Dil dövlətin səssiz qalasıdır 

29 Yanvar, 2026 - 11:04
Dil dövlətin səssiz qalasıdır 

Azərbaycan müasir tarixinin elə mərhələləri var ki, həmin dövrlər illərin təqvim ardıcıllığında sadəcə bir zaman kəsiyi deyil, milli yaddaşın dönüş nöqtəsi kimi qalır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər məhz belə bir mərhələnin, 2025-ci ilin mahiyyətini açır. 2025-ci il Azərbaycanın hərbi Qələbəsinin siyasi təsdiq ili, müharibə epoxasından sülh və strateji quruculuq mərhələsinə keçidin rəsmi başlanğıcıdır.

Sözügüdən müsahibə, əslində, Azərbaycanın bu gün hansı mərhələdə olduğunu, hansı dəyərlər üzərində dayandığını və gələcəyə hansı ideoloji yük ilə addımladığını göstərən konseptual baxışlar toplusudur. Burada xarici siyasət, təhlükəsizlik, elm, təhsil və inkişafla yanaşı, bir mövzu var ki, Prezident onu xüsusilə israrla, təkidlə və dərin məsuliyyət hissi ilə qabardır: Azərbaycan dili məsələsi. Və bu, təsadüfi deyil. Çünki bu müsahibədə Azərbaycan dili qrammatik kateqoriya kimi yox, milli varlığın özü, dövlətçiliyin təməl sütunu, tarixi yaddaşın daşıyıcısı kimi təqdim olunur.

Prezident İlham Əliyevin dil haqqında fikirləri sadə çağırışlardan ibarət deyil. Bu fikirlər bir növ milli təhlükəsizlik konsepsiyasının dil üzərindən oxunuşudur.

Prezident açıq şəkildə deyir: “Dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir”.  Bu cümlə zahirən sadə görünsə də, mahiyyət etibarilə son dərəcə dərin siyasi-fəlsəfi yük daşıyır. Çünki burada dil yalnız ünsiyyət vasitəsi kimi deyil, milləti millət edən əsas mexanizm kimi təqdim olunur.

Azərbaycan xalqının tarixi taleyinə nəzər saldıqda, bu fikrin nə qədər haqlı olduğu daha aydın görünür. Prezidentin vurğuladığı kimi, biz əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamış, müxtəlif adlar altında, amma eyni mahiyyətlə, müstəmləkəçilik şəraitində mövcud olmuş bir xalqıq. Bu proseslər təkcə torpaqlara yox, insanların şüuruna, psixologiyasına, özünüdərkinə təsir edib. Bu təsirlərin izləri bu gün də tam silinməyib.

Məhz belə bir tarixi fon üzərində dil məsələsi sıradan mədəni mövzu ola bilməz. Dil burada milli müqavimət forması, assimilyasiyaya qarşı səssiz, amma davamlı mübarizə vasitəsi kimi çıxış edir. Prezidentin dediyi kimi, bu gün danışdığımız Azərbaycan dili ulu babalarımızın danışdığı dildən köklü şəkildə fərqlənmir. Bu, təsadüf deyil. Bu, xalqın daxili gücünün, mənəvi dirənişinin, özünü qoruma instinktinin nəticəsidir.

Çox az xalq var ki, əsrlər boyu yad dillərin, yad mədəniyyətlərin, yad siyasi iradələrin təzyiqi altında yaşaya-yaşaya öz ana dilini bu qədər saf, bu qədər bütöv şəkildə qoruyub saxlaya bilsin. Prezident İlham Əliyev bu məqamda son dərəcə mühüm bir nüansa toxunur. Dövlət başçısı deyir ki, müstəqillik dövründə Azərbaycan dili sovet dönəmində leksikonumuza daxil olmuş, milli ruhumuza yad olan kəlmələrdən təmizlənə bildi. Bu proses təkcə dil islahatı deyildi. Bu, şüurun təmizlənməsi, milli yaddaşın bərpası idi.
Burada Prezident çox incə, amma prinsipial fərq qoyur: beynəlxalq leksikondan gələn terminlərlə milli dilə yad olan, onu kölgəyə salan sözlər eyni deyil. Çünki birincisi zərurətdən doğur, ikincisi isə çox vaxt kompleksdən, öz dilinə etinasızlıqdan qaynaqlanır.

