Dərsdə əsas diqqət şagird şəxsiyyətinin formalaşmasına yönəlməlidir: tədqiqatçı-müəllim 

29 Dekabr, 2025 - 11:24
Dərsdə əsas diqqət şagird şəxsiyyətinin formalaşmasına yönəlməlidir:

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunan media nümayəndələri arasında ümumtəhsil müəssisələrində çalışan müəllimlərimiz də var. Onlardan biri də Bakıdakı 226 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyevadır. 

“Azərbaycan müəllimi”nə müsahibəsində tədqiqatçı–müəllim həm yubiley medalına layiq görülməsi, həm də pedaqoji fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. 

Tanıtım: Təranə Cəbiyeva 1968-ci il iyulun 21-də Bakı şəhərində anadan olub. 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsində, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda tarix fənni üzrə təhsil alıb. 

Tələbəlik illərindən başlayaraq pedaqoji əmək fəaliyyətinə başlayıb. 2001-ci ildən eyni zamanda “Şərqin səsi” qəzetinin redaksiyası ilə əməkdaşlıq etməyə başlayıb. Elə o vaxtdan da elmi, bədii və publisistik yaradıcılığı daha da genişlənib. “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Elm və təhsil” qəzetinin redaktor müavini vəzifəsinə irəli çəkilib.

“Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, “Qızıl Qələm”, “Vicdanlı Qələm” və bir sıra başqa mükafatlara layiq görülən T.Cəbiyeva dövri mətbuatda müntəzəm olaraq jurnalist, publisist, tarixçi kimi çıxış edib, Azərbaycanın maddi-mədəniyyət abidələri, Bakı kəndlərinin qədim tarixi, milli təhsilimizin problemləri, qabaqcıl pedaqoqlar, incəsənət, mədəniyyət xadimləri haqqında 1000-ə qədər məqaləsi çap olunub. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinə üzvüdür.

Tədqiqatçı-müəllim Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis olunmuş mətbuatın 150 illiyi yubiley medalı ilə təltif olunmağını böyük sevinclə qarşılayıb:        
                             
– Möhtərəm Prezidentimiz İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına təqdim olunmağım mənim üçün çox gözlənilməz oldu. Təsəvvür edin ki, 150 il şərəfli yol qət edən Azərbaycan mətbuatının fədakar jurnalistlərinin cərgəsində mənim də adım çəkilirsə, necə xoşbəxt anlar keçirməyim? Mən zəhmətimə verilən dəyərə və ən əsası yüksək mükafata görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, eyni zamanda Azərbaycan Respublikasının Medianın İnkişafı Ağentliyinin İcraçı direktoru Əhməd İsmayılova dərin təşəkkürümü bildirirəm.                                 

– Təəssüratlarınız necədir?  

– O gün həyatımın unudulmaz günü oldu. Həmin gün ailəmlə bərabər işlədiyim məktəbin rəhbəri Arzu Məmmədova, pedaqoji kollektiv, valideynlər də sevincimə şərik oldu. Mənim mətbuatda uzun müddət çalışmağımın səbəbi elə müəllim peşəmə olan məhəbbətdən qaynaqlanıb. İlk imzamı Atəşgah məbədi ilə bağlı yazıya qoymuşam. Tarix müəllimi işləmək, şagirdlərin qəlbinə yol tapmaq əlavə olaraq yaradıcılıqla məşğul olmaq həmişə mənim üçün vəhdət təşkil edib. Təsadüfi deyil ki, “Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən “Pedaqoji mühazirələr”də Bakı Şəhər Baş Təhsil İdarəsinin III dərəcəli, eləcə də respublika üzrə keçirilən pedaqoji mühazirədə Elm və Təhsil Nazirliyinin II dərəcəli Fəxri diplomuna layiq görülmüşəm.

– Medala layiq görülənlər arasında çox azsaylı müəllimlərdənsiniz. Bir müəllim kimi təhsil və mətbuat sahəsində fəaliyyətinizi necə əlaqələndirə bilirsiniz?     

