ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs - REPORTAJ

2 Oktyabr, 2026 - 15:15
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs

Bakı Ekspo Mərkəzində hərəkətlilik diqqəti ilk andan cəlb edir. Sərgi zallarında müxtəlif ölkələrin bayraqları, hərbi və xüsusi təyinatlı texnika, pilotsuz uçuş aparatları, təhlükəsizlik sistemləri və yeni texnoloji həllər nümayiş olunur. Bir tərəfdə iri ölçülü müdafiə sənayesi nümunələri, digər tərəfdə isə tələbə və müəllimlərin hazırladığı innovativ layihələr sərgi ziyarətçilərin diqqətini çəkir. Burada nümayiş olunan texnologiyalar yalnız hazır məhsullarla məhdudlaşmır, eyni zamanda elmi-tədqiqat və təhsil müəssisələrinin müdafiə sənayesinə verdiyi töhfələri də nümayiş etdirir.

"Azərbaycan müəllimi" xəbər verir ki, sərgi zallarında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələrin stendləri yer alır.

Lakin sərgidə diqqətçəkən məqamlardan biri də Azərbaycanın ali təhsil müəssisələrinin burada nümayiş etdirdiyi layihələrdir. Universitetlərin stendlərində nümayiş olunan texnologiyalara nəzər saldıqda, tələbə və müəllimlərin elmi ideyalarının artıq praktiki tətbiq mərhələsinə keçdiyini görmək mümkündür.

Mina aşkarlama və kəşfiyyat üçün yeni nəsil qurğular

Azərbaycan Texniki Universitetinin sərgidə təqdim etdiyi layihələr bu baxımdan xüsusi maraq doğurur. Mexanika və maşın dizaynı kafedrasının baş müəllimi Könül Hüseynzadənin sözlərinə görə, universitet sərgidə bir neçə layihə ilə təmsil olunur.

Onlardan biri “Heksokopter” adlı taktiki mina aşkarlama və müəyyənləşdirmə texnikasıdır. Qurğunun əsas üstünlüklərindən biri onun uzaq məsafədən operator tərəfindən idarə oluna bilməsidir. Mina ilə çirklənmiş ərazilərdə insanın birbaşa iştirakı olmadan fəaliyyət göstərə bilən bu tip texnologiyalar təhlükəli ərazilərin tədqiqində yeni imkanlar yaradır.

Universitetin digər layihəsi isə 6x6 quruluşlu minaaxtaran “Rover”dir. Altı təkərlə hərəkət edən qurğunun konstruksiyasının sağ və sol şassisi patentləşdirilib. Sistem ərazidə minaların detektor vasitəsilə aşkarlanaraq əldə edilən məlumatların əsas bazaya, oradan isə operatora ötürülməsini təmin edir. Beləliklə, operator qurğunu təhlükəli ərazidən kənarda dayanaraq idarə edə bilir.

Ali təhsil ocağının sərgidə təqdim etdiyi digər layihələr arasında mina aşkarlama və xəritələndirmə sistemi də var. Sistem mina ilə çirklənmiş ərazilərdə təhlükəli obyektlərin müəyyənləşdirilməsi və onların xəritədə işarələnməsi üçün nəzərdə tutulub.

AzTU-nun layihələri bununla da bitmir. Yerüstü pilotsuz tədqiqat aparatı kəşfiyyat və dəstək əməliyyatları üçün, “AXIN” adlı layihə isə su üzərində kəşfiyyat aparmaq üçün hazırlanıb.

Stend qarşısında nümayiş olunan bu qurğulara baxarkən diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, onların arxasında yalnız texniki həll deyil, həm də universitet daxilində formalaşan mühəndislik və tədqiqat imkanları dayanır.

50 dəfəyə qədər istifadə oluna bilən sarğılar 

Sərgidə tələbə layihələrinin nümayişi də xüsusi yer tutur. Bakı Ali Neft Məktəbinin tələbəsi Fərid Əliməmmədovun təqdim etdiyi layihələrdən biri antibakterial sarğılardır. Layihənin əsas məqsədi yaralarda infeksiya riskinin qarşısının alınmasıdır.

Fərid Əliməmmədov bildirir ki, layihənin əsas xüsusiyyətlərindən biri bu sarğıların yuyularaq 50 dəfəyə qədər yenidən istifadə edilə bilməsidir. Hazırlanan məhsul həm hərbi sahədə, həm də xəstəxanalarda tətbiq üçün nəzərdə tutulub.

Sərgidə bu layihəyə nəzər salarkən müdafiə sənayesinin yalnız silah və hərbi texnika istehsalı ilə məhdudlaşmadığı bir daha aydın olur. Əsgərin sağlamlığının qorunması, yaralanmalar zamanı ilkin tibbi yardım imkanlarının genişləndirilməsi və sahə şəraitində istifadə edilə bilən tibbi texnologiyalar da bu ekosistemin mühüm hissələrindən biridir.

Tələbə ideyalarından real uçuş aparatlarına

Milli Aviasiya Akademiyasının stendində isə diqqət daha çox uçuş aparatlarına yönəlir. Burada müxtəlif ölçüdə pilotsuz uçuş aparatları və aviamodellər sərgilənir.

Akademiyanın müəllimi Hüseyn Həsənovun sözlərinə görə, Milli Aviasiya Akademiyası sərgidə 10 layihə ilə iştirak edir. Laboratoriyada müəllim və tələbələrin birgə fəaliyyəti nəticəsində müxtəlif uçuş aparatları hazırlanır.

