"Dərsliklərlə hazırlaşmışam" – Sumqayıtın yüksək bal toplayanları
İyunun 17-də Sumqayıt şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanları mərhələsi keçirilib. 10 nəfərdən çox müəllim imtahanda 50 baldan yüksək nəticə göstərib.
Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə keçirilən imtahanda iştirak edərək yüksək nəticə göstərən müəllimlər sevinclərini "Azərbaycan müəllimi" ilə bölüşüblər.
"Hazırlıqlı olduqda "çətin" deyə biləcəyimiz sual yoxdur"
Sertifikasiya imtahanında 56 bal toplayan Lalə Məmmədova müvəqqəti olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən Zəngilan rayon 23 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir: "Deyə bilmərəm ki, suallar çox çətin idi, çünki hazırlıqlı idim. Bir az vaxt aparan suallar var idi. Əslində hazırlıqlı olduqda "çətin" deyə biləcəyimiz bir sual yoxdur. Metodika sualları mənə görə sadə idi".
Lalə müəllim qeyd edir ki, 4 ildir pedaqoji fəaliyyətlə məşğuldur. MİQ imtahanında iştirak edərək 87.5 bal toplayıb. Onun sözlərinə görə, öz üzərində daim çalışan, yeniliklərə hazır olan müəllim bütün imtahanları uğurla keçməyə qadirdir.
"Həm ixtisasım, həm kurikulum üzrə yaxşı hazırlaşmışdım"
Sertifikasiya imtahanında 55 bal toplayan Səbinə Cəfərova 4 ildir Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə rus dili müəllimi işləyir. 2022-ci ildə MİQ imtahanında 73 bal yığaraq müəllimlik fəaliyyətinə başlayan S.Cəfərova bildirir ki, imtahan sualları onun üçün çətin olmayıb: "Həm ixtisasım, həm kurikulum üzrə yaxşı hazırlaşmışdım. Suallar gözlədiyimdən daha asan oldu. Müəllimlərə demək istəyirəm ki, özlərinə güvənsinlər, inamla sualları cavablandırsınlar. Az bal toplayanlar isə ruhdan düşməsinlər, daha yaxşı hazırlaşsınlar".
"3 ay ərzində sistemli şəkildə özüm dərsliklərlə hazırlaşmışam"
İmtahanda 55 bal nəticə göstərən Xanımbacı Əliyeva İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir, 4 illik pedaqoji staja malikdir. MİQ imtahanında 69 bal yığaraq müəllimlik fəaliyyətinə başlayıb. "Sertifikasiya sualları mənə görə normal idi. Fənnini bilən müəllim, məncə, rahatlıqla sualları cavablandıra bilərdi. Mən son 3 ay ərzində özüm dərsliklərlə sistemli şəkildə hazırlaşmışdım. Hesab edirəm ki, müəllimlər üzərlərində çox çalışsalar, yaxşı nəticələr əldə edə bilərlər".