– Mən təhsil sahəsində iş fəaliyyətimə 1988-ci ildə Suraxanı rayonundakı 79 nömrəli tam orta məktəbdə kitabxanaçı kimi başlamışam. 1998-ci ildə ildə Suraxanı rayonundakı 87 nömrəli tam orta məktəbə tarix müəllimi təyin olunmuşam. 2001-ci ildən bu günə qədər 226 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyirəm. Hər zaman pedaqoji fəaliyyətim dövründə dövlətimə və təhsilə şərəflə xidmət etmişəm. Bu illər ərzində gənc nəslin təlim və tərbiyəsində, şagirdlərimin bilikli, savadlı olmasına var gücümlə çalışmışam. Gələcəyimizin davamçıları olacaq şagirdlərimə vətənpərvərlik tərbiyəsini aşılamışam. Dərs prosesində şagirdlərimə yeni təlim texnologiyalarını tətbiq edərək, onlarda fənnimə qarşı maraq oyatmışam.     

2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Dövri mətbuatda təhsil sahəsinə həsr olunan çox sayda yazılarım işıq üzü görüb. Mən yenilik axtarışında olan müəllimlərin pedaqoji fəaliyyətindən həmişə örnək olaraq yazmışam. Qabaqcıl müəllimlərin nümunəvi dərslərində də iştirak etmişəm, bu haqda təəssüratlarım böyük olub. Zaman keçdikcə Bakı və onun ətraf kəndlərinin tarixi, milli mənəvi dəyərlərimizin qorunması, memarlıq abidələri daha çox diqqətimi cəlb etdi. Xatırlayıram ki, belə yazıları hazırlayarkən üz tutduğum məkan AMEA-nın tarixçi alimləri olub. Ümumiyyətlə, etnoqraf alim Qəmərşah Cavadovun tələbəsi olmağım da mənə tarix fənninə daha çox bağlanmağıma körpü idi. Memarlıq abidələrinin tarixini öyrənərkən tanınmış memar, alim Şamil Fətullayevin söhbətləri indi də hafizəmdə qalıb. Abşeronun hər daşına, tikililərinə bələd olan Şamil müəllim özü bitib, tükənməyən xəzinə idi. Beləcə, araşdırma, tədqiqat xarakterli yazılarım “Vətən səsi”, “Şərqin səsi”, “Azərbaycan”, “Respublika”, “Azərbaycan müəllimi”, “İki sahil”, “Xalq”, “Mədəniyyət”, “Təhsil problemləri”, “Respublika gəncləri”,  “Elm və təhsil”,  “Yaddaş” və s. qəzet və jurnallarda dərc olunub. 14 kitab, 1000-dən çox məqalə və pedaqoji fəaliyyətim mənə illərin nə vaxt keçdiyini hiss etdirmədi. Bir daha inandım ki, əlimdəki qələmin əsiri olmaq uğurlarıma işıq salıb. 2022-ci ildən pedaqoji və ədəbi fəaliyyətimdəki uğurlarım haqqında məlumatlar Xalq Təhsili Muzeyində də vardır.

– Tarix müəllimi kimi fənninizi şagirdlərinizə necə sevdirə bilir, onlarda necə motivasiya yarada bilirsiniz?     

– Bu gün dövrün nəbzini tutaraq tarix müəllimi olmaq həm şərəfli, həm də məsuliyyətlidir. Deyərdim ki, şagirdlərimdə tarix fənninə maraq oyatmaq, motivasiya yaratmaq birdən-birə baş verən proses deyil. 

Mən hər zaman fənn müəlliminin psixoloq olmaq bacarığını da yüksək dəyərləndirirəm. Çünki şagirdlər bilik səviyyəsinə, davranış qabiliyyətinə və düşüncə tərzinə görə fərqlənirlər. Bu zaman müəllimin əsl peşəkarlığı şagirdləri ilə ünsiyyəti və yanaşmanı düzgün qurmasıdır. Aşağı siniflərdə müəllim tərəfindən adi bir uyğunsuzluq, şagirdə qarşı mərhəmətli olmamaq bir anda onun müəlliminə olan məhəbbətini yadlaşdırır. Bəzən şagird, öz təcrübəmə əsasən deyirəm, dərsi müəllimə olan məhəbbətinə görə öyrənə bilir. Hətta şagirdlər arasında müəllim sevgisini qazanmaq uğrunda rəqabətin şahidiyəm. Özlüyümdə qərarım belə olub ki, fərdi yanaşma ilə onlarda fənnimə maraq oyada bilərəm. Unutmayaq ki, tarix dərslərində keçirilən rollu oyunlar, beyin həmləsi, diskussiyalar, qrup layihələri, debatlar və s. şagirdlərdə müstəqil iş prosesini yaradır, yeni bilik verir. Dərsini yeni metod və üsullarla qurmağı bacaran müəllimin zəhməti isə heç zaman itmir. Şagirdlərdə yaradıcılıq və tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirmək, onları həm də Vətənimizin tarixini dərindən öyrənməyə ruhlandırır. Hazırda doğma Azərbaycanımızın tarixin keçmişi ilə bağlı şagirdlərimi tarixi abidələrlə tanış etməyə, müxtəlif muzeylərə aparmağa çalışıram. Bəzən isə arxivlərdə araşdırdığım tarixi sənədlərlə də onları tanış edirəm.    

– Sizcə, müasir müəllim təkcə tədris fəaliyyəti ilə kifayətlənməməli, həm də öz fənninə tədqiqatçı gözü ilə yanaşmalı və şagirdlərində də ilkin tədqiqatçılıq həvəs və marağı oyatmalıdır?    

                        
– Məlumdur ki, kurikulumun əsas istiqamətlərindən biri şagirdlərin müstəqil fəaliyyətinin, bacarıq və vərdişlərinin inkişaf etdirilməsidir. Sualınıza cavab olaraq qeyd edim ki, müasir müəllim dedikdə gözümüz önündə yeni təlim texnologiyaları ilə dərsini quran müəllim xatırlanır. Hesab edək ki, dərs prosesində əsas diqqət şagird şəxsiyyətinin formalaşmasına da yönəlməlidir. Eyni zamanda tarix dərsində şagirdlərin müstəqil apardığı tədqiqatlardan biri də mənbələrlə iş adlanır. Mənbələrlə işə - əsatirlər, tarixi hekayələr, müxtəlif əsərlərdən parçalar, illüstrasiyalar daxildir. Bu prosesdə mənbələrlə iş şagirdləri tədqiqata, yaradıcı axtarışa düzgün istiqamətləndirməyə kömək edir. Alimlərin fikrincə, şagirdlərdə tədqiqatçılıq xarakteri onların müstəqil düşüncə, idrak fəaliyyəti ilə daha sıx bağlıdır.                                        

– Tarix müəllimi olaraq tarix dərsliklərimiz barədə nə deyərdiniz?     

– Keçmiş sövet dövründən etibarən məktəbdə şagirdin istifadə etdiyi dəyərli mənbə onun dərsliyidir. Dərsliyin yazılması, elmi mənbələrə əsaslanması da vacib şərtdir. İndiki dərsliklərlə ötən illərdəkilərdən fərq çox böyükdür. Əvvəl dərsliklərdə qədim mənbələr demək olar ki, verilmirdi. İndi dərslikdə mövzunun əhatəliyi, tarixi faktların verilməsi, xəritələrdən istifadə əsas yer tutur. Son dövrlərdə tarix dərsliklərində hansısa mövzunun çoxluğuna, kiçik elmi səhvlərin olmasına, aşağı və yuxarı siniflərdəki tarixi faktların bir- birinə uyğun olmadığına, qəliz məzmunlu fikirlərə də rast gəlmək olur. Dərsliklər arasında 7-ci sinif Azərbaycan tarixi dərsliyinin dəyişilməsi də yaxşı olardı.        

– Zəfər qazanmış ölkə olaraq şagirdlərimizə nələri aşılamalıyıq?                                          

– Şagirdlərimiz məktəbdə həm yüksək təhsil, həm də yüksək əxlaq tərbiyəsi alır. Şagirdlərin təhsilində, elmi dünyagörüşünün formalaşmasında vətənpərvərlik tərbiyəsi əsasdır. Bəli, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Böyük Zəfər yazdı. İgid babalarımızın bizə əmanət qoyduğu torpağı - Cəbrayıl Dövlətzadə, Xudayar Yusifzadə, Səbuhi Orucov  və digər oğullar mərdliklə qorudular. Biz indi Zəfər qazanmış ölkə olaraq şagirdlərimizə Vətəni sevməyi və onu göz bəbəyimiz kimi qorumağı aşılamalıyıq. Hazırda tarix müəllimlərinin şagirdlərə Vətənpərlik tərbiyəsini aşılanması üçün potensial imkanları daha çoxdur. Unutmayaq ki, Zəfər Qələbəsi Azərbaycanın ən böyük və əbədi qalibiyyət səhifələrindən biridir.