Dilimizi inkişaf etdirərək qorumalıyıq – Gənc dilçi alim

7 Yanvar, 2026 - 16:20
Dilimizi inkişaf etdirərək qorumalıyıq – Gənc dilçi alim

Azərbaycan dilinin saflığının qorunması məsələsi ictimai müzakirələrin mərkəzindədir. Prezidentin ana dilinin milli kimliyin və dövlətçiliyin əsas dayaqlarından biri olduğunu vurğulaması bu mövzunun aktuallığını bir daha ön plana çəkib. Efir məkanında dil normalarına əməl olunması, xarici sözlərin istifadəsi və xaricdə yaşayan soydaşlarımızın ana dili ilə bağlı üzləşdiyi çətinliklər isə məsələyə daha geniş formada baxmağı zəruri edir. 

“Azərbaycan müəllimi” bu istiqamətdə mövcud vəziyyəti dəyərləndirmək üçün gənc dilçi alim - filologiya elmləri doktoru, dosent Aysel Qəriblinin mövqeyini öyrənib.

O bildirib ki, hər bir xalqın etnik özünəməxsusluğunun, mədəniyyətinin, o cümlədən də dilinin əsas qoruyucusu həmin xalqın dövlətidir:

“Prezident bu həqiqəti ifadə edərək söyləyib ki, Azərbaycan xalqının dilinin qoruyucusu da Azərbaycan dövləti, həmçinin son dövrlərdə xüsusilə güclənən dövlətçilik ənənəmizdir. Burada əsas məsələlər odur ki, Azərbaycan dövləti Azərbaycan dilinin inkişafı naminə dilimizin təhsildə, elmdə, maarifçilikdə və ictimai-siyasi həyatda öz imkanlarını lazımi səviyyədə ifadə etməsi, dilimizin beynəlxalq miqyasda tanınması, ən əsası, dünya azərbaycanlıları arasında Azərbaycan dilinin inkişafının və müdafiəsinin təminatı olması üçün mühüm işlər həyata keçirir. Prezident bir daha bəyan etdi ki, dövlətimiz dünyanın hansı yerində bir azərbaycanlı varsa, həm onu, həm də onun dilini, mədəniyyətini və ona aid olan bütün dəyərləri qoruyur”. 

Alim qeyd edib ki, insanların çox dil bilməsi müsbət haldır. Lakin Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, heç bir dili ana dilinin hesabına öyrənmək olmaz. Ana dili bütün digər dillərdən birinci yerdə dayanır və ana dili bizim üçün həm də dövlət dilidir. Ona görə də vətəndaşlarımız hansı dili öyrənirlərsə öyrənsinlər, ilk növbədə, dövlət dilini yaxşı bilməlidirlər:

"Amma bununla belə müxtəlif dilləri də bilməliyik ki, elmdə və ictimai həyatın bütün proseslərində fəal iştirak edə bilək. Biz neçə-neçə ziyalı nəsil görmüş xalqıq və bu mənada Azərbaycan ziyalıları üçün dilin nə olduğu, milli mədəniyyətin mahiyyəti, milli tariximizlə iftixar etməyin və ana dilimizi sevməyin nə demək olduğu barədə çox təcrübələr mövcuddur. Bu təcrübələrin sırasında Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov və ən başlıcası Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyəti xüsusi yer tutur. Məhz buna görə də ana dilimizə münasibəti bu ziyalılarımızın təcrübələrindən öyrənməliyik. Bu ziyalıların təsiri altında formalaşan yeni nəsil ziyalılarımız da var ki, onlar həm xarici dilləri, həm də Azərbaycan dilini mükəmməl bilirlər. Bu baxımdan Azərbaycan xalqının öz dilinə və dünya dillərinə münasibət sahəsindəki təcrübəsi kifayət qədər zəngindir və gənclərimiz bu təcrübədən hər zaman bəhrələnə bilər”. 

A.Qəribli vurğulayıb ki, dilin saflığı onun inkişafı prosesində müəyyənləşir: “Yəni dünyada elə bir xalq yoxdur ki, dilini olduğu kimi saxlayaraq “mənim dilim safdır”,- deyə bilsin. Bütün dillər inkişaf edir. Dillər arasında daim qarşılıqlı əlaqələr mövcuddur, beynəlxalq dillər formalaşır. Məsələn, bu gün bir çox sahələrdə, xüsusilə də elmi nailiyyətlərin təqdim edilməsində ingilis dili aparıcı mövqe tutur. Terminologiya, ictimai-siyasi münasibətlər sahəsində və publisistikada bu təsir açıq şəkildə görünür. Bu baxımdan biz dilimizi inkişaf etdirərək qorumalıyıq. Çünki dili inkişaf etdirmədən onu qorumaq mümkün deyil. Dilin öz taleyi və tarixi var və bu proses onun yaşamasını təmin edir. Hətta çalışsaq belə, dili qədim dövrlərdə olduğu kimi saxlamaq mümkün deyil”. 
 
Gənc alim əlavə edib ki, dilimizin saflığının qorunması üçün xaricdə yaşayan azərbaycanlılarla Azərbaycanda yaşayan azərbaycanlılar arasında əlaqələr qırılmasın: “Çalışmalıyıq ki, dilimiz məişət səviyyəsinə düşməsin, bədii ədəbiyyatın, müasir akademik və publisistik düşüncənin dili olaraq daim inkişaf etsin, əlli milyondan artıq insanın dili olan bu dilin ümumi enerjisi qorunsun”.