Emin Əmrullayev: İnsanlar doktoranturaya adlarının qarşısında elmi dərəcə yazdırmaq üçün gəlməməlidirlər

13 İyun, 2026 - 12:14
Emin Əmrullayev: İnsanlar doktoranturaya adlarının qarşısında elmi dərəcə yazdırmaq üçün gəlməməlidirlər

Doktorantura proqramlarının yalnız güclü elmi-tədqiqat potensiala malik ali təhsil müəssisələrində həyata keçirilməsi vacibdir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

“Doktorantura ilə bağlı yanaşmamız aydındır. Doktorantura proqramları yalnız elmi-tədqiqat potensialı olan ali təhsil müəssisələrində həyata keçirilməlidir. Elmi tədqiqat aparılmayan müəssisədə doktorantura formal xarakter daşıyır və bu, məqsədəuyğun deyil”,- deyə nazir əlavə edib.

O qeyd edib ki, mövcud statistika doktorantura təhsilinin keyfiyyətinin artırılmasının vacibliyini göstərir: “Eyni zamanda statistik göstəricilər onu göstərir ki, doktoranturaya qəbul olunanların müəyyən hissəsi dissertasiya müdafiəsini tamamlamır. Əslində ölkənin ehtiyacı formal şəkildə doktorantura bitirmiş şəxslərə deyil, həqiqi elmi fəaliyyət göstərən tədqiqatçılaradır”.

Nazirin sözlərinə görə, fəlsəfə doktoru dərəcəsi xüsusi imtiyaz deyil, elmi fəaliyyət üçün zəruri olan peşəkar kvalifikasiyanı ifadə edir: “Mənim fikrimcə, fəlsəfə doktoru dərəcəsi sadəcə növbəti təhsil və elmi inkişaf mərhələsidir. Bu status vətəndaşa xüsusi imtiyaz vermir. O, yalnız elmi fəaliyyətlə məşğul olmaq üçün tələb olunan kvalifikasiyanı ifadə edir”.

Emin Əmrullayev vurğulayıb ki, doktoranturaya qəbulun əsas məqsədi elmin inkişafına və ali təhsildə keyfiyyətli fəaliyyətə töhfə vermək olmalıdır: “İnsanlar doktoranturaya sadəcə adlarının qarşısında elmi dərəcə yazdırmaq üçün deyil, elmə, tədqiqata və ali təhsildə fəaliyyətə töhfə vermək məqsədilə gəlməlidirlər”.

Nazir əlavə edib ki, doktorantura təhsili öz həyatını elmə, araşdırmaya və ali təhsil sahəsində tədris fəaliyyətinə həsr etmək istəyən şəxslər üçün nəzərdə tutulmalıdır: “Doktorantura məhz həyatını elmə, araşdırmaya və ali təhsildə tədris fəaliyyətinə həsr etmək istəyən insanlar üçün nəzərdə tutulmalıdır. Biz də bu istiqamətdə elmi potensialı olan müəssisələrdə keyfiyyətli kadr hazırlığını davam etdirəcəyik”.