Prezidentin ən kəskin fikirlərindən biri budur: “Xarici kəlmələr dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir”.  Burada açıq mesaj var: dil biliklə ölçülmür, milli dəyər hissi ilə ölçülür. Prezident açıq şəkildə bildirir ki, çox dil bilmək böyük üstünlükdür və bunu özü də dəfələrlə sübut edib. Lakin çox dil bilmək öz dilini kölgədə qoymaq anlamına gəlməməlidir. Xarici dillər ünsiyyət üçün vasitədir, ana dili isə kimlikdir. Və kimliyə biganəlik yavaş-yavaş, hiss olunmadan, “damcı-damcı” milli şüuru aşındırır. Bu “damcı-damcı” metaforası təsadüfi deyil. Prezident burada təhlükənin ani yox, tədrici olduğunu vurğulayır. Dil bir gündə yox olmur. Milli kimlik bir anda dağılmır. Amma hər yanlış söz, hər yersiz ifadə, hər lazımsız yad termin bu prosesi bir az da sürətləndirir. Və bir gün insan ayılır ki, artıq öz ana dilində fikrini tam ifadə edə bilmir. Bu isə artıq milli faciənin başlanğıcıdır.

Prezident İlham Əliyevin ən sərt xəbərdarlığı da məhz bu nöqtədə səslənir: dil gedərsə, milli kimlik gedər; milli kimlik gedərsə, dövlətçilik təhlükə altına düşər. Bu, emosional şişirtmə deyil. Bu, tarixdən çıxarılmış acı dərsdir.

Bu baxımdan Prezidentin Azərbaycan dilinin qorunmasını “hamımızın vəzifəsi” adlandırması sadəcə mədəni çağırış deyil. Bu, vətəndaşlıq borcunun tərifidir. Dilin qorunması jurnalistin peşə məsuliyyətidir, ziyalının mənəvi borcudur, müəllimin missiyasıdır, valideynin övlad qarşısında məsuliyyətidir.

Xüsusilə jurnalistlərə ünvanlanan çağırış bu çıxışın efir məkanı üçün ən aktual hissələrindən biridir. Prezident açıq şəkildə deyir ki, efirdə ən çox danışan jurnalistlərdir və onların dilə münasibəti cəmiyyətə birbaşa təsir edir. Burada artıq dil məsələsi ictimai davranış modelinə çevrilir.

Bu mövzu təkcə ölkə daxilini əhatə etmir. Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasını qlobal miqyasda, 50 milyondan çox azərbaycanlının yaşadığı coğrafiyada görür. Xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilini bilməməsi faktı Prezident üçün sadəcə statistika deyil, milli ağrı nöqtəsidir. Onlayn məktəblərin yaradılması təşəbbüsü isə bu ağrıya verilən praktik cavabdır.
Burada dövlət özünü bir daha dilin qoruyucusu kimi təqdim edir. Çünki Prezidentin dediyi kimi, əzəli, əbədi, ədəbi dili qoruyan əsas mərkəz məhz müstəqil Azərbaycan dövlətidir.

Bu fikirlər bizi sadə, amma çox ağır bir nəticəyə gətirir: Dil qorunmursa, heç nə qorunmur.

Tarixə nəzər salanda görürük ki, imperiyalar, ilk növbədə, torpaqları işğal ediblər, amma daha sonra dilləri hədəfə alıblar. Çünki dil dəyişəndə düşüncə dəyişir, düşüncə dəyişəndə isə millət özünü unudur. Prezident İlham Əliyevin dil məsələsində bu qədər prinsipial mövqe tutması məhz bu tarixi təcrübədən qaynaqlanır. Bu mövqe keçmişdən gələn qorxunun deyil, keçmişdən çıxarılmış dərsin nəticəsidir.

Prezident müsahibəsində açıq şəkildə bildirir ki, dilin qorunması inzibati üsullarla mümkün deyil. Qadağalar, süni məhdudiyyətlər, formal qərarlar dili yaşatmır. Dil yalnız o zaman yaşayır ki, insanlar onu sevərək, hörmətlə, şüurlu şəkildə istifadə edirlər. Bu isə dövlətin mədəni siyasəti ilə yanaşı, cəmiyyətin daxili mədəniyyət səviyyəsindən asılıdır.

Burada Prezident çox mühüm bir məqama toxunur: dilin saflığı ilə dilin inkişafı anlayışları bəzən yanlış şəkildə qarşı-qarşıya qoyulur. Halbuki bunlar bir-birinə zidd anlayışlar deyil. Dil nə qapalı sistemdir, nə də sərhədsiz məkan. Dil inkişaf etməlidir, yeni anlayışları ifadə etməlidir, amma bunu öz daxili qanunları əsasında etməlidir. Xarici sözlərə kor-koranə meyil inkişaf yox, özünə inamsızlığın göstəricisidir.

Prezident İlham Əliyevin fikirlərində xüsusi yer tutan məqamlardan biri də dil və intellekt münasibətidir. Cəmiyyətdə bəzən belə bir yanlış təsəvvür formalaşıb ki, yad sözlərdən çox istifadə edən insan daha savadlı, daha intellektual görünür. Prezidentin mesajı aydındır: düşüncənin dərinliyi sözlərin mənşəyi ilə yox, məzmunu ilə ölçülür. Bu fikir xüsusilə gənc nəsil üçün son dərəcə vacibdir. Çünki qloballaşma şəraitində gənclər informasiya axınının mərkəzindədirlər və bu axın çox vaxt ana dilini kölgədə qoyur. Sosial şəbəkələr, sürətli ünsiyyət formaları, qarışıq dil modeli, bütün bunlar dilin təbii inkişafından çox, təhrifinə xidmət edir. Prezidentin xəbərdarlığı burada açıqdır: texnologiya dilə xidmət etməlidir, dil texnologiyanın qurbanı olmamalıdır.

Prezidentin “bizim dilimiz buna imkan verir” fikri çox mühüm tezisdir. Azərbaycan dili zəngin dildir, ifadə imkanları genişdir, istənilən elmi, texniki, fəlsəfi fikri ifadə etməyə qadirdir. Ona görə də yad sözlərə üz tutmaq çox vaxt zərurətdən yox, tənbəllikdən və ya vərdişdən doğur. Bu vərdiş isə zamanla normaya çevrilir. Və normaya çevrilən yanlışlıq artıq təhlükədir.

Dövlət başçısının müsahibəsində səslənən fikirlərdən biri də bu təhlükənin məhz ziyalı təbəqədən başladığına dair incə, amma açıq işarədir. Çünki dili ən çox istifadə edən, dili ən çox formalaşdıran məhz ziyalılardır. Əgər ziyalı ana dilinə laqeyd yanaşırsa, cəmiyyətdən yüksək dil mədəniyyəti gözləmək çətindir. Bu mənada dilə münasibət ziyalılığın ölçüsünə çevrilir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən başqa bir məqam dil məsələsinin regionçuluq və dialektizm kontekstində deyil, ədəbi dil norması çərçivəsində təqdim olunmasıdır. Burada məqsəd müxtəlifliyi inkar etmək yox, vahid ünsiyyət məkanını qorumaqdır. Çünki dövlət dili vahid olmasa, dövlətin özü də ideoloji baxımdan parçalanar.

Xaricdə yaşayan azərbaycanlılarla bağlı səsləndirilən fikirlər isə bu çıxışa xüsusi emosional yük qatır. Prezident açıq şəkildə bildirir ki, ana dilini bilməyən azərbaycanlı uşaq milli kimlikdən uzaqlaşır. Bu, ittiham deyil. Bu, narahatlıqdır. Və bu narahatlıq dövlət səviyyəsində konkret addımlarla müşayiət olunur, onlayn məktəblər, tədris proqramları, diaspor fəaliyyətinin dil üzərində qurulması.

Burada bir həqiqət açıq şəkildə ortaya çıxır: Azərbaycan dövləti təkcə ərazisində yaşayan vətəndaşların deyil, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının dilinə cavabdeh olduğunu bəyan edir. Bu, müasir milli dövlət anlayışının yüksək mərhələsidir.

Prezidentin dil haqqında fikirlərinin dərinliyini tam anlamaq üçün bu mövzunu yalnız bugünün reallıqları ilə deyil, gələcəyin çağırışları ilə birlikdə dəyərləndirmək lazımdır. Çünki bu fikirlər təkcə “dili necə qoruyaq” sualına cavab vermir. Bu fikirlər eyni zamanda “gələcək Azərbaycan necə olacaq?” sualının da cavabını ehtiva edir. Dövlət başçısının çıxışında dil məsələsi nostalji ilə yox, romantika ilə yox, strateji baxışla təqdim olunur. Burada dil nə keçmişin muzey eksponatıdır, nə də yalnız ədəbiyyat dərsliklərinin predmeti. Dil burada canlı, inkişaf edən, rəqəmsal dövrə uyğunlaşmalı olan milli sistem kimi dəyərləndirilir. Bu, olduqca mühüm məqamdır. Çünki dili yalnız qorumaq yetərli deyil, dili yaşatmaq, inkişaf etdirmək, yeni nəsillər üçün cəlbedici etmək lazımdır.

Məhz bu kontekstdə son dövrlər həyata keçirilən təşəbbüslər Prezident İlham Əliyevin dil siyasətinin real davamı kimi çıxış edir. Dekabrın 28-də Azərbaycan Dillər Universitetində keçirilən “Azərbaycan dili” platformasının təqdimat mərasimi bunun bariz nümunəsidir. Bu hadisə təkcə bir layihənin təqdimatı deyil, dövlətin dil siyasətinin rəqəmsal mərhələyə keçidinin rəmzidir.
Bu platformanın ideya müəllifi və rəhbəri Alena Əliyeva olmaqla, layihənin Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti kimi nüfuzlu qurumların dəstəyi ilə həyata keçirilməsi göstərir ki, Azərbaycan dili məsələsi ayrı-ayrı təşəbbüslərin yox, vahid dövlət strategiyasının tərkib hissəsidir. Bu, Prezident İlham Əliyevin dil haqqında söylədiyi fikirlərin konkret mexanizmlərlə icra olunduğunu sübut edir.

Dil haqqında danışarkən Prezident İlham Əliyevin xüsusi vurğuladığı məqamlardan biri də dilin birləşdirici gücüdür. Bu güc yalnız ölkə daxilində regionları, şəhərləri, sosial qrupları birləşdirmir. Bu güc eyni zamanda dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlını bir amal ətrafında birləşdirir. Təsadüfi deyil ki, “Azərbaycan dili” platformasının təqdimatının məhz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilməsi dərin rəmzi məna daşıyır.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün dil artıq sadəcə ünsiyyət vasitəsi deyil. Dil onların Vətənlə son mənəvi bağlarından biridir. Bu bağ qırılarsa, milli kimlik zəifləyər. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı narahatlığı məhz buradan qaynaqlanır. Xaricdə doğulan, böyüyən, başqa dildə təhsil alan uşaqlar üçün Azərbaycan dili itirilərsə, bu, təkcə dil itkisi yox, nəsillərarası qırılma deməkdir.

Məhz buna görə Prezident dilin tədrisini yalnız məktəbin üzərinə qoymur. O, bunu dövlət–cəmiyyət–ailə üçbucağının ortaq vəzifəsi kimi təqdim edir. Dövlət şərait yaradır, platformalar qurur, proqramlar hazırlayır. Amma dili yaşadan ailədir, dili gündəlik həyata çevirən cəmiyyətdir, dili nümunə ilə öyrədən ziyalıdır.

Bütün bu fikirləri ümumiləşdirəndə bir həqiqət aydın görünür: Prezident İlham Əliyevin dil siyasəti qorxu üzərində qurulmayıb. Bu siyasət qadağa üzərində qurulmayıb. Bu siyasət inam üzərində, öz dilinə güvən üzərində, xalqın mədəni potensialına hörmət üzərində qurulub. Məhz buna görə bu siyasət yaşarlıdır, davamlıdır və nəticə verir.

Bu gün Azərbaycan dili həm klassik poeziyanın dili olaraq qalır, həm də rəqəmsal platformalarda yeni nəfəs qazanır. Həm Nizaminin, Füzulinin, Vaqifin dilidir, həm də XXI əsr gəncinin özünü ifadə edə bildiyi müasir dildir. Bu tarazlığı qorumaq isə hər kəsin işi deyil. Bu, milli lider məsuliyyəti tələb edən işdir.

Dil – milli varlığın son qalası və gələcəyə yazılan and

Prezident İlham Əliyevin jurnalistlərlə müsahibəsində Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər, əslində, bir siyasi mövqedən daha artıq məna daşıyır. Bu fikirlər milli varlığın qorunması haqqında deyilmiş sözlərdir, bu fikirlər gələcək nəsillərə ünvanlanan mənəvi çağırışdır. Çünki tarix dəfələrlə sübut edib: torpağı itirən millət bəzən geri qayıda bilir, amma dili itirən millət tarix səhnəsindən səssizcə silinir.

Azərbaycan xalqı bu acı həqiqəti tarixinin müxtəlif mərhələlərində yaşamış bir xalqdır. İmperiyaların tərkibində olarkən torpaqlar əlimizdən alınıb, sərhədlərimiz cızılıb, taleyimiz kənarda müəyyənləşdirilib. Amma bir şey əlimizdən alınmayıb – dilimiz. Və bu dil bizi xalq kimi qoruyub, millət kimi saxlayıb, dövlətçilik ideyasını yaddaşımızda yaşadıb.

Prezident İlham Əliyevin dil məsələsində bu qədər qətiyyətli və prinsipial mövqe tutması da məhz buradan qaynaqlanır. Dövlət başçısı üçün dil təkcə mədəni irs deyil, milli təhlükəsizlik məsələsidir. Dil təkcə filoloqların, müəllimlərin və yazıçıların işi deyil. Dil dövlətin özünü qoruma mexanizmidir.

Bu gün Azərbaycan dili Konstitusiyada dövlət dili kimi təsbit olunub. Amma Prezidentin mövqeyi bununla bitmir. Ölkə başçısı dili yalnız hüquqi statusla qorumağın kifayət etmədiyini bəyan edir. Dil yaşayırsa, o, danışılırsa, sevilirsə, hörmət edilirsə yaşayır. Əgər dil gündəlik ünsiyyətdən, mediadan, ailə mühitindən sıxışdırılarsa, ən güclü qanunlar belə onu xilas edə bilməz.

Prezidentin müsahibəsində səslənən “dil bizi birləşdirir” fikri bu baxımdan xüsusi məna kəsb edir. Bu gün Azərbaycan dili ölkə daxilində regionları, sosial təbəqələri, nəsilləri birləşdirir. Eyni zamanda bu dil dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid mənəvi məkanda saxlayır. Bu, nadir tarixi missiyadır. Bu missiyanın müasir dövrdə davam etdirilməsi üçün artıq yeni vasitələrə ehtiyac var. “Azərbaycan dili” platformasının yaradılması məhz bu ehtiyacdan doğur. Bu platforma klassik dərsliyin yox, rəqəmsal dövrün tələblərinə cavab verən milli layihənin nümunəsidir. Bu layihə göstərir ki, Azərbaycan dili nəinki keçmişin dili deyil, gələcəyin də dilidir.

Bu gün Azərbaycan dilini öyrənən xarici tələbələrin sayının artması, dünyanın aparıcı universitetlərində bu dilə marağın yüksəlməsi təsadüfi deyil. Bu maraq təkcə dilə yox, Azərbaycan dövlətinə, onun apardığı siyasətə, regionda və dünyada tutduğu mövqeyə olan marağın nəticəsidir. Dil dövlətin güzgüsüdür. Dövlət güclüdürsə, onun dili də maraq doğurur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada söz sahibinə çevrilib. Və bu söz, ilk növbədə, öz ana dilimizdə deyilən sözdür. Çünki yalnız öz dilində deyilən söz səmimi olur, inandırıcı olur, çəkili olur. Bu baxımdan Azərbaycan dilinin qorunması təkcə mədəni məsələ yox, siyasi məsuliyyətdir.

Bu çıxışı yekunlaşdırarkən demək olar ki, Prezident İlham Əliyevin dil haqqında fikirləri bizi çox aydın bir nöqtəyə gətirib çıxarır: Azərbaycan dili bizim keçmişimizdir, bu günümüzdür və gələcəyimizdir. Bu dil yaşadıqca Azərbaycan da yaşayacaq. Bu dil qorunduqca milli kimliyimiz qorunacaq. Bu dil inkişaf etdikcə dövlətimiz də güclənəcək. Və bəlkə də bu gün bizim üzərimizə düşən ən böyük vəzifə sadədir, amma ağırdır: Ana dilimizi sevmək, onu düzgün danışmaq və gələcək nəsillərə bütöv şəkildə ötürmək. Çünki dil bizə əmanətdir. Bu əmanəti qorumaq isə milli məsələdir.

Könül Səmədova,
ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor