Dilimizi necə qoruyaq? - Müəllim və şagirdlərin mövqeyi
Ana dilimizin hərtərəfli inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu il yanvarın 5-də yerli televiziyalara müsahibəsində ölkə Prezidenti İlham Əliyev Azərbaycan dilinin qorunması barədə danışarkən dilə xarici kəlmələrin gəlməsinə qarşı olduğunu deyib: “Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Dil o amildir ki, milləti millət edir. Dili qorumaq hər birimizin vəzifəsidir”.
“Azərbaycan müəllimi” şagirdlərin nitqində xarici kəlmələrin nə dərəcədə işləndiyi, bunun qarşısının alınması üçün görülən tədbirlər haqqında məlumat almaq məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə görüşüb.
“Mütaliə şagirdlər üçün problemə çevrilib, onları kitaba sövq etmək çox çətindir”
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günay İsgəndərova qeyd edir ki, varvarizm nəinki şagirdlərin, elə böyüklərin də dilində çox tez-tez səslənir: “Elə sözlər var ki, artıq dilimizə oturuşub. Uşaqlar biz böyüklərdən, evdən, ailədən, ətrafdan həmin sözləri götürür və tez-tez istifadə edirlər. Düzdür, dil və ədəbiyyat müəllimi olaraq biz belə sözlərlə qarşılaşanda yerindəcə irad tuturuq. Şagird var ki, növbəti dəfə müəllimin iradını nəzərə alaraq nitqində “təmizlik” aparır. Uşaqlar da var ki, onlarla bir az çətin olur”.
Günay müəllimin sözlərinə görə, əvvəlki illər rus sözlərindən daha çox istifadə olunurdu. Hazırda isə şagirdlərin dilinə ingilis və türk sözləri daha çox daxil olur. Türk kanallarına, seriallarına baxmaqla şagirdlər türk sözlərindən çox istifadə etməyə başlayıblar: “Düzdür, türk və Azərbaycan dilləri eyni kökdən yaranıb, ancaq hər bir dilin özünün morfoloji quruluşu, özəlliyi var. Vətəni sevmək və dili sevmək anlayışları paralel şəkildə gedir. Biri axsayarsa, dövlətçiliyə, xalqa zərbə vurur. Dilimizin təmizliyi üçün şagirdləri mütaliəyə cəlb edirik. Mütaliə isə şagirdlər üçün problemə çevrilib, onları kitaba sövq etmək çox çətindir. Çünki informasiya axını bolluğunda yaşayırıq, uşaqların hərəsinin əlində bir telefon var, sosial şəbəkələrdə çox vaxt keçirirlər. Fikrimcə, varvarizmlə mübarizədə vacib məqam millətə bağlılıqdır. Bu isə dili sevdirməkdən keçir və ən effektiv həll mütaliədədir. Dilini sevən anasını, Vətənini də sevir”.
G.İsgəndərova bildirir ki, dövlət başçısı İlham Əliyev dilin saflığı uğrunda çox böyük addımlar atır, dili hər vasitə ilə qorumağa çalışır, dövlət səviyyəsində tədbirlər görülür. O deyir: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil quruculuğu siyasəti Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında mühüm rol oynayır. 2000-ci illərin əvvəllərində kütləvi şəkildə latın qrafikasında kitabların nəşr edilməsi bu istiqamətdə atılan ən vacib addımlardan biri idi. Xatırlayıram ki, biz məktəbdə oxuyan dönəmlərdə bir müddət “Azərbaycan dili” dərsliklərinin üzərinə “Türk dili” yazılırdı. Ümummilli lider Heydər Əliyevin sayəsində dərsliklərin üzərində “Azərbaycan dili” yazılmağa başlandı ki, biz öz milliliyimizə, kimliyimizə qayıdaq. Düzdür, dilimiz türk dillərinə aiddir, lakin milliyətini dünya səviyyəsində hərə öz dili ilə tanıdır. Dövlətin gördüyü tədbirlərlə yanaşı, gərək hər bir vətəndaş öz sahəsində üzərinə düşən vəzifələri yerinə yetirsin”.
