Bu ildən PKTU-BMU Mühəndislik fakültəsinə tələbə qəbulu aparılır

12 İyun, 2026 - 16:11
Bu ildən PKTU-BMU Mühəndislik fakültəsinə tələbə qəbulu aparılır

Bakı Mühəndislik Universitetində (BMU) qlobal bilik və bacarıqlara yiyələnmək, beynəlxalq səviyyədə təhsil imkanlarından faydalanmaq və gələcəyin prioritet mühəndislik istiqamətləri üzrə peşəkar kompetensiyalar əldə etmək istəyən gənclər üçün yeni akademik imkan yaradılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, universitetdə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universiteti ilə birgə PKTU-BMU Mühəndislik fakültəsi yaradılıb və bu ildən fakültəyə tələbə qəbulu həyata keçiriləcək.  

Bu təşəbbüs Azərbaycan və Çin arasında ali təhsil sahəsində strateji əməkdaşlığın mühüm göstəricisi olmaqla yanaşı, tələbələrə beynəlxalq standartlara uyğun mühəndislik təhsili, qabaqcıl elmi biliklər və qlobal əmək bazarının tələblərinə cavab verən peşəkar hazırlıq imkanları təqdim edir.

Fakültə müasir mühəndislik təhsilinin ən yaxşı təcrübələrini bir araya gətirərək, yüksək ixtisaslı və beynəlxalq mühitdə rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir. Burada gələcəyin ən perspektivli ixtisasları üzrə təhsil almaq mümkündür: 

- Kompüter elmləri;

- Kimya;

- Biotexnologiya;

- Mexanika mühəndisliyi.

Bu ixtisaslar üzrə tələbə qəbulu BMU-PKTU Mühəndislik fakültəsinin ikili diplom proqramı çərçivəsində 3+1 modeli əsasında həyata keçirilir. Tələbələr təhsilin ilk 3 ilini BMU-da, sonuncu 1 ilini isə Pekin Kimya Texnologiyaları Universitetində davam etdirirlər.

Tədris prosesi BMU və PKTU-nun yüksəkixtisaslı, beynəlxalq təcrübəyə malik professor-müəllim heyəti tərəfindən həyata keçiriləcək. Bu əməkdaşlıq tələbələrə hər iki universitetin akademik potensialından, qabaqcıl tədris təcrübəsindən və müasir elmi yanaşmalarından faydalanmaq imkanı yaradacaq, onların nəzəri bilik və praktik bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə formalaşmasına xidmət edəcək.

Fakültə tələbələrin beynəlxalq elmi-tədqiqat fəaliyyətinə inteqrasiyasını dəstəkləyərək onların birgə tədqiqat layihələrində iştirakına, akademik mobillik proqramlarından faydalanmasına, qabaqcıl texnoloji yeniliklərlə işləməsinə və beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını inkişaf etdirməsinə əlverişli şərait yaradacaq. 

PKTU-BMU Mühəndislik fakültəsi yalnız keyfiyyətli ali təhsil mühiti deyil, eyni zamanda innovasiya, elmi-tədqiqat fəaliyyəti, texnologiya transferi və yüksək ixtisaslı mühəndis kadrların hazırlanması istiqamətində mühüm akademik platformadır. Fakültədə təhsil alan tələbələr müasir mühəndislik biliklərinə yiyələnməklə yanaşı, beynəlxalq akademik mühitdə formalaşmaq, qlobal təcrübədən faydalanmaq və sürətlə dəyişən əmək bazarının tələblərinə cavab verən peşəkar kompetensiyalar əldə etmək imkanı qazanırlar. Gələcəyin texnologiyalarını dərindən mənimsəmək, innovativ düşüncə tərzi formalaşdırmaq və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis kimi yetişmək istəyən gənclər üçün PKTU–BMU Mühəndislik fakültəsi geniş inkişaf perspektivləri təqdim edir.