Ali təhsilin müddətinin azaldılması gündəmdə: Hansı ixtisaslara şamil edilə bilər?

16 Sentyabr, 2026 - 12:32
Ali təhsilin müddətinin azaldılması gündəmdə:

Ali məktəblərdə bakalavr təhsilinin müddətinin 3 ilə endirilməsi məsələsi ötən günlərdə Milli Məclisdə yenidən gündəmə gəlib. Təhsil müddətinin optimallaşdırılması əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və tələbələrin daha qısa müddətdə peşə fəaliyyətinə başlaması baxımından bu yanaşma diqqət çəkir. Lakin ali təhsilin müddətinin azaldılması ilə bağlı müzakirələr yalnız vaxt amili ilə məhdudlaşmır.

Bəs ali təhsilin 3 ilə endirilməsi hansı ixtisaslar üçün məqsədəuyğun hesab edilə bilər? Bu halda praktiki təcrübə necə təşkil olunmalı, tədris prosesində hansı dəyişikliklər edilməlidir? Təhsil müddətinin azaldılması ali təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək, yoxsa müəyyən risklər yaradacaq? 

Azərbaycanda “Təhsil haqqında” qanuna yeni əlavə və dəyişikliklərin edilməsinin bir neçə vaxtdır ki, müzakirə mövzusu olduğunu xatırladan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu mövzulardan biri bakalavr təhsil sisteminin müddətinin üç, magistraturanın isə bir ilə endirilməsi ilə bağlı təşəbbüslərdir:

“Elm və Təhsil komitəsinin keçirdiyi son iclasda da bu məsələ müzakirə olunub. Bu, artıq dünya təcrübəsi ilə uyğunlaşdırılmış bir məsələdir. Azərbaycanda belə təşəbbüs var idi ki, humanitar fənlərin bakalavri magistraturalandaat proqramının müddəti üç ilə endirilsin. Burada mühəndislik, təbiət elmləri və digər elm sahələri, eləcə də həkimliyin istisna olması fikri var. Qanunda bu dəyişikliyi müdafiə edənlərin sayı çoxalıb. Mən də belə hesab edirəm ki, bu dəyişiklik kifayət qədər məntiqlidir”.
M.Məmmədli qeyd edib ki, dünya təcrübəsi, Avropa praktikası da bunu diktə edir:

“Ancaq düşünmürəm ki, bu, yaxın vaxtlarda mümkün olacaq. Çünki dörd illikdən üç illiyə keçid mərhələsində müəyyən proqramların yenilənməsi, mütəxəssislərin formalaşması lazımdır. Dörd il ərzində mənimsənilməli olan proqramlar üç ilə sığdırılmalıdır. Bu kimi məsələlər bir qədər zaman tələb edir. Əgər qanuna bu dəyişikliklər salınsa, düşünürəm ki, növbəti illər üçün bu istiqamətdə müəyyən addımlar atıla bilər”.

Ekspert qeyd edib ki, artıq Azərbaycanda magistraturada birillik tədris modelinə keçid edilməsi təşəbbüsləri var:

“Bu, artıq müəyyən qədər məntiqə söykənir. Əmək bazarının tələbləri bir az fərqlidir artıq. Çünki bilirsiniz ki, süni intelektin inkişafı ayrı-ayrı ixtisasların sıradan çıxmasına, bəzilərinin isə yarıbayarı süni intelektlə əvəzlənməsinə gətirib çıxarır. Əmək bazarı da diktə edir ki, artıq mütəxəssislər iş həyatına daha tez atılsınlar. Azərbaycanda əmək bazarı magistratura səviyyəsində təhsili tələb kimi qoymur. Sadəcə o, elmin, təhsilin arxasıca gedən adamlar üçün müəyyən bir mərhələdir və onlar mütləq bu mərhələdən keçməlidirlər. Milli Məclisdəki təşəbbüslər reallaşsa, magistraturaya da maraq artra. Bu dəyişikliklərin qüvvəyə minməsi nəticəsində Azərbaycan təhsilində inqilabi dəyişiklik olacaq və təhsil müddəti əmək bazarının tələblərinə uyğunlaşacaq”.