Dilimizi sevmək hər kəsin borcudur

16 Dekabr, 2025 - 16:14
Dilimizi sevmək hər kəsin borcudur

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm...”. Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib, tükənməz övlad məhəbbəti, xüsusi qayğı göstərib. 

Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan dilinin son əsrin 30 ildəki inkişafı öncə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərin, təxminən, üçdə iki hissəsi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir.  Ulu Öndərin Azərbaycan dili və ümumiyyətlə, dil siyasəti, əsasən üç prinsip üzərində qurulmuşdur: demokratiklik, dəqiqlik və uzaqgörənlik, obyektivlik. 

Bundan başqa, Ulu Öndərin dil siyasəti iki istiqamətdə özünü qabarıq şəkildə göstərir: Birincisi, milli dil sahəsindəki siyasət ilk gündən ana dilinin inkişafı, dövlət dili səviyyəsinə yüksəlməsi, dünya meridianlarına çıxması ideyaları ilə bağlı olmuşdur. İkincisi, Heydər Əliyevin başqa dillərə münasibətdə yürütdüyü dil siyasəti öz demokratikliyi, uzaqgörənliyi və obyektivliyi ilə fərqlənir. 

Ümummilli Liderin dilimizin saflığını, zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, cəmiyyətin bütün imkanlarını ana dilinin inkişafını təmin etməyə səfərbər edirdi. 

Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir. Bundan əlavə, İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. İlham Əliyevin 24 avqust 2007-ci il tarixli digər bir Sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşri də həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. 

Azərbaycan dilinə tarixi xidmət bu gün, müstəqillik dövründə daha böyük miqyasda davam etdirilir. Bunun hakimiyyətə gəldiyi ilk günlərdən Prezident İlham Əliyevin müxtəlif tədbirlərdə söylədiyi çıxışlarında daha parlaq əks olunduğunu görürük. Prezident İlham Əliyevin 29 sentyabr 2023-cü il Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi əlamətdar hadisