Gələcəyin mühəndisləri yarışdılar: 5 qurğudan hansı daha möhkəm oldu? - REPORTAJ
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsində yarış var. 5 komanda israrla, qarşılarına çıxan kiçik problemləri həll edə-edə, ətraflarındakı böyük tamaşaçı kütləsinə fikir vermədən çalışırlar. Onlara verilən vaxt ərzində başladıqları işi bitirməlidirlər.
“Möhkəmlik”, “Dayanıqlılıq”, Gərginlik”, “Mexanika” və “Müqavimət” komandalarının hər birinin 3 üzvü var.
Verilən vaxt - 1 saat bitdi. Hər komandanın işi hazırdır. Hər biri öz işini təqdim edir. Təqdimatı zəif olan da var, qurğusu əyilən də. Amma hər biri iddialıdır, birinici olacaqlarını düşünür.
Bəs komissiya nə düşünür?
İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyevin rəhbərlik etdiyi komissiya heab edir ki, komandaların qalib olub-olmamağından asılı olmayaraq, tələbələrin hər biri qazanıb.
Universitetin müəllimlərindən, tanınmış inşaatçılardan ibarət komissiya tələbələrin işini yüksək qiymətləndirib, səhvlərini deyərkən müəllim kimi öz yanlışlarını da qeyd etdilər.
Müxlis Hacıyev ilk növbədə gərgin vəziyyətdə, müsabiqə şəraitində ortaya qurğu çıxarda bildikləri üçün onların hər birinin əməyini yüksək dəyərləndirdi: “Gələcəkdə tələbələrimiz belə yarışlara çox qatılacaqlar”.
Mexanika kafedrasının müdiri Ceyhun Musayev yarışa hazırlıq prosesindən danışıb: “Bu yarışa birlikdə hazırlaşdıq. Hazırlaşmaq üçün vaxtımız da çox az idi. Müsabiqə universitetimizdə ilk dəfə keçirildiyindən tələbələrimiz üçün tamamilə yeni təcrübə oldu”.
Tələbələrin qurğularındakı səhvləri qeyd edən C.Musayev onlara tövsiyələr verdi: ““Möhkəmlik” komandası ona görə qalib oldu ki, qurğusu həm hündür, həm də möhkəmdir. “Gərginlik” komandasının qurğusunda əyilmə olmasaydı, onlar da birinciliyə layiq iş ortaya qoyublar”.
Məşhur inşaatçı, İnşaat konstruksiyaları kafedrasının professoru Lətif Zeynaolov hesab edib ki, tələbələrin təklif etdiyi sxemlər fakültənin böyük işidir.
Söküb yığa-yığa qalib oldular
Yarışın qalibi “Möhkəmlik” komandasıdır. İbrahim Mahmudov, Jalə Mürsəlova, Leyli Gözəlova III kursda oxuyurlar və ilk dəfə belə bir layihə hazırlayıblar. Hesab edirlər ki, bütün belə layihələrə qoşulacaq və mütləq qalib olacaqlar.
Qalib olacaqlarına inamlarını əsaslandırırlar. Komandanın kapitanı İbrahim deyir ki, minimum materialdan ən hündür, ən möhkəm strukturu olan konstruksiya düzəltməyə çalışıblar: “Üçbucaq sistemlər mühəndislikdə ən möhkəm sistemlər hesab olunur. Biz də aşağıdan geniş, yuxarı qalxdıqca daralan konstruksiya düzəltdik. Telekommunikasiya qülləsindən ilhamlandıq”.
İlk layihələri olsa da, düzəltdikləri qülləni bir neçə dəfə söküb yenidən düzəldiblər. Onları birinci edən də deyəsən təcrübə olub, söküb yenidən düzəltmə təcrübəsi: “Məşq üçün vaxt vermişdilər, düzəldib harda zəif nöqtələr olduğunu müəyyənləşdirmişik, sonra qırıb yenidən düzəltmişik. Nəticədə həm hündür, həm möhkəm qurğu yaratdıq”.
Ancaq onu da bilirlər ki, real işi söküb yenidən yığa bilməyəcəklər: “Ona görə də sifariş alanda hər şeyi əvvəlcədən hesablayacağıq”.
Qurğuları “1”ə bənzəsə də, birinci ola bilmədilər
İkincilik qazanan qızlardan ibarət “Dayanıqlılıq” komandasıdır. Komandada Nəzrin Gözəlova, Fatimə Nəzərli və Asya Çingizova təmsil olunub. “One tower” adlandırdıqları qurğunu “1” rəqəminə bənzədiblər. Süni intellekt vasitəsilə binanın son görünüşünü də hazırlayıb komissiyaya təqdim edən komanda hazırladıqları qurğu barədə bu fikirdədirlər: “Müasirlik və innovasiya rəmzidir. Bu bina Bakıda tikiləcək. Bakının küləkli və seysmik zona olduğunu nəzərə alaraq belə bir konstruksiya qurmuşuq. Təhlükəsiz, sürətli quraşdırılandır”.
Standatraddan kənar qurğu tikdilər, əyildi deyə birinci ola bilmədi
“Gərginlik” komandasının üzvləri Arif Məmmədzadə, Hüseyn Quliyev və Fədayə Məmmədova dünyada mövcud olan hər hansı binadan ilhamlanmayıblar. Onlara verilən vaxt ərzində əllərindəki material - makaronlarla işə başlayıb “Zümrüd” adlandırdıqları bir qurğu ortaya qoyublar. Əl işlərini Hüseyn təqdim edib. Onun sözlərinə görə, standartdan kənara çıxıblar: “Metal konstruksiya nəzərdə tutmuşuq. Düşünürük ki, real mühitdə daha az materialla daha sadə görünüşə malik dayanıqlı, göz oxşayan konstruksiya ortaya qoymuşuq”.
Fədayə deyir ki, sifarişçinin onlara nə qədər material verdiyini bilirdilər, ona görə görəcəkləri iş həmin materiala uyğun olub: “Bizə verilən vaxt ərzində xırda problemlərimiz meydana çıxdı. Buna baxmayaraq, biz verilən tapşırığı vaxtında yerinə yetirdik. Bu da o deməkdir ki, bir problemiləri həll edib müştərini sifarişini vaxtında tamamladıq”.
İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev “Azərbaycan müəllimi”nə bildirib ki, “İnşaat mühəndisliyi” ixtisası beynəlxalq akkreditasiyadan keçirilib: “Bu da o deməkdir ki, diplomlarımız dünyada tanınır. İnşaat sektoruna tələbələrimiz öz töhfələrini verirlər”.
O, müsabiqə təşəbbüsünü irəli sürərkən məqsədindən danışıb: “Bina və qurğuların tikintisində “hesabi sxem” deyilən anlayış var. Tələbələrə binanın dayanıqlı, möhkəm olması üçün nə etməli olduqlarını deyirik. Amma bu müsabiqə ilə bunu onlara əyani şəkildə göstərdik. Yəqin müşahidə etdiniz, bəzilərinin qurğuları aşırdı. Onlar səhvə harda yol verdiklərini özləri müəyyənləşdirəcəklər, axtarıb tapacaq və bir daha unutmayacaqlar”.
Belə yarışların dünya universitetlərində keçirildiyini vurğulayan S.Fərzəliyev bildirib ki, tələbələri İstanbil Texniki Universitetində keçiriləcək yarışa bir komanda ilə qatılacaqlar: “Həmin komandanın tərkibində bugünkü müsabiqənin iştirakçılarından da var”.
Orta Asiyadan da dəvət aldıqlarını bildirən dekan bu ənənənin AzMİU-da da qoyulacağını bildirib.
Həm qaliblər, həm də şirkət rəhbərləri mükafatlandırıldı
Yarış iştirakçılarının mükafatlandırması tikinti şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə olub. Tələbələr əvvəlcə real iş imkanları və karyera perspektivləri ilə bağlı ətraflı məlumat əldə edib, şirkət rəhbərlərinin uğur hekayələrini onların özlərindən dinləyiblər.
Tədbirdə qeyd edilib ki, AzMİU-da təhsil alan tələbələr iri tikinti şirkətləri ilə qurulan sıx əməkdaşlıq çərçivəsində mütəmadi olaraq istehsalat təcrübələrinə cəlb olunur, real layihələrdə iştirak edir və məzun olduqdan sonra əmək bazarında rəqabətqabiliyyətli kadr kimi formalaşırlar.



