Dərsliklərdən narazı olanlar rəy yazmaqdan niyə çəkinirlər?
Qloballaşma dövründə təhsilalanlar üçün keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə informasiya cəmiyyətində biliklər sürətlə köhnəldikcə, məlumatlar aktuallığını və təsiredici gücünü itirdikcə dərsliklərin keyfiyyəti daha da ön plana çıxır.
Təəssüf ki, bəzən dərsliklər real məktəb mühiti, şagirdlərin ehtiyacları və öyrənmə imkanları nəzərə alınmadan hazırlanır. Nəticədə şagirdlər anlamaq və mənimsəmək baxımından çətin, ağır və maraqsız materiallarla qarşılaşırlar. Bu isə təhsilin keyfiyyətinin aşağı düşməsinə, məktəbin isə tədricən proqramın formal icra olunduğu bir məkana çevrilməsinə səbəb olur. Belə bir vəziyyətdə dərsliklərlə bağlı ictimai müzakirələrin təşkili son dərəcə vacibdir.
Bu baxımdan Elm və Təhsil Nazirliyinin dərslikləri ictimai müzakirəyə çıxarması müsbət addımdır. Nazirlik elm adamlarını, təhsil işçilərini, valideynləri və digər maraqlı tərəfləri dərsliklərlə bağlı ictimai müzakirələrdə fəal iştirak etməyə çağırır. Lakin cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıyan bu posesdə iştirak edənlərin sayının olduqca aşağı olması, müzakirələrə bu vaxta qədər təxminən 20-yə yaxın iştirakçının qoşulması məyusluq yaradır.
Qeyd edilməlidir ki, dərsliklərin uyğunsuzluğu abstrakt və ya texniki problem deyil. Bu, hər gün mürəkkəb, həddindən artıq yüklənmiş və çox vaxt anlaşılmaz mətnləri dərk etməyə çalışan şagirdlərin real problemidir. Yaş səviyyəsinə uyğun olmayan mövzular, çətin dil və maraqsız təqdimat şagirdlərin təkcə akademik göstəricilərini deyil, ümumilikdə öyrənməyə olan motivasiyasını da zəiflədir. Belə şəraitdə müəllimlər, pedaqoqlar dərsliklə şagird arasında əsas vasitəçi kimi onun müzakirəsində və təkmilləşdirilməsində fəal iştirak etməlidirlər.
Bu problemləri hər gün görən və yaşayan insanlar kimi müəllimlər, təhsil prosesinin digər iştirakçıları bu barədə açıq və ucadan danışmalıdırlar. Əgər dərsliklərin real problemlərini hamıdan yaxşı bilənlər susursa, şagirdlərin maraqlarını kim qoruyacaq?
Adətən dərsliyi əlimizə alanda onu biliklərin əsas və ən etibarlı mənbəyi kimi qəbul edirik. Dərsliklərə münasibətdə formalaşmış ənənəvi yanaşma da bunu təsdiqləyir. Amma doğrudanmı vəziyyət belədir? Dərsliklərin keyfiyyəti ilə bağlı mütəxəssislər, ekspertlər və media tez-tez mübahisə aparsa da, bu materiallarla hər gün işləyən təhsilverənlərin fikirləri nadir hallarda eşidilir.
Bəs müəllimlər niyə susurlar?
Bu sükutun zərərini isə parta arxasında əyləşənlər – şagirdlər ödəyir. Səmimi və açıq dialoq olmadıqca dərsliklər əlverişsiz qalır, təlim prosesi isə yorucu və formal xarakter daşıyır.
İlk baxışdan elə görünə bilər ki, müəllimləri hər şey qane edir. Halbuki reallıq fərqlidir. Bir çox pedaqoq dərsliklərdəki səhvləri, mövzuların həddindən artıq yüklü olmasını və dilin çətinliyini aydın şəkildə görür. Çünki dərslikdə yazılanları şagirdlərə çatdıran məhz müəllimdir. Dərsliyin qüsurlarını, şagirdlərin yaş xüsusiyyətlərinə və inkişaf səviyyəsinə uyğunluğunu müəllimlər hamıdan yaxşı qiymətləndirə bilirlər. Buna görə də dərsliklər haqqında fikir bildirmək, müzakirələrə qoşulmaq təkcə peşəkar məsuliyyət deyil, həm də mənəvi borcdur.
Son illərdə dərsliklərin keyfiyyəti mütəmadi olaraq ictimai müzakirələrin mövzusuna çevrilir. Valideynlər, məmurlar, ekspertlər, bloqerlər və siyasətçilər tədris materiallarının məzmununu, metodologiyasını və müasir reallıqlara uyğunluğunu müzakirə edirlər. Lakin bu müzakirələrdə dərsliklərlə gündəlik işləyən müəllimlərin səsi demək olar ki, eşidilmir. Peşəkar pedaqoji icma niyə kölgədə qalır? Dərsliklərdən narazı olanlar rəy yazmaqdan niyə çəkinir? Fikrimizcə, bu vəziyyət kökündən dəyişməlidir.
Dərsliklərin ictimai müzakirəsinə bu cür laqeyd münasibəti dərslik siyasətində gözlənilən müsbət dəyişiklikləri ləngidir. Təhsil kimi mühüm sahənin iştirakçısı olanların müzakirədə iştirak etməməsi, rəy bildirməməsi bu prosesin mahiyyətini təhrif edir. Qərarlar real məktəb təcrübəsi nəzərə alınmadan qəbul olunur və nəticədə həm şagirdlər, həm də müəllimlər zərər görür.
Müəllim sükutu nəyə gətirib çıxarır ki, müəllimlər dərslik müzakirələrində iştirak etmədikdə qərarlar real məktəb həyatından uzaq olur. Nəticədə dərsliklərdə həddindən artıq yüklənmiş mövzular, çətin ifadələr və şagirdlərin yaşına uyğun olmayan tapşırıqlar yer alır. Şagirdlər materialı başa düşmür, müəllimlər isə dərsliyi “tərcümə etməyə” məcbur qalırlar.
Müəllimlər danışmalıdır. Onlar susduqca dərsliklər məktəbin real ehtiyaclarından uzaq qalacaq. Bu isə ilk növbədə şagirdlərin zərər görməsi deməkdir. Xüsusilə öyrənmək həvəsi ilə məktəbə gələn uşaqlar üçün bu, ciddi problemdir. Məhz buna görə də müəllimləri, təhsil ictimaiyyətini, bütün maraqlı tərəfləri dərsliklərin ictimai müzakirəsində fəal mövqe nümayiş etdirməyə çağırırıq.