“Qarşılığı olan sözü başqa dildən gətirmək dilimizi korlayır və hörmətdən salır”
Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Hüseynli qeyd edir ki, günümüzün ən mühüm qərarı dilimizin saflığını qurumaqdır: “Bir müəllim olaraq təəssüf hissi ilə qeyd etmək istərdim ki, təkcə şagirdlərin yox, hamımızın dilində varvarizmlərdən istifadə olunur. Bu da zəncirvari halqa şəklində davam edir. Bunun ilk halqası ailədən başlayır, sonra bağça, məktəb, ali məktəb və sonda cəmiyyətdə davam edir. Əfsuslar olsun ki, varvarizmlər televiziya kanallarında, mediada, reklamlarda, yeni çəkilən filmlərdə də istifadə olunur. Ona görə uşaqlar gündəlik eşitdikləri bu sözlərdən istifadə edirlər. Təbii ki, bununla mübarizəni hamı mütaliəyə, klassiklərimizin əsərlərini oxumağa bağlayır. Ədəbiyyat dərsində biz demək olar ki, əsərlər üzərində işləyirik, oxu saatı keçirilir. Hər yaş qrupuna uyğun əsərlər tövsiyə edilir, həmin əsərlər oxunur, əsərləri səhnələşdiririk, müəyyən Ana dili ilə bağlı tədbirlərdə əsərlərin bir hissəsini şagirdlər əyani şəkildə nümayiş edirlər və s. Bədii-ədəbi verilişlərə baxmaq, internetdən dillə bağlı resurslardan istifadə etmək olar. Bununla bağlı şagirdlərə linklər göndəririk, şagirdlər mövzu ilə bağlı araşdırmalar aparır, təqdimatlar edirlər. Həmçinin valideynləri tədbirlərə dəvət edirik, onlala əməkdaşlıq edirik ki, ailədə də bu qaydalara əməl edilsin”.
Təranə müəllim vurğulayır ki, dünyada dili yalnız öz sözlərindən ibarət olan ölkə mövcud deyil. Bütün dillər söz verib və söz alıb. “Elmi-tərəqqi nəticəsində də dilə yeni sözlər daxil olur. Bu sözlər dilə zərbə vurmur, əksinə, dilin lüğət ehtiyatının zənginləşməsinə kömək edir. Qarşılığı olan sözü başqa dildən gətirmək dilimizi korlayır və hörmətdən salır. Bu zaman dilə sevgi, məhəbbət aşağı düşür. Dili artıq qoruya bilmirik, dil səviyyəsini saxlaya bilmir. Şəhərdə gördüyümüz reklam lövhələri, iaşə obyektlərinin adları və s. əcnəbi dildə yazılır. Misal olaraq, restoranlara “palace”, şəhər əvəzinə “city” kimi sözlər dilimizin təmizliyinə zərbə vurur. İnsanlar onları artıq elə bu cür adlandırırlar və dildə belə qalır. Dil haqqında yazıçılarımızın, şairlərimizin nə qədər əsərləri var”.
“KİV-in dili şagirdlərimizin əleyhinə işləyir”
Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Qurbanzadə hesab edir ki, müasir günümüzdə hər bir ziyalı dil təəssübkeşi sayılmalıdır və bu yolda ən böyük məsuliyyət orta məktəblərin payına düşür: “Azərbaycan dili müəllimləri nəinki şagirdlərlə, hətta həmin şagirdlərin valideynlərilə də maarifləndirici söhbətlər, seminarlar keçirsə, dilimizin saflığını qoruya bilərik. Biz şagird olan vaxtlarda televiziya və radiodan bəhrələnirdik. Orfoqrafiyanı, orfoepiyanı elə oradan öyrənirdik. Acı təəssüf hissi ilə qeyd edim ki, hazırda KİV-in dili şagirdlərimizin əleyhinə işləyir. Bu gün televiziya efirlərində dil normalarına heç əməl olunmur. Uşaqlar hər eşitdiyi yeni sözü təkrarlayır və tez-tez istifadə etməklə onu vərdiş halına gətirir, evdə və məktəbdə yaymağa başlayırlar”.
