Keçmişin səsi, gələcəyin nəfəsi - Məktəblilərdən möhtəşəm ifa – REPORTAJ
Bakının mədəni həyatında xüsusi yer tutan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu dəfə fərqli bir səhnə əsərinə ev sahibliyi edirdi. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Dəyərlərimizi qoruyaq: keçmişdən gələcəyə yurdum mənim” tamaşası gənc nəslin ifasında təqdim edilirdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin təqdimatında nümayiş olunan əsərin tamaşaçıları qismində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, millət vəkilləri, ETN-in və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin və uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri, şagirdlər, media və ictimaiyyət nümayəndələri idi.
Tarixə səyahət: milli kimliyimizin səhnə təcəssümü
Səhnədə müxtəlif tarixi dönəmlərimizi əks etdirən hadisələr bir-birini məntiqi ardıcıllıqla əvəz edərək tamaşaçıları Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış edirdi. Tonqal ətrafında dayanaraq müdrik nəsihətləri ilə yadda qalan Dədə Qorqud obrazı vasitəsilə vətənə bağlılıq, torpağa sevgi və milli kimliyin qorunmasının əhəmiyyətindən söz açılırdı. Bu səhnədən sonra tamaşa zamanın dərinliklərinə doğru- keçmişə səyahət edərək klassik ədəbiyyatımızın görkəmli simalarının çıxışları ilə davam edir.
Səhnədə Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif , Nizami Gəncəvi və Aşıq Ələsgər kimi söz ustadlarının obrazlarını canlandıran məktəblilərimizin vətən sevgisi, torpağa bağlılıq və milli ruhla bağlı çıxışları tamaşaya xüsusi bədii çalar qatırdı. Onların fikirləri fonunda gələcəyə olan inam hissi tamaşaçılara ötürülürdü.
Dövlətçilik və birlik ideyaları ilə zəngin çıxışlar
Daha sonra səhnədə tariximizin müxtəlif mərhələləri canlandırılmağa başlayır. Quba, Bakı, İrəvan və Gəncə xanlıqlarının bütövlük uğrunda mübarizə əzmi obrazlı şəkildə təqdim edilir. Bu səhnələr bizlərə milli birliyimizin tarixi köklərini və dövlətçilik ənənələrimizin davamlılığını bir daha xatırlatmağa imkan verirdi.
Maarifçilik və dövlətçilik ideyaları ilə zəngin epizodlarda isə Üzeyir Hacıbəyov, Həsən bəy Zərdabi, Fətəli xan Xoyski kimi dövlət və ictimai xadimlərin, ziyalıların dialoqları vasitəsilə elmə, təhsilə və mədəniyyətə verilən önəm diqqət mərkəzinə çəkilirdi. Onların səhnədə canlandırılan fikir mübadiləsi gənc nəslə maariflənmənin və milli oyanışın əhəmiyyətini aydın şəkildə çatdırırdı.
Tamaşada Azərbaycan tarixində iz qoyan qadınlarımızın cəmiyyətdəki rolu da unudulmayıb. Təkcə Azərbaycanın deyil, bütün Şərqin dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun, şair,müəllim,yazıçı kimi fəaliyyət göstərmiş Məhsəti Gəncəvi və digər zəmanəsinin tanınmış xanımlarının obrazlarını canlandıran məktəbli qızların çıxışlarında qadınların dövlətçilik tariximizdə, mədəniyyət və ictimai həyatda oynadığı mühüm roldan söz açılır. Qızların təqdimatında hazırlanmış səhnəcik qadın irsinin və mənəvi gücünün cəmiyyətin inkişafındakı əhəmiyyətini ön plana çıxarır.
"Dəmir yumruq" ilə 30 illik həsrətimizə son qoyuldu
Tamaşanın kulminasiya nöqtəsi isə rəşadətli Ordumuzun əsgərlərinin səhnədə çıxışları olur. Məktəblilərimiz canlandırdığı əsgər obrazları ilə Vətənə sevgidən, işğaldan azad olunmuş ərazilərimizə qayıdan soydaşlarımızın yurd həsrətinə son qoyulmasından danışırlar. Qeyd olunur ki, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin "Dəmir yumruğu" ilə 30 illik həsrətimizə son qoyuldu. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz zəfər çaldı. Cəbrayıl, Ağdam, Hadrut, Kəlbəcər və neçə-neçə adlarını saymadığımız, işğaldan azad olunan torpaqlarımız... Və bu Şanlı Zəfər tariximizin ən önəmli səhifəsi olan Şuşanın azad olunması...
Qarabağın mirvarisi, Azərbaycanın cənnət-məkanı Şuşamıza qovuşduq. Prezidentin verdiyi müjdəli xəbər: “Şuşa, sən, azadsan!”
Beləliklə, Şuşa Azərbaycana, Azərbaycan Şuşaya qayıtdı. Xalqımız öz tarixi, əzəli və əbədi torpaqlarına qovuşdu. Bu gün işğaldan azad olunan torpaqlarımızda bayram tonqalları yandırılır. Azərbaycan günü-gündən inkişaf edir, dünyada güclü bir dövlət olaraq tanınır.
Səhnədə olarkən bunu hiss etmək və tamaşaçıya ötürmək böyük məsuliyyət idi
Səhnədə əsgər obrazlarını peşəkarcasına oynayan şagirdlərimizin torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdikləri qəhrəmanlıq, xalqın birliyi və qələbəyə inam hissi emosional təsir gücü ilə tamaşaçıya ötürülürdü.Təbii ki, səhnədə olarkən bunu hiss etmək və tamaşaçıya ötürmək böyük məsuliyyət idi ki, bizcə şagirdlərimiz bunun öhdəsindən məharətlə gəlməyi bacarırdılar.
Və səhnəyə müəllim və şagirdlərin gələrək qəhrəman əsgərlərimizlə səmimi dialoqları tamaşaya xüsusi bir rəng qatdı.
Memarlıq irsi və müasirlik vəhdətdə
Onu da qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təqdim olunan “Dəyərlərimizi qoruyaq: keçmişdən gələcəyə yurdum mənim” tamaşası yalnız milli-mənəvi dəyərlərimizin deyil, həm də Azərbaycanın zəngin memarlıq irsinin bədii ifadəsinə çevrildi. Səhnə boyu nümayiş etdirilən kompozisiyalar vasitəsilə ölkəmizin qədim tikililərindən müasir şəhərsalma nümunələrinədək uzanan inkişaf yolu şagirdlərimizin ifasında obrazlı şəkildə canlandırıldı.
Tamaşada həmçinin Azərbaycanın tarixi memarlıq üslubunun incəlikləri xüsusi vurğulanaraq qədim şəhərlərimizin ruhu, daş yaddaşı və estetik dəyərləri ön plana çəkildi. Eyni zamanda, müasir dövrdə sürətlə inkişaf edən şəhərsalma mədəniyyəti ilə bu irsin necə vəhdət təşkil etdiyi diqqətə çatdırıldı. Bu vəhdət milli ənənələrin qorunması şərtilə yeniliyə açıq olmağın, keçmişlə gələcək arasında möhkəm körpü qurmağın vacibliyini bir daha nümayiş etdirdi.
Və səhnədə təqdim olunan memarlıq motivləri gənc nəslə yalnız tariximizi tanıtmaqla kifayətlənməyib, həm də onları milli irsimizin qoruyucusu olmağa səslədi. Vurğulandı ki, Azərbaycanın memarlıq ənənələri sadəcə keçmişin yadigarı deyil, bu gün də yaşayan, inkişaf edən və müasir üslubla zənginləşən bir mədəni irsdir.
Beləliklə, tamaşa bir daha təsdiqlədi ki, milli-mənəvi dəyərlərlə yanaşı, memarlıq irsimizin qorunması və inkişaf etdirilməsi də gələcəyimizi formalaşdıran əsas amillərdəndir. Keçmişdən gələn bu zəngin irs müasir şəhərsalma ilə vəhdətdə davam etdirildikcə Azərbaycanın həm mədəni, həm də estetik kimliyi daha da möhkəmlənir.
Rəngarəng səhnə həlləri və alqışlarla bitən final
Müxtəlif musiqili kompozisiyalarla, bir-birindən maraqlı rəqs nömrələri ilə zənginləşdirilən tamaşa dinamik axarı və rəngarəng səhnə həlləri ilə onu izləyən tamaşaçılara xüsusi zövq verdi.
Sonda məktəbli aktyorların alqışlarla səhnəyə dəvət olunması onların zəhmətinin və uğurlu çıxışının ən gözəl göstəricisi oldu.



