“Dil məsələsi dərsliklərlə sıx bağlıdır” – AMEA-nın şöbə müdiri

12 Yanvar, 2026 - 14:27
“Dil məsələsi dərsliklərlə sıx bağlıdır” – AMEA-nın şöbə müdiri

Azərbaycan dilinin saflığının qorunması məsələsi son illər dövlət səviyyəsində xüsusi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin çıxış və müsahibələrində bu mövzuya dəfələrlə toxunması, dilin milli kimliyin əsas dayaqlarından biri kimi dəyərləndirilməsi təsadüfi deyil. 

Saytların dilinin monitorinqi keçiriləcək

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, ölkə rəhbəri İlham Əliyevin Azərbaycan dilini dövlət atributları sırasında ön plana çəkməsi, onu təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də milli kimliyin, dövlətçiliyin və mədəniyyətin əsas dayağı kimi dəyərləndirməsi dövlətin dilə olan xüsusi diqqət və qayğısını ifadə edir: “Bu gün Azərbaycan dili bizim üçün yalnız normalar sistemi və ya linqvistika predmeti deyil, müstəqilliyimizin, milli kimliyimizin və mənəvi varlığımızın ən mühüm dayağı, milli ideologiyamızın əsas sütunu, dövlətçilik düşüncəsinin ayrılmaz tərkib hissəsidir. Məhz bu yanaşma Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsininin prioritet istiqamətini təşkil edir. 

Dövlət başçısının Azərbaycan dilinə verdiyi bu strateji dəyər bizim qarşımızda konkret və məsuliyyətli vəzifələr qoyub, dilimizin tətbiq olunduğu bütün sahələrdə, xüsusilə mediada ədəbi dil normalarına riayət olunması məsələlərinə diqqətin daha da artırılması istiqamətində sistemli fəaliyyətin zəruriliyini ön plana çəkib. 

Qeyd etmək istəyirəm ki, hazırda Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsi elmi-tədqiqat planına uyğun olaraq televiziyaların dili üzərində aparılan monitorinqləri başa çatdırıb, aşkarlanan nitq faktları əsasında şöbə əməkdaşları tərəfindən yazılmış müxtəlif məqalələr elmi məcmuələr və konfrans materiallarında dərc edilib. 2026-cı ildə isə şöbə müvafiq plana uyğun olaraq saytların dilinin monitorinqini həyata keçirəcək. Həm müstəqil, həm də dövlət qurumlarının rəsmi saytları monitorinqə cəlb olunacaq”. 

O qeyd edib ki, aparılan təhlillər medianın dilində, xüsusilə televiziya aparıcılarının nitqində kifayət qədər norma pozuntularının olduğunu söyləməyə əsas verir: “Bu qüsurlar orfoepik və leksik səviyyələrdə özünü daha qabarıq şəkildə büruzə verir. Digər narahatlıq doğuran məqam isə Azərbaycan dilində qarşılığı olduğu halda əcnəbi sözlərdən yersiz istifadə edilməsidir. Prezident də bunu qeyd edib: “Xarici kəlmələr dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Əksinə, onlar dilimizi pozur və milli kimliyimizi damcı-damcı, yavaş-yavaş sarsıdır”.

“Elə üslublar var ki, ana dilimizi yad dillərin təsirinə salaraq onu “tərcümə dili” səviyyəsinə endirir”

Şöbə müdirinin sözlərinə görə, burada söhbət yalnız tək-tək kəlmələrin istifadəsindən deyil, bütövlükdə nitqin strukturundan və aparıcıların seçdiyi üslubi yanaşmadan gedir:

“Hər bir aparıcının fərdi üslubunun olması təbiidir, lakin elə üslublar var ki, ana dilimizi yad dillərin təsirinə salaraq onu “tərcümə dili” səviyyəsinə endirir. Bu prosesin yaradacağı taleyüklü fəsadlar ölkə rəhbərinin müsahibəsində aydın şəkildə bəyan edilib. Dil əldən gedəndən sonra, yaxud pozulandan sonra milli kimlik, ondan sonra da dövlətçilik gedəcək. Məhz bu səbəbdən aparıcılar dərk etməlidirlər ki, onların qarşısında geniş auditoriya — şagirdlər, tələbələr, bütövlükdə cəmiyyət dayanır.

Media mənsubları, eləcə də verilişlərə dəvət olunan ekspert və qonaqlar ana dilini təbliğ etdiklərini unutmamalı, öz nitqlərinə bütün səviyyələrdə nəzarət etməlidirlər. Nəzərə alınmalıdır ki, efir məkanında səslənən hər bir söz təkcə informasiya ötürmək funksiyasını daşımır, həm də milli kimliyin qorunmasına xidmət edir. Aparıcıların, ekspertlərin və qonaqların dilə münasibəti cəmiyyətin dil şüurunu formalaşdırır, gənc nəsil üçün nümunə yaradır. Efir məkanında çalışan hər kəs anlamalıdır ki, onun nitqi sadəcə peşəkar fəaliyyət nümunəsi deyil, həm də milli ideologiyanın təbliğidir”. 

Sevinc Əliyevanın fikrincə, bu gün qloballaşan dünyadan təcrid olunmaq mümkün deyil. Lakin ana dilinə olan sevgi, onu yad dillərin təsirindən qorumaq cəhdi hər bir azərbaycanlının vəzifəsi olmalıdır: “Prezident İlham Əliyevin çağırışı bu vəzifənin strateji mahiyyətini göstərir: dilin qorunması milli mübarizədir, çünki dil milli varlığın, dövlətçiliyin və mədəniyyətin əsas dayağıdır. Qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunması yalnız dövlətin deyil, bütün vətəndaşların ortaq məsuliyyətidir. Prezident İlham Əliyev hər birimizi milli mübarizəyə səsləyərək bildirir: “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm””.

Professor Sevinc Əliyeva Azərbaycan televiziyasında yayımlanan “Sözün düzü” buraxılışını bu istiqamətdə aparılan məqsədyönlü işlərin tərkib hissəsi sayaraq sözügedən buraxılışda müxtəlif sahələrdə – mediada, reklam daşıyıcılarında və internet məkanında rast gəlinən ədəbi dil norma pozuntularının sistemli şəkildə təhlil olunduğunu bildirib: “Burada nitq qüsurları yalnız tənqid obyektinə çevrilmir, eyni zamanda onların normativ dil qaydalarına uyğun düzgün variantları tamaşaçıların diqqətinə çatdırılır. Bu yanaşma cəmiyyətdə dil məsuliyyətinin formalaşmasına, düzgün nitq mədəniyyətinin təşviqinə mühüm töhfə verir. Belə maarifləndirici verilişlərin təkcə ayrı-ayrı kanallarla məhdudlaşmaması, əksinə, bütün televiziya kanallarında sistemli şəkildə yayımlanması dilə həssas münasibətin güclənməsinə, medianın dil siyasətinin elmi əsaslar üzərində formalaşmasına və ümumilikdə dilə sevginin aşılanmasına xidmət etmiş olar”. 

“Dərsliklərin dilinin aydın olması şagirdlərdə düzgün danışıq və yazı vərdişləri formalaşdırır”

Professor Sevinc Əliyeva Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafında ziyalıların, şairlərin və yazıçıların rolunu xüsusi vurğulaması məsələsinə də diqqət çəkib: “Prezidentin “Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız, onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə” fikri dil məsələsində söz adamlarının üzərinə düşən məsuliyyəti açıq şəkildə ifadə edir. Bu baxımdan yazıçı və şairlərin televiziya verilişlərində fəal iştirak etmələri, dilin təmizliyi və düzgün istifadəsi ilə bağlı mövqelərini ictimaiyyətə çatdırmaları cəmiyyətdə dilə diqqətin və məsuliyyətin artmasına mühüm töhfə vermiş olar.

Yazıçı və şairlərin dil məsələlərində fəal mövqeyi yalnız televiziya və media ilə məhdudlaşmamalıdır. Bu məsələ birbaşa təhsil sahəsi ilə, xüsusilə dərsliklərin dili ilə də sıx bağlıdır. Çünki uşaqlar və gənclər ana dilini əsasən dərsliklər vasitəsilə mənimsəyirlər. Dərsliklərin dilinin aydın, səlis və ədəbi dil normaları baxımından dəqiq olması şagirdlərdə düzgün danışıq və yazı vərdişlərinin formalaşmasına kömək edir. Buna görə də Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində görülən işlərdə dərsliklərin dilinə xüsusi diqqət yetirilməsi olduqca əhəmiyyətlidir.  

Dilimizin qorunması, eyni zamanda dövlət səviyyəsində strateji bir məsələ kimi qoyulur. Bu baxımdan Prezident İlham Əliyevin fikirləri xüsusi önəm daşıyır. Dövlət başçısı açıq şəkildə vurğulayır: “Mən heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox dil bilsəydim, ancaq xoşbəxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir”. Bu sözlər Azərbaycan dilinin qorunması və tədrisi sahəsində dövlətin mövqeyini aydın şəkildə ortaya qoyur və xüsusilə xaricdə böyüyən azərbaycanlı uşaqların ana dilini öyrənmələri məsələsini diqqət mərkəzinə gətirir. Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlı uşaqlara ana dilinin tədris edilməsi, onlarda doğma dildə ünsiyyətqurma bacarığının formalaşdırılması və inkişaf etdirilməsinin olduqca vacib olduğunu dəfələrlə vurğulayıb. Ölkə rəhbəri hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycan məktəblərinin fəaliyyət göstərdiyini, lakin bu işlərin daha da genişləndirilməsinə ciddi ehtiyac olduğunu nəzərə çatdırıb.

Xaricdə yaşayan soydaşlarımız arasında doğma dilimizin yaşadılması, tədrisinin sistemli şəkildə təşkili məsələsi dövlət başçısının hər zaman nəzarətdə saxladığı məsələlərdən olub. 

S.Əliyeva vətəndən uzaqda böyüyən azərbaycanlı uşaqlar üçün hazırlanmış “Azərbaycan dilini öyrənirik” adlı kitabı bu istiqamətdə aparılan işlərin tərkib hissəsi kimi xüsusi qiymətləndirib. Onun sözlərinə görə, ana dilinin tədrisində metodik vəsaitlərin rolu nə qədər əhəmiyyətlidirsə, bu biliklərin müasir texnologiyalar vasitəsilə dünya səviyyəsində geniş auditoriyaya çatdırılması bir o qədər zəruridir: “Hazırda ölkə rəhbərinin tapşırığına əsasən, rəqəmsal məkanda Azərbaycan dilinin onlayn formada tədrisi həyata keçirilir. Bu baxımdan Alena xanım Əliyevanın layihə rəhbəri olduğu və bu günlərdə təqdimatı keçirilən Azərbaycan Dili Platforması xüsusi əhəmiyyət kəsb edir”. 

Sonda professor S.Əliyeva Azərbaycan dilinin əsas milli dəyərimiz olduğunu bir daha qeyd edib, onun qorunması, tədrisi və gələcək nəsillərə ötürülməsi sahəsində dövlət siyasətinin daim uğurla həyata keçirildiyini vurğulayıb.