Magistrlər və doktorantlar üçün “Tədqiqat məktəbi” - REPORTAJ

2 İyun, 2026 - 12:15
Magistrlər və doktorantlar üçün “Tədqiqat məktəbi”

Azərbaycan Texniki Universitetinin (AzTU) Davamlı İnkişaf Mərkəzində “Keyfiyyət metodikası, keyfiyyət metodlarının işlənilməsi prosesi” mövzusunda təlim keçirilir. Təlimçi Rasim Həsənzadə keyfiyyət metodları, data toplama alətləri barədə məlumat verir, müsahibə, anket və ya fokus qrupu araşdırmalarından danışır. Müsahibə, müsahibənin strukturlaşdırılması, strukturlaşdırılmış müsahibənin necə aparılması kimi məsələləri aydınlaşdırır.

40 nəfərədək alimin qatıldığı "Keyfiyyət tədqiqat metodları" təlimindəyik. 

"İnnovativ İnkişafa Dəstək" İctimai Birliyinin həyata keçirdiyi "Tədqiqat məktəbi: Gənc Alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı" layihəsi çərçivəsində daha bir təlim reallaşıb. Layihənin təlimçilərindən biri Abdulla Xanayev “Azərbaycan müəllimi”nə bildirib ki, aprel ayından başlayan layihə çərçivəsində təlimlər davam edir: “Əsas məqsədimiz Azərbaycandakı magistratura və doktoranturada oxuyan tələbələr və eyni zamanda gənc alimlərə tədqiqat metodları ilə bağlı təlimlər keçmək, növbəti mərhələdə onlara keyfiyyətli tədqiqat aparmağı öyrətmək, elmi məqalələrin beynəlxalq səviyyədə elmi jurnallarda necə çap olunacağı barədə mentorluq etməkdir”.

9 ayda 5 elmi məqalə beynəlxalq elmi jurnallarda çap ediləcək, 3-4 elmi jurnal nəşr ediləcək, tədqiqatçılara yol göstərəcək kitabça hazırlanacaq

Bir aydan çoxdur ki, başlayan layihə ümumilikdə 9 aya yekunlaşacaq. Mərhələlərlə davam edəcək layihə çərçivəsində gənc alimlərə 8 dərsdə “Giriş”dən son mərhələyə qədər tədqiqatın aparılması, strukturlaşdırılması öyrədiləcək. Burada əsas məqsəd beynəlxalq elmi tələbləri ödəyəcək səviyyədə araşdırma aparmağı gənclərə mənimsətməkdir. Noyabrın sonunadək davam edəcək növbəti mərhələdə Türkiyə və Çində fəaliyyət göstərən universitetlərdən dəvət edilən professorlar həm şəxsi təcrübələrini bölüşəcək, həm də beynəlxalq nəşrlər, beynəlxalq tədqiqat prosesləri ilə bağlı ustad dərsləri verəcəklər. Bu mərhələdə layihə iştirakçıları qruplara bölünərək spesifik mövzular üzərində işləyəcəklər. Ən azı 5 tədqiqat beynəlxalq "Scopus" və "Web of Science" indeksli jurnallarda çap ediləcək. Layihə çərçivəsində ölkə səviyyəsində 3-4 elmi jurnalın nəşri də nəzərdə tutulub. A.Xanayev əlavə edib ki, jurnallardan əlavə, tədqiqat metodlarından ibarət kitabça da hazırlanacaq: “Azərbaycanda fəaliyyət göstərən tədqiqatçılara yol göstərəcək bir kitabça olacaq”. 

Təlimçinin sözlərinə görə, son vaxtlar beynəlxalq tədqiqat arenasında daha çox əməkdaşlığa əsaslanan tədqiqat işlərinə üstünlük verildiyindən beynəlxalq jurnallarda belə məqalələr daha həvəslə qəbul edilir. Ona görə layihə iştirakçıları tədqiqat mövzuları üzərində qruplara bölünərək işləyəcəklər: “Eyni sahədə fəaliyyət göstərən 5-6 nəfər bir araya gəlib öz sahələrinə uyğun məqalələr hazırlayacaqlar. Beynəlxalq mentorlar rəylər, yönləndirmələr, beynəlxalq jurnalların standartları ilə bağlı iştirakçıları məlumatlandıracaq”.

Layihənin sonunda beynəlxalq səviyyədə davamlı tədqiqatçılar yetişdirəcəklər

Layihəyə 6 beynəlxalq mentor dəvət edilib: “Hüquq, beynəlxalq münasibətlər, təhsil, tarix, dilçilik, politologiya və dövlət idarəçiliyi sahələri üzrə ixtisaslaşan beynəlxalq mentorlar və təhsilini xaricdə tamamlayan təlimçilər iştirak edirlər”.

Qeyd edək ki, layihədə iştirak edən təlimçilər - Rasim Həsənov, Murad Əliyev və Abdulla Xanayev də xaricdə təhsil alaraq ölkə ali təhsil müəssisələrində fəaliyyət göstərirlər.  

Layihənin iştirakçılarına gəlincə, onların xüsusi seçim prosesindən keçirildiyini qeyd edən A.Xanayevin sözlərinə görə, bu ilin mart ayı ərzində həyata keçirilən prosesdə onlar 647 müraciətçi arasından seçiliblər: “Texniki sahə üzrə müraciətləri avadanlıq, yaxud laboratoriya ehtiyacı yaranacağı üçün dəyərləndirə bilmədik. Hazırkı imkanlarımızı nəzərə alaraq layihəni sosial elmlər üzrə davam etdirməyə qərar verdik. Hesab edirik ki, bu seçim məqsədimizə çatmağımıza mane olmur. Məqsədimiz iştirakçıların masaüstü tədqiqat aparmaları deyil, onlara respondentlərlə işləməyi öyrətməkdir. Müsahibələr götürmələri, data əldə etmələri və bu dataları müsahibələrin nəticəsində analiz edərək həm cəmiyyətimizə fayda vermələri, həm də araşdırma sahələrinə uyğun olaraq istədikləri nəticəni əldə edə bilmələridir”. 

Təlimi hesab edir ki, layihənin sonunda beynəlxalq səviyyədə davamlı tədqiqatçılar yetişdirəcəklər: “Artıq elmi tədqiqatlar lokal xarakter daşımır, beynəlmiləlləşib və biz də bu prosesə uyğunlaşmalıyıq”. 

“Özümü elmi ictimaiyyətin bir üzvü kimi hiss edirəm və bu mənim üçün çox dəyərlidir”

Layihədə iştirak edən qadın tədqiqatçılar sayca üstünlük təşkil edirlər. Onlardan biri də Şəms Məmmədovadır. Rusiyada Prezident Akademiyasında “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsili alandan sonra Bakı Dövlət Universitetinin magistrantı olub. “Politologiya” ixtisası üzrə təhsil alır. Dediyinə görə tədqiqat məktəbinə yolu rəfiqəsi vasitəsi ilə düşüb: “Rəfiqəm elmlə məşğuldur. Müraciət formasını göndərərək mütləq qatılmağımı tövsiyə etdi. İnanıram ki, bu iştirak həmkarlarımla, gənc tədqiqatçılarla əməkdaşlıq qurmağıma kömək edəcək. Süni intellekt şəraitində insan kimi bacarıqlarımızı təkmilləşdirmək çox önəmlidir. Burada iştirak həvəs, motivasiya da yaradır”.

Şəms deyir ki, müraciətlərə fəal qatılır: “Əvvəllər çox utanır, heç vaxt müzakirələrə qatıla bilmirdim. Amma indi utanmıram, fəal iştirak edirəm. İnkişaf etmək, ümumi müzakirələr aparmaq, həmkarlarla fikir mübadiləsi etmək mənim üçün çox önəmlidir. Burada fikir mübadilələrində iştirak edə, yeni təcrübələr qazana bilirəm. Hiss edirəm ki, burada həm peşəkar, həm də şəxsi baxımdan inkişaf edirəm. Çünki mühit, müzakirə ab-havası insanı mütləq iştirak etməyə həvəsləndirir. Mən də düşünürəm ki, bu cür mühit çox önəmlidir”.

“Tədqiqatı hər insan bacarmalıdır”, - deyən magistrant layihədə iştirakdan çox məmnundur: “Hələ tələbəyəm, amma düşünürəm ki, özünə hörmət edən hər kəs araşdırmağı, tədqiqat aparmağı öyrənməlidir. İnanıram ki, bu fəaliyyət mənə həm peşəkar, həm də şəxsi inkişaf baxımından kömək edəcək”.

Təlimlər insana özünü inkişaf etdirmək imkanı qazandırır: “İnkişaf həm şəxsi həyatda, həm də peşəkar fəaliyyətdə insana çox fayda verir. Əlbəttə, burada öyrəndiklərimi gələcəkdə həm iş həyatımda, həm də şəxsi həyatımda istifadə edəcəyəm. Elm adamı olmaq üçün daim öyrənmək və inkişaf etmək lazımdır.

Burada olmaq mənə çox böyük motivasiya verir. Yeni təcrübələr qazanıram, müxtəlif menecerlərlə və həmkarlarımla ünsiyyətdə oluram. Mənim üçün ən önəmli məqamlardan biri də odur ki, özümü elmi ictimaiyyətin bir üzvü kimi hiss edirəm və bu mənim üçün çox dəyərlidir”.

“Keyfiyyət tədqiqatlarının metodologiyasını öyrənmək mənim üçün çox böyük töhfədir”

Mirsadiq Muxtarov Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşıdır. Layihəyə həvəslə qoşulub: “Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu olaraq fəaliyyət göstərirəm. Doktorant olmasam da, tədqiqat aparmağı sevirəm. Tədqiqat bacarıqlarımın inkişafı üçün bu fürsəti qaçıra bilməzdim. Azərbaycanda tədqiqat sahəsi inkişaf edir. Mən də müraciət etdim və tədqiqata niyə meyil etdiyimi, nə istədiyimi, məqsədimin nə olduğunu izah etdim və çox sevindirici haldır ki, müsbət geri dönüş aldım. Buna görə çox sevinirəm”.

Təlimlərə qatılana qədər müxtəlif mövzularda 10-a yaxın məqalə yazdığını və onları həm Azərbaycandakı, həm də beynəlxalq jurnallarda çap etdirdiyini deyən Mirsadiq Muxtarov tədqiqat məktəbində keçilən təlimlərin üstünlüklərinə toxunub: “Azərbaycanda ən çox istifadə olunan metodlar kəmiyyət tədqiqatları idi. Yəni daha çox anketlər, sorğular və statistika yönümlü araşdırmalar aparılırdı. Amma burada mənim üçün ən böyük töhfələrdən biri, xüsusilə son modullarda keyfiyyət tədqiqatlarının işlənməsi oldu. Keyfiyyət tədqiqatlarının metodologiyasını öyrənmək mənim üçün çox böyük töhfədir”.

Eyni zamanda, digər ixtisaslardan olan iştirakçılarla tanış olmağı, sosiallaşmağı üstünlüklərdən biri hesab edir: “Layihədə iştirak gələcəkdə həm məqalələr, həm də ümumilikdə Azərbaycan daxilində və xaricində peşəkar şəbəkə imkanlarının formalaşmasına kömək etdi. Əlbəttə, hazırda ən böyük məqsədlərimdən biri "Web of Science" və "Scopus" kimi nüfuzlu bazalarda yer almaqdır. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə belə bir imkan qazandığım üçün şanslıyam. Çünki Scopus və "Web of Science" öz strukturu və tələbləri baxımından dünyanın ən mürəkkəb və çətin elmi bazalarından hesab olunur. Burada bizə məqalənin necə yazılması, necə göndərilməsi, həmçinin müasir dövrün tələblərinə uyğun olaraq müxtəlif alətlərindən istifadə qaydaları öyrədilir. Bunlar kifayət qədər məqsədəuyğun və faydalıdır. Çünki gənc tədqiqatçı kimi dünyanın ən nüfuzlu jurnallarına və elmi bazalarına çıxış əldə etməyimə çox böyük şərait yaratdı”.

Xarici mütəxəssislərlə və mentorlarla işləmək imkanını da qeyd edən gənc tədqiqatçının fikrincə, bu təşəbbüs yalnız öz sahəsi ilə də məhdudlaşmır: “Məsələn, təhsil və psixologiya, yaxud siyasi elmlərlə psixologiya arasında körpü quraraq yeni tədqiqat mövzularının təklif olunması və yeni araşdırmaların aparılması üçün kifayət qədər böyük imkan yaratdı. Bu baxımdan layihə olduqca faydalıdır”.