Elnarə müəllim şagirdlərin nitqindəki varvarizmləri aradan qaldırmaq üçün gördükləri tədbirlər haqqında məlumat verir: “Mənim bir müəllim kimi təcrübədən keçirdiyim ənənə var. Hər sinfə girəndə “çantanızı səliqəyə salın” əvəzinə “sumkanızı” səliqəyə salın, “penal”larınızı yerləşdirin, “fortoçka”nı açın deyərək, ard-arda bu sözlərdən istifadə edirəm ki, görüm şagirdlər nə edəcək. Bu zaman şagirdlər mənə siqnal ötürürmüş kimi təkrarlayırlar ki, “fortoçka” yox, “nəfəslik”, “penal” yox, “qələm qabı” və s. Hər dəfə yeni sözlərdən istifadə etməyə çalışıram. Məqsəd gündəlik dilimizə oturmuş kəlmələri nitqimizdən qovmaqdır. Vətənini sevən bir insan kimi dilimizi qorumalıyıq, onu saflığı ilə nəsildən-nəslə ötürməliyik. Məktəbimiz beynəlmiləl olduğu üçün həm rus, həm Azərbaycan bölməsi var. Bir neçə il bundan əvvəl yuxarı sinif şagirdlərinə tapşırıq verdim, məktəbin yeməkxanasında qapıdan başlayaraq müxtəlif əşyaların üzərinə kiçik yapışqanlı kağız parçalarında sözlər yapışdırdılar: “bufet” yox, “yeməkxana”, “apelsin” yox, “portağal”, “skameyka” yox, “oturacaq” və s. Bunu sanki bir marafon kimi həyata keçirdik və həmin sözləri həm müəllimlər, həm şagirdlər oxuyurdular. Bu, hər iki bölmənin şagirdləri tərəfindən maraqla qarşılandı. Digər tədbir olaraq şagirdlər böyük A3 vərəqlərinə yalnız əşyaların şəkillərini yerləşdirdilər və məktəbin dəhlizində nümayiş etdilər. İbtidai sinif şagirdlərini digər korpusdan dəvət edərək onlara həmin şəkilləri göstərib sual verəndə ki, bu nədir? Onlar istər-istəməz həmin sözləri rus dilində deyirdilər: “svetofor, zamok, krovat” və s. Bu zaman yuxarı sinif şagirdləri şəkillər üzərindən ibtidailərə həmin sözlərin öz dilimizdə qarşılığını aşıladılar.
Eyni zamanda 10 il bundan öncə şagirdlərim 1-ci mərtəbədən 4-cü mərtəbəyədək məktəbin dəhlizlərində gəzdilər və gündəlik istifadə olunan rus sözlərinin qarşılığını bütün şagirdlərə A4 vərəqlərində nümayiş etdilər: “vilka” yox “çəngəl”, “veşalka” yox “asılqan” və s. Həmin təşəbbüs məktəbin sosial şəbəkələrində böyük maraqla izlənildi. Dövlət Dil Komissiyasının Azərbaycanın regionlarına, həmçinin Sumqayıt şəhərinin ümumtəhsil məktəblərinə qonaq gəlməsi, onları bir araya toplayıb maarifləndirici söhbət etməsindən sonra şagirdlərdə motivasiya yarandı. Şagirdlərimiz gün ərzində eşitdikləri bütün xarici kəlmələri 100 vərəqli dəftərə yazırlar və həmin dəftər artıq dolmaq üzrədir. Həmçinin şagirdlərimizə tövsiyə edirik ki, nənə-babalarının yanlarında daha çox vaxt keçirsinlər, uşaqlar Azərbaycanın qədim nağılları, laylaları ilə böyüsələr dilə olan məhəbbət də artar”.
