib ki, hazırda qlobal miqyasda universitetlər arasında ciddi rəqabət mövcuddur. Onun sözlərinə görə, xüsusilə ABŞ, Böyük Britaniya, eləcə də son illərdə Çin və ərəb ölkələrinin universitetləri daha çox tələbə cəlb etməyə çalışır.
Deputat gənclərə müraciət edərək qeyd edib ki, xaricdə təhsil almaq böyük imkan olmaqla yanaşı, eyni zamanda böyük məsuliyyət də tələb edir. Onun sözlərinə görə, tələbələr ixtisas seçimində diqqətli olmalı, təhsil aldıqları ölkələrdə bütün imkanlardan istifadə etməli və əldə etdikləri bilik və təcrübəni Azərbaycanın inkişafına yönəltməlidirlər.
O əlavə edib ki, müasir dövrdə süni intellekt və yeni texnologiyaların inkişafı əmək bazarında ciddi dəyişikliklər yaradır və bu səbəbdən gənclər daim öz üzərində çalışmalı, rəqabətə hazır olmalıdırlar.



