Dil bilmədən xaricdə təhsil: Yalan vəd, yoxsa reallıq?
Rus dilini bilmədən Rusiyada, ingilis dilini bilmədən isə ingilisdilli ölkədə ali təhsil almaq həqiqətən mümkündürmü? Bu sualın cavabı göründüyü qədər sadə deyil. Lakin bəzi vasitəçi şirkətlərin yaratdığı təəssürata baxsaq, belə qənaətə gəlmək olar ki, burada heç bir maneə yoxdur.
Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayının artmasından istifadə edən bəzi vasitəçi şirkətlər və fərdi şəxslərin sosial şəbəkə və müxtəlif elan platformalarında "Xarici dil bilmədən Avropada təhsil al", "Qəbul üçün IELTS və ya TOEFL tələb olunmur", "Dil biliyi olmadan universitetə qəbul" kimi elanlar ilk baxışda cəlbedici görünür. Lakin reallıq budur ki, bu cür təkliflərin əksəriyyəti həqiqəti əks etdirmir və xaricdə təhsil arzusu ilə yaşayan gənclərin aldadılmasına, onların maddi ziyana uğramasına səbəb olur.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil məsləhətçisi Əlmusa Atamaliyev bildirib ki, son dövrlərdə xaricdə təhsillə bağlı yayılan reklamlarda "ölkənin dilini bilmədən orada təhsil ala bilərsiniz" kimi ifadələrə tez-tez rast gəlinir:
“Məsələn, "rus dilini bilmədən Rusiyada təhsil alın" kimi elanlar ilk baxışdan cəlbedici görünsə də, bu məsələyə peşəkar yanaşmaq və hər bir detalı diqqətlə araşdırmaq vacibdir
.
Əvvəla qeyd edim ki, bu cür elanların hamısını qeyri-real hesab etmək düzgün olmaz. Çünki bir sıra ölkələrdə və universitetlərdə əcnəbi tələbələr üçün hazırlıq (foundation və ya hazırlıq fakültəsi) proqramları mövcuddur. Bu proqramlarda tələbələr əvvəlcə həmin ölkənin dilini müəyyən səviyyədə öyrənir, daha sonra əsas ixtisas üzrə təhsilə başlayırlar. Lakin reklam mətnində "heç bir dil bilmədən dərhal universitetə qəbul" kimi vədlər verilirsə, bu, ciddi araşdırılmalıdır. Çünki istənilən ölkədə ali təhsil almaq üçün tədris dilini kifayət qədər mənimsəmək zəruridir. Əks halda tələbənin həm akademik uğuru, həm də gələcək peşə fəaliyyəti risk altına düşə bilər.
Diplomun etibarlılığı isə tədris dilindən deyil, ali təhsil müəssisəsinin statusundan və proqramın rəsmi akkreditasiyasından asılıdır. Əgər universitet həmin ölkənin səlahiyyətli qurumları tərəfindən tanınır, proqram qanunvericiliyə uyğun fəaliyyət göstərirsə və tələbə həqiqətən həmin proqram üzrə təhsil alıbsa, verilən diplom hüquqi baxımdan etibarlı hesab olunur. Azərbaycanda xarici ali təhsil kvalifikasiyalarının tanınması Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir”.
Ə.Atamaliyev qeyd edib ki, qaydalara əsasən, xaricdə əldə olunmuş diplomun tanınması üçün yalnız universiteti bitirmək kifayət etmir:
“Agentlik hər bir müraciəti fərdi qaydada ekspertiza edir və bir sıra mühüm meyarları qiymətləndirir.
İlk növbədə, ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə rəsmi tanınması və həmin proqram üzrə təhsil vermək hüququnun olub-olmaması araşdırılır. Daha sonra təhsil proqramının məzmunu, qəbulun qanuniliyi, təhsil səviyyəsinin Azərbaycan Respublikasının müvafiq kvalifikasiyasına uyğunluğu və əldə olunmuş ixtisasın ölkəmizdə mövcud ixtisas təsnifatına uyğun gəlib-gəlmədiyi yoxlanılır.
Bununla yanaşı, TKTA müraciətçinin faktiki təhsil almasını da qiymətləndirir. Tələbənin universitetdə real təhsil alması, akademik fəaliyyəti, kredit yükü, imtahanlarda iştirakı, təhsil müddətinə əməl etməsi və zəruri hallarda ölkədə fiziki mövcudluğu ilə bağlı məlumatlar ekspertiza predmetidir. Yəni formal qeydiyyat və ya yalnız diplom əldə etmək məqsədilə keçirilən təhsil tanınma üçün kifayət hesab edilmir.
Qaydalar həmçinin müəyyən edir ki, təhsil forması da mühüm əhəmiyyət daşıyır. Xüsusilə distant və ya hibrid formada əldə olunmuş kvalifikasiyalar qiymətləndirilərkən həmin proqramın təhsil alındığı ölkənin qanunvericiliyinə uyğunluğu və Azərbaycanda tanınma şərtlərinə cavab verməsi ayrıca araşdırılır”.
Mütəxəssisin sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, diplomun akademik tanınması bütün hallarda peşə fəaliyyəti hüququ vermir:
“Tənzimlənən peşələr, xüsusilə müəllimlik, hüquq, mühəndislik və tibb sahələri üzrə xarici kvalifikasiyaya malik şəxslər üçün peşə tanınması prosedurları da tətbiq edilir. Müəllimlik, hüquq və mühəndislik ixtisasları üzrə peşə tanınması Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müvafiq imtahanın nəticələrinə əsasən həyata keçirilir, tibb ixtisasları üzrə isə əlavə tələblər və qiymətləndirmə mexanizmləri mövcuddur.
Məhz buna görə "dili bilmədən təhsil", "imtahansız qəbul", "100 faiz tanınan diplom" kimi reklam şüarlarına ehtiyatla yanaşmaq lazımdır. Xaricdə təhsil seçərkən əsas meyar reklam deyil, universitetin hüquqi statusu, proqramın akkreditasiyası, təhsilalma prosesinin qanuniliyidir. Yalnız bu şərtlər ödənildikdə gələcəkdə diplomun Azərbaycanda tanınması ilə bağlı risklər minimuma enir”.




