Dərsliklərin dili sadələşdirilir? - ARTİ-dən AÇIQLAMA
Dərsliklərdə təqdim olunan materialların dili ilə bağlı çətinliklər uzun müddətdir ki, təhsil mütəxəssisləri və müəllimlərin müzakirə mövzusudur. Onlar dərslik dilinin şagirdlər üçün çətin olduğunu, məzmunu qavrama prosesinə mane yaratdığını qeyd edirlər. Hətta elm və təhsil naziri Emin Əmrullayev də brifinqlərdən birində dərsliklərin dilinin şagirdlərin oxuyub-anlaması baxımından çətinlik yaratdığını vurğulamışdı.
Dərsliklərin dilinin sadələşdirilməsi ilə bağlı yaxın zamanda hər hansı yeniliyin olub-olmayacağı sual doğurur.
"Azərbaycan müəllimi" xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Azərbaycan Respublikası Təhsil İnstitutuna (ARTİ) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq məlumat üçün bildirilib ki, yeni dərsliklərin hazırlanması prosesində Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklərin yaradıcı heyətinə dil-üslubun anlaşılan, aydın və daha səlis formada yazılması ilə bağlı tövsiyələr edilib:
"Bu səbəbdən dərslik hazırlayan hər bir komandanın tərkibində minimum bir neçə dil redaktoru və korrektorun, həmçinin elmiliyin dəqiqliyini təmin etmək məqsədi ilə elmi redaktorların iştirakı təmin edilir. Dərsliklərin dilinin şagirdlər tərəfindən rahat mənimsənilməsi üçün sadə olmasına diqqət edilir.
ARTİ olaraq dərsliklərin hazırlanmasının təşkili prosesində dilin düzgünlüyü, üslubun səlisliyi və anlaşıqlılığı əsas prioritetlərimizdən biridir. Vacib məqam ondan ibarətdir ki, dilin sadələşdirilməsi məzmunun elmi dəqiqliyinə və fənnin mahiyyətinə xələl gətirməməlidir.
Bəzi fənlərin spesifikliyi səbəbi ilə terminologiya mürəkkəb görünə bilər və bu, normaldır. Yaradıcı heyət qarşısında qoyulan əsas tələblərdən biri də məzmunun keyfiyyətini aşağı salmadan və elmi dəqiqliyinə xələl gətirmədən dərsliklərin dilinin sadələşdirilməsini təmin etməkdir".



