Xaricdə necə oxuyaq ki, diplomumuz tanınsın?

2 Oktyabr, 2026 - 14:43
Xaricdə necə oxuyaq ki, diplomumuz tanınsın?

“Diplomun öncədən tanınıb tanınmamasını yalnız lisensiya və akkreditasiya əsasında müəyyənləşdirə bilərik”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə ASAN TV-yə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov  deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisəsinin lisensiyası və akkreditasiyası müvafiq olaraq ENİC mərkəzlər üzərindən dəyiqləşdirilirsə, verifikasiya olunursa, daha sonra digər normativlərə əməl olunmalıdır: “Yəni, ixtisas təsnifatda yer alırmı, yer almadığı təqdirdə ona yaxın ixtisas varmı? Həmçinin orada olma müddəti önəmlidir. Yəni, bununla yanaşı, toplanılan kreditə münasibətdə biz bəzi məqamları aydınlaşdırmağa çalışmalıyıq. Əgər bakalavr təhsilinə münasibətdə 240 kredit alınmalıdırsa, bəzən əhəmiyyətli dərəcədə az kreditlə diplom verilir. Sözsüz ki, bu da ayrıca bir sual doğurur”.

T.Əhmədov qeyd edib ki,  son dövrlər xüsusilə də geniş vüsət almış məqamlardan biri də tədrisdə hansı fənlərə ağırlığın verilməsi ilə bağlıdır:“Məsələn ixtisas hüquqsünaslıqdır. Belə olduğu təqdirdə təbii ki, ağırlıq, ixtisasdan irəli gələn fənlərə verilməlidir.Amma bəzən tədris dili və yaxud da ki, xarici dil həmin ümumi kreditlərin əhəmiyyətli hissəsini, yəni təqribən 15-20 faizini, hətta bəzən 30 faizini təşkil edir ki, bu da müəyyən suallar yaradır. Bu mənada vətəndaşımızın dəqiqləşdirə biləcəyi, eləcə də  dəqiqləşdirə bilməyəcəyi məqamlar var. Adiyyatı quruma müraciət edib, nəticə etibarilə bunu verifikasiya etmək imkanı var”.