Dərsliklər tələblərə cavab verirsə, narazılıqlar niyə yaranır?

18 Dekabr, 2025 - 10:19
Dərsliklər tələblərə cavab verirsə, narazılıqlar niyə yaranır?

Ümumi təhsil pilləsi üzrə dərsliklər təhsil prosesində istifadə olunan əsas tədris vəsaitlərindən biridir və şagirdlərin bilik, bacarıq və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Buna görə də onların strukturunun, məzmununun və dil-üslub baxımından yaş səviyyəsinə uyğunluğu daim diqqətdə saxlanılır. Təhsil sahəsində aparılan islahatların əsas hədəflərindən biri keyfiyyətli və anlaşılan dərsliklərin hazırlanmasıdır. Lakin cəmiyyətdə dərsliklərin məzmunu və dili ilə bağlı fərqli fikirlər səslənir. Bəziləri dərsliklərin dilinin şagird üçün ağır olduğunu, digərləri isə məzmunun kifayət qədər aydın olmadığını düşünür.

Bəs dərsliklərimiz hansı prinsiplər əsasında yazılır və qiymətləndirmə prosesindən keçərkən bu meyarlar nə dərəcədə təmin olunur? Əgər dərsliklər tələb olunan meyarlar əsasında hazırlanır və qiymətləndirmədən keçirsə, onda narazılıqlar niyə ortaya çıxır?

Ümumi təhsil pilləsi üzrə hazırlanmış tarix dərsliklərinin qiymətləndirilməsində ekspert qismində fəaliyyət göstərən tarix müəllimi Səxavət Zeynalov “Azərbaycan müəllimi”nə bildirib ki, dərslik hazırlanarkən məzmun şagirdlərin yaş səviyyəsi nəzərə alınmaqla tərtib olunur və bu zaman mümkün qədər materialın sadə dildə yazılmasına, fakt bolluğunun az olmasına, eləcə də yalnız şagirdlərə vacib olan məlumatların çatdırılmasına diqqət yetirilir: “Bununla yanaşı, dərsliklər hazırlanarkən xarici dərsliklərdəki struktur, aktuallıq və yeniliklər də nəzərə alınır. Məsələn, sual və tapşırıqların tipləri, dərsliyiin strukturu və xarici dərsliklərdəki yeni pedaqoji və elmi yanaşmalar mövcud kurikuluma və kontekstə uyğun olaraq tənzimlənir. Yerli nəşriyyatların və müəlliflərin məhsulu olan, eləcə də ekspertlərin təklif etdiyi və uyğun gördüyü bir sıra şəkil, illüstrasiya, sxem və diaqramlar tarix dərsliklərimizdə mövcuddur. Son illərdə tarix dərsliklərinin məzmunu müəlliflər tərəfindən əsasən yenidən hazırlanır. İstər mətnlər, istər təsvirlər, şəkillər, istərsə də sual və tapşırıqlar yenilənir və fənn üzrə mövcud kurikuluma uyğunlaşdırılır”.

O deyir ki, ümumi təhsil pilləsi üçün hazırlanması planlaşdırılan hər bir dərsliyin məzmunu ümumi təhsilin dövlət standartları və həmin standartlar əsasında hazırlanmış aidiyyəti fənn üzrə təhsil proqramına (kurikulumuna) uyğun olmalıdır: “Dərsliklərin hazırlanması üzrə mövcud qaydalarda dərsliklərin tərtibi üçün ümumi tələblər mövcuddur. Fiziki və hüquqi şəxslər tərəfindən dərslik hazırlanarkən qeyd edilən məqamlar əsas götürülməlidir. Mövzuların ardıcıllığı məsələsində əsasən hər iki meyar nəzərə alınır – istər psixoloji inkişaf mərhələləri, istərsə də mövzuların məntiqi ardıcıllığı. Psixoloji inkişaf mərhələlərinə uyğun olaraq mövzular sadədən mürəkkəbə doğru yazılır. Dərsliklər hazırlanarkən fənnin profilinə uyğun olaraq bu mövzuların məntiqi ardıcıllığı, məsələn, tarix fənnində xronoloji ardıcıllıq, səbəb-nəticə əlaqəsi, əhəmiyyətlilik dərəcəsi nəzərə alınır. Mövzuların sadədən mürəkkəbə doğru tərtib edilməsinə həm bir sinif üzrə olan mövzularda, həm də aşağı siniflərdən yuxarı siniflərə doğru gedərkən əsasən əməl olunur.

