Türkiyədən yeni təşəbbüs: Uşaqla birlikdə valideyn də məktəbə gedəcək

12 İyun, 2026 - 15:38
Türkiyədən yeni təşəbbüs: Uşaqla birlikdə valideyn də məktəbə gedəcək

Türkiyənin Milli Təhsil Nazirliyi məktəbəqədər təhsil və ibtidai məktəbin birinci sinfinə başlayacaq uşaqların valideynlərini  təhsil prosesinə daha fəal şəkildə cəlb etməyə hazırlaşır.

"Azərbaycan müəllimi" Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazirliyin yeni təşəbbüsü ilə 2026–2027-ci tədris ilindən təhsil həyatına ilk dəfə qədəm qoyacaq uşaqların valideynləri üçün xüsusi hazırlıq proqramının tətbiqi nəzərdə tutulur.

Türkiyənin milli təhsil naziri Yusuf Tekin bildirib ki, hazırda “Valideyn məktəbi” adlı proqram üzərində iş aparılır. Hazırda tətbiq olunan uyğunlaşma həftəsi çərçivəsində məktəbəqədər təhsil müəssisələrinə və birinci sinfə qəbul olunan şagirdlər dərslərə digər şagirdlərdən bir həftə əvvəl başlayırlar. Nazirlik oxşar hazırlıq mərhələsinin valideynlər üçün də təşkil edilməsini planlaşdırır.

Layihəyə əsasən, övladları ilk dəfə məktəbə başlayacaq valideynlər bir həftəlik xüsusi təlim proqramına cəlb olunacaqlar. Təlimlərdə uşaqların məktəb mühitinə uyğunlaşması, məktəb-valideyn əməkdaşlığı, effektiv ünsiyyət bacarıqları və valideyn maarifləndirilməsi kimi mövzuların yer alacağı gözlənilir.

Yusuf Tekin qeyd edib ki, proqramın könüllü deyil, məcburi əsaslarla həyata keçirilməsi istiqamətində iş aparılır. Nazirlik hazırda təşəbbüsün hüquqi və təşkilati mexanizmlərini hazırlayır.

Yeni qaydalar qüvvəyə minəcəyi təqdirdə məktəbəqədər təhsil və birinci sinfə başlayacaq şagirdlərin valideynləri üçün təhsil sistemində yeni mərhələ başlanmış olacaq. Bu addımın əsas məqsədi ailələrin təhsil prosesində iştirakını artırmaq və uşaqların məktəbə uyğunlaşmasını daha rahat təmin etməkdir.