Nümayiş olunan layihələrdən biri “Kamikadze” pilotsuz uçuş aparatıdır. Aparatın çəkisinin 18 kiloqram olduğu, onun havada 1,5 saat qala bildiyi və 5 kiloqramadək yük daşıdığı bildirilir. Layihənin diqqətçəkən tərəflərindən biri isə tələbələrin nəzəri biliklərinin praktiki layihəyə çevrilməsidir.

Milli Aviasiya Akademiyasının stendində aviamodellər də nümayiş olunur. Onların arasında F5 qırıcı təyyarəsinin kiçildilmiş modeli xüsusi diqqət çəkir. Model saatda 400 kilometr uçuş sürətinə və 10 dəqiqə uçuş müddətinə malikdir.

Burada universitet mühitində əldə olunan nəzəri biliklərin laboratoriya şəraitində sınaqdan keçirildiyini və real texniki nümunələrə çevrildiyini müşahidə etmək mümkündür. Tələbənin auditoriyada öyrəndiyi aerodinamika, mexanika və digər mühəndislik bilikləri sərgi stendində artıq konkret qurğu şəklində qarşıya çıxır.

Əsgərlərin təhlükəsizliyinə yönələn innovativ texnologiyalar

Azərbaycan Dövlət İqtisad Universitetinin stendində isə daha fərqli texnoloji həllər nümayiş etdirilir. UNEC tələbə layihələri arasında əsgərlərin təhlükəsizliyi və vəziyyətinin uzaqdan izlənilməsinə imkan verən “Dəmir Bilək” layihəsi də yer alır.

UNEC tələbəsi Rəfiqə Eyvazlının sözlərinə görə, “Dəmir Bilək” vasitəsilə əsgərlərin həyati göstəricilərinin anlıq qeydə alınması nəzərdə tutulur. Əsgərin hər hansı köməyə ehtiyacı yarandıqda saat vasitəsilə məlumatın ötürülməsi mümkün olur.

Digər layihə isə “Spayder” adlanır. Bu qurğu əsgərlərin daxil ola bilmədiyi ərazilərdə kəşfiyyat aparmaq üçün hazırlanıb. Sensor və kameralarla təchiz edilən sistem ərazinin landşaftını öyrənir və əldə etdiyi məlumatlara əsasən süni intellekt vasitəsilə hərəkət edir.

Sərgilənən hər bir qurğunun arxasında fərqli bir ideya dayanır

Beləliklə, sərgi zalında müxtəlif universitetlərin fərqli istiqamətlər üzrə hazırladığı texnologiyalar bir araya gəlir. Layihələrdən biri mina təhlükəsinin aradan qaldırılmasına, digəri uçuş imkanlarının genişləndirilməsinə, başqa biri hərbi qulluqçunun sağlamlıq göstəricilərinin izlənilməsinə, bir digəri isə insanın daxil ola bilmədiyi ərazilərdə kəşfiyyat aparılmasına xidmət edir.

ADEX 2026-nın universitetlər üçün əhəmiyyəti də məhz burada ortaya çıxır. Sərgi ali təhsil müəssisələrində aparılan elmi-tədqiqatların və tələbə layihələrinin daha geniş auditoriyaya təqdim edilməsi, sənaye nümayəndələri ilə əlaqələrin qurulması və yeni texnoloji həllər üçün platforma yaradır.

Sərgi zallarında bir tərəfdən nəhəng şirkətlərin istehsal etdiyi müdafiə texnologiyaları sərgilənirsə, digər tərəfdən universitet laboratoriyalarında ərsəyə gələn prototiplər diqqət çəkir. Bu mənzərə təhsil, elm və sənaye arasındakı inteqrasiyanın texnoloji tərəqqi baxımından nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirir.

Bakı Ekspo Mərkəzindəki ekspozisiyaları izlədikcə aydın olur ki, təqdim edilən hər bir həll fərqli bir innovativ yanaşmanın məhsuludur. Mina aşkarlayan pilotsuz qurğulardan tutmuş, əsgərin həyati göstəricilərini uzaqdan izləyən sistemlərə və mürəkkəb uçuş aparatlarına qədər hər bir layihə gələcəyin texnologiyalarından xəbər verir.

Əslində, ADEX 2026-nın universitet stendlərində görünən mənzərə yaxın illərin texnoloji imkanlarının ilkin konturlarını cızır. Bu layihələrin bir qismi artıq hazır prototip, bir qismi isə inkişaf etdirilməkdə olan konseptual həllər kimi ziyarətçilərə təqdim olunur. Onların hər birində eyni müsbət məqam diqqəti cəlb edir: ali təhsil müəssisələrində əldə olunan elmi biliklərin birbaşa real problemlərin həllinə yönəldilməsi.

Üç gün davam edən sərgi çərçivəsində müxtəlif ölkələrdən gələn şirkət və təşkilatlar öz texnologiyalarını nümayiş etdirməklə yanaşı, yeni tərəfdaşlıq əlaqələrini də müzakirə etmək imkanı qazanırlar. Azərbaycan universitetlərinin bu qlobal platformada öz layihələri ilə yer alması isə yerli tələbə və müəllimlərin elmi-texniki potensialını göstərmək üçün mühüm fürsətdir.

ADEX 2026 sərgi zallarını gəzərkən aydın şəkildə nəzərə çarpır ki, müasir müdafiə sənayesində texnologiya yalnız böyük sənaye müəssisələrinin deyil, həm də universitet laboratoriyalarının fəaliyyət sahəsinə çevrilir. Burada auditoriyada doğulan ideyanın prototipə, prototipin isə gələcəyin yüksək texnoloji məhsuluna çevrilməsi prosesinin canlı şahidi oluruq.

ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs
ADEX 2026: Universitetlərdən müdafiə sənayesinə yeni nəfəs