Səxavət Zeynalov vurğulayıb ki, dərsliklərin qiymətləndirilməsi ekspertlər tərəfindən ETN-nin tərtib etdiyi 4 meyar əsasında və 100 ballıq cədvəl üzrə, keçid balı 80 olmaqla aparılır. Həmin meyarlardan birincisi təhsil proqramına (kurikuluma) uyğunluq, ikincisi dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü və şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu, üçüncüsü dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dördüncüsü isə dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyidir.
Onun sözlərinə görə, dərsliklərin qiymətləndirilərək təsdiq olunması müəlliflər tərəfindən yazıldıqdan sonra bir sıra mütəxəssislər tərəfindən müxtəlif meyarlar üzrə yoxlanılır, bu yoxlamaların nəticələri əsas alınaraq təsdiq olunur. 

“Şagirdlərdə oxumaq vərdişləri azalıb, ona görə oxuduqlarını anlamırlar”

O, dərsliklərin dilinin ağır olması ilə bağlı səslənən fikirləri subyektiv amil kimi qəbul edir: “Dediyimiz kimi, dərsliklərin dilinin sadələşdirilməsinə, anlaşılan cümlələrlə tərtib olunmasına müəlliflər diqqət edir və dərsliklərin qiymətləndirilməsi üzrə ekspertləri də buna nəzarət edirlər. Nəzərə alaq ki, ekspertlərin, həmçinin də müəlliflərin çoxu həm də ümumtəhsil müəssisələrində işləyir və onlar şagirdlərlə hər gün birbaşa təmasdadırlar, tədris prosesində iştirak edirlər. Ona görə də onlar hər bir şagirdin yaş səviyyəsinə uyğun dərsliklərin dilinin necə olmasını bilirlər. Qəliz, anlaşılmaz, məntiq ardıcıllığının və əlaqənin pozulduğu cümlələr çıxarılır və ya dəyişdirilir, həmçinin məlumat bolluğu azaldılır.

Son illərdə texnologiyanın, rəqəmsal aləmin çox inkişaf etməsi, təəssüf ki, şagirdlərdə oxumaq vərdişlərini azaldıb. Ona görə də elmi və bədii ədəbiyyatı oxuyanda müəyyən cümlələrdə çətinlik çəkir, oxuduqlarını anlamırlar. Fikrimcə, məktəbəqədər dövrdən müəllim və valideynlər tərəfindən şagirdlərə mütəmadi olaraq kitab oxumaq alışqanlığı aşılanmalıdır”.

“Dili nə qədər sadələşdirilsə də, dərslik elmi dildə yazılmalıdır”

Mütəxəssis əlavə edib ki, əvvəlki dərsliklərdə olan bir sıra məlumatların çıxarılması, fakt bolluğunun azaldılması, dərsliklərin dilinin sadələşdirilməsi, dərsliklərə bir sıra mənbələrin əlavə edilməsi, dizayn və tərtibatda yeniliklər edilməsi bu sahədə olan təkmilləşdirməni göstərir. Dərsliklər hazırlandıqdan sonra onların qiymətləndirilməsi, nəşrqabağı monitorinqi və ictimai müzakirəsi təşkil edilir. Ona görə də dərslik ictimai müzakirədə olan zaman maraqlı olan hər bir tərəf bu işdə fəal olmalı, rəy və təkliflərini aidiyyəti üzrə təqdim etməlidir. Bundan başqa, dərsliklərin dili nə qədər sadələşdirilsə də, elmi dildə yazılmalıdır. Buna beynəlxalq təcrübədə də rast gəlinir ki, xarici dərsliklərin məzmununda elmilik mövcuddur”.
Dərsliklər dil və üslub üzrə mütəxəssislər tərəfindən qiymətləndirildiyi üçün yaş səviyyəsinə uyğun dil normaları gözlənilir. Bundan əlavə, əvvəlki dərsliklərin dili və üslubu ilə bağlı təkliflər nəzərə alınır, şagirdlərdə qavramanı inkişaf etdirmək üçün dərsliklərdə vizual vasitələrdən – QR kodla yönləndirilən videolardan, şəkillərdən, illüstrasiyalardan, sxem və diaqramlardan istifadə edilir.

Dərsliklərdə səhifələrin, mövzuların sayı, fakt bolluğu da azaldılıb

Çox qarışıq, mürəkkəb cümlələr olan mətnlər, həmçinin anlaşılmaz, məntiqi ardıcıllığı olmayan, əlaqəsiz mətnlər dəyişdirilir. Ötən illərlə müqayisə etsək görərik ki, hazırda istifadə edilən dərsliklərdə səhifələrin və mövzuların sayı xeyli azaldılıb. Fakt bolluğu da azaldılıb, mövzular sadələşdirilib. Məsələn, 5-ci sinif üçün “Azərbaycan tarixi” dərsliyinin 2020-ci il nəşrində 55 mövzu və 210 səhifə var idi. Hazırda istifadə olunan 5-ci sinif dərsliyində isə mövzu sayı 39-a, səhifələrin sayı isə 172-yə endirilib. Həmçinin 9-cu sinif üçün “Azərbaycan tarixi” dərsliyi 2020-ci il nəşrində 54 mövzu olduğu halda, 2024-cü il nəşrində bu göstərici 39 mövzu təşkil edir. Şagirdlərin yaş səviyyəsi ilə bağlı onu da demək olar ki, 5-ci sinif “Azərbaycan tarixi” dərsliyi hekayə tipli mətnlər əsasında formalaşdırılıb.

Səxavət Zeynalov qeyd olunanlardan əlavə bunu da bildirib ki, dərslik tərtib edilərkən elmi cəhətdən mötəbər mənbələrə istinad edilməli, məlumatlar həmin mənbələrdən əsasən olduğu kimi köçürülməməlidir. Dərsliyin məzmununun isə orijinallığı, dəqiqliyi və köçürmə olub-olmaması ekspertlər tərəfindən və DİM tərəfindən aparılan nəşrqabağı elmi monitorinq zamanı yoxlanılır. Bu zaman mənbələr araşdırılır, təqdim edilən məlumatlar müqayisə olunur, müəlliflər və ekspertlər tərəfindən müzakirə edilir. 

“Hər hansı dərslik plagiat proqramı ilə yoxlanılsa, 100 faiz orijinallıq olmayacaq”

Azərbaycan dili və ədəbiyyat dərsliklərinin qiymətləndirməsi üzrə mütəxəssisi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı bildirib ki, dərslik yazılması və eyni zamanda qiymətləndirilməsi prosesi olduqca mürəkkəb, çoxpilləli olduğundan həm müəlliflərdən, həm də qiymətləndirmə prosesində iştirak edən ekspertlərdən yüksək peşəkarlıq tələb edir: “Dərsliklər istər elmi biliklər baxımından, istərsə də pedaqoji və metodoloji baxımdan yüksək təcrübəyə malik heyət tərəfindən hazırlanır. Ümumi təhsil pilləsinin fənlər üzrə təhsil kurikulumları əsasında müəlliflər tərəfindən yazılan dərslik qiymətləndirmə üzrə ekspertlər tərəfindən müzakirə olunur, bir neçə aspektdən – məzmun, elmi dəqiqlik, inkişafyönümlülük, tərbiyəyönümlülük, metodoloji tələblərə uyğunluq baxımından təhlil edilir. Yaş prinsipi, gender bərabərliyi, multikultural və milli-mənəvi dəyərlərin qorunması və bu kimi məsələlər ətraflı nəzərdən keçirilir.

Hətta dərsliyin tərtibatı, dizaynı, illüstrasiyaların verilməsində yaş faktorunun nəzərə alınıb-alınmaması da qiymətləndirmə prosesində diqqətlə yoxlanılır. Dərslik yazılarkən, təbii ki, beynəlxalq dərslik modelləri nəzərdən keçirilir, müsbət təcrübə və nümunələrdən yararlanılır, amma dərslik Azərbaycan məktəbi üçün yazılırsa, bu iş kurikulumlara əsaslanmaqla həyata keçirilir”.

O qeyd edib ki, hər hansı dərslik plagiat proqramı ilə yoxlanılsa, 100 faiz orijinallıq olmayacaq: “Çünki dərslik elmi mənbələrə istinadən, müvafiq faktlar və qaydalar əsasında yazılır. Yaxud qaydalardan əlavə, Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisində mətnlər verilibsə, təbii ki, bunlar da hər hansı mənbədən götürülüb və onlar da rəqəmsal bazada mövcuddur. Bununla yanaşı, dərslikdəki materialın istifadə edildiyi mənbələr mütləq qeyd olunur və dərslikləri qiymətləndirən şəxslər tərəfindən həmin mənbələrin uyğunluğu və mötəbərliyi nəzərdən keçirilir. Ona görə də dərslikdə plagiat, yaxud orijinal mətn məsələsi nisbi xarakter daşıyır”.