Gələcəyin mühəndisləri burada yetişir – TAU-dan reportaj

6 May, 2026 - 16:45
Gələcəyin mühəndisləri burada yetişir

Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq son illərdə yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq elm və təhsil istiqamətində də dərinləşməkdədir. Bu əməkdaşlığın bariz nümunələrindən biri kimi yaradılan Türkiyə–Azərbaycan Universiteti iki qardaş ölkənin ali təhsil ənənələrini və qabaqcıl təcrübələrini bir platformada birləşdirən yeni və innovativ model kimi çıxış edir. Universitetin əsas məqsədi yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması və elmi-tədqiqat fəaliyyətinin inkişafına töhfə verməkdir.

Elə bu gün Türkiyə-Azərbaycan Universitetinə təşkil olunan infoturun da əsas məqsədi KİV nümayəndələrinə ali təhsil müəssisəsinin fəaliyyəti, hədəfləri və təhsil imkanları barədə ətraflı məlumat vermək, həmçinin iştirakçıları mövcud və planlaşdırılan layihələrlə yaxından tanış etmək idi. 

Bu münasibətlə keçirilən tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, KİV nümayəndələri, təhsil mütəxəssisləri, Türkiyə-Azərbaycan Universitetinin professor-müəllim heyəti, ixtisas rəhbərləri iştirak edirdilər.

Güclü akademik baza, güclü tərəfdaşlıq…

Tədbiri Türkiyə-Azərbaycan Universitetinin (TAU) professoru Ümran Uygun açaraq iki qardaş ölkənin strateji əməkdaşlığından doğan ali təhsil müəssisəsinin tarixi, yaradılma məqsədi və fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasında məqsəd iki ölkənin qardaşlığını simvolizə edən ortaq akademik platformanın yaradılması, beynəlxalq təhsil standartlarına uyğunluq, əmək bazarının tələblərinə cavab verən innovativ təhsilin tədrisidir. 

Elm və sənayenin vəhdəti olan Türkiyə-Azərbaycan Universitetinin ixtisaslaşma və proqramları barədə məlumat verən çıxışçı qeyd edib ki, onların hər biri Türkiyə universitetlərinin zəngin akademik təcrübəsi əsasında həyata keçirilir. Dərslər ən müasir laboratoriyalarda keçilir. Məzunlara həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunacaq ki, bu da dünyanın hər yerində tanınacaq.  

"TAU-da 174 tələbə təhsil alır"

Sonra Türkiyə-Azərbaycan Universitetinin Tədris şöbəsinin müdiri Günel Teymurova təqdimatla çıxış edib. Qeyd olunub ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar. 

Günel Teymurova bildirib ki, Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” modelidir: “Azərbaycan tərəfi torpaq, bina, laboratoriya, avadanlıq kimi maliyyə və texniki imkanları təmin edir. Türkiyə tərəfi tədrisin keyfiyyəti, proqramların təşkili, 8 semestrlik tədris planının icrası ilə məşğuldur. Bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris “Kompüter mühəndisliyi” ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), “Sənaye mühəndisliyi” ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), “Qida mühəndisliyi” ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universiteti (AzTU) sayılır. 

Çıxışçı daha sonra TAU-da təhsil alan tələbələrin statistikasını açıqlayıb. Verilən məlumatdan aydın olub ki, 2024-2025-ci tədris ilində TAU-da 82, 2025-2026-cı tədris ilində isə 92 tələbə təhsil alır: “İki qardaş ölkənin ortaq akademik platforması olan Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda ümumilikdə 174 tələbə oxuyur. Cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul üzrə ən yüksək bal 674.3, “Sənaye mühəndisliyi” ixtisasında ən yüksək bal 654.4, “Qida mühəndisliyi” ixtisasında ən yüksək bal 553.6 olub. 

Məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış imkanları
 
Çıxışda həmçinin bildirilib ki, Türkiyə-Azərbaycan Universitetində təhsil dövlət hesabınadır və tədris ingiliscə həyata keçirilir. TAU tələbələrinin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Proqramları uğurla bitirənlərə həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur və bu, məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.

Universitetin professorları Mutlu Çalışkan tələbələrin ingilis dili bacarıqları inkişaf etdirilməsi bağlı fəaliyyət göstərən hazırlıq kursundakı tədrisdən, Ahmet Coşar, Ömer Faruk Beyca ali təhsil müəssisəsində aparılan tədris prosesi və proqramlar haqqında geniş məlumat verdilər. 

İnfotur iştirakçıları daha sonra TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr üçün yaradılan şəraitlə, həmçinin laboratoriyada tələbələrin apardıqları təcrübələri izlədilər. 

Regionda keyfiyyətli mühəndislik təhsilinin yeni ünvanı…

Beləliklə, bu gün 174 tələbənin təhsil aldığı Türkiyə-Azərbaycan Universiteti Orta Doğu Texniki, İstanbul Texniki, və Hacettepe universitetlərinin proqramlarını tətbiq etməklə regionda keyfiyyətli mühəndislik təhsilinin yeni ünvanına çevrilir. Ali təhsil müəssisəsi yalnız bu günün deyil, gələcəyin tələblərinə cavab verən müasir, çevik və beynəlxalq yönümlü təhsil platforması kimi formalaşır. Bu ali təhsil ocağı yaxın illərdə regionun aparıcı mühəndislik və texnologiya mərkəzlərindən birinə çevrilərək, ölkəmiz üçün yüksəkixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayacaq.

Foto: Kənan Qafarov

Gələcəyin mühəndisləri burada yetişir
Gələcəyin mühəndisləri burada yetişir
Gələcəyin mühəndisləri burada yetişir
Gələcəyin mühəndisləri burada yetişir
Gələcəyin mühəndisləri burada yetişir
Gələcəyin mühəndisləri burada yetişir
Gələcəyin mühəndisləri burada yetişir