Şagirdlər dilin təmizliyi haqqında
Məktəbin 8-ci sinif şagirdi Aliyə Quliyeva hesab edir ki, şagirdlər daha çox ədəbi kitablar oxusalar, internet resurslarından istifadə edərək xarici sözlərin Azərbaycan dilində qarşılığına baxıb öyrənə bilərlər: “Ana dili mənim üçün çox doğmadır. Ana, Vətən kəlməsi həmişə qoşa işlənir. Vətənimizi sevib qoruduğumuz kimi, dilimizi qoruyub sevməliyik. Bu bizim borcumuzdur. Bir azərbaycanlı olaraq arzu edərdim ki, ölkəmizdə hər kəs öz ana dilimizdə danışsın. Ətrafımda olan şagirdlərin nitqində əcnəbi sözlərin işlənməsi halları ilə qarşılaşıram. Xüsusilə “ruçka, penal, sumka, doska” və s. kimi rus sözləri dilimizdə tez-tez işlənir. Müxtəlif dilləri öyrənmək, danışmaq olar. Ancaq öz dilimizdə danışarkən başqa dillərdən götürülmüş sözlərdən istifadə olunmasa yaxşı olar”.
Elgün Cümşüdlü 7-ci sinifdə oxuyur. Bildirir ki, şagirdlər “okey, sorry, dokument, yes, papka, zatən, falan” və digər bir çox əcnəbi sözlərdən istifadə edirlər: “Uzun illər Rusiyanın əsarətində yaşadığımıza görə texnologiyalardan istifadə, bəzən də tənbəlliyə görə əcnəbi sözlərdən istifadə olunur. Telefondan, kompüterdən istifadə edərkən ingilis sözləri ilə qarşılaşırıq və həmin sözlərdən istifadə etməyə başlayırıq. Bu sözlərin qarşısını almaq üçün mütaliyə etməli, internetdən dilimizə aid məlumatar oxumalıyıq. Qızlar xüsusilə türk sözlərindən çox istifadə edirlər. Oğlanlar seriallara çox baxmadıqları üçün rus, ingilis sözləri işlədirlər”.
7-ci sinf şagirdi Gülay Süleymanlı ətrafında rus sözlərindən daha çox istifadə edildiyini qeyd edir: “Bəzi insanlar xarici sözlərin daha modern və dəbdə olduğunu düşünürlər. Daha sonra isə yeni yaranmış terminlər, sahələrə aid sözlər var ki, insanlar dilimizdə mənasını bilmədiklərinə görə ifadələri olduğu kimi söyləyirlər. Varvarizmlərdən qorunmaq üçün ailədə və məktəbdə dil qaydalarına əməl etmək lazımdır. Biz sosial şəbəkələrdə, televiziyada eşitdiyimiz, gördüyümüz yeni sözlərin mənalarını müəllimlərimizdən soruşuruq və dilimizdə olan mənalarını araşdırırıq, beləliklə dilimizi geniş şəkildə öyrənirik”.
Sabir Quliyev 7-ci sinfində oxuyur. O, bir neçə dil öyrənir və IT sahəsinə böyük maraq göstərir. Qeyd edir ki, xarici dil öyrənmək yaxşıdır, lakin həmin dili Azərbaycan dilinə qatmaq olmaz: “Dilimizdə bədii əsərlər, maraqlı məqalələr, jurnallar oxumaq, Azərbaycan dilində yayımlanan “Milyonçu”, “Əlaçı”, və s. intellektual yarışları izləmək lazımdır. Məncə, son çəkilən filmləri deyil, əvvəlki illərdə çəkilən filmləri izləmək nitqimizə müsbət təsir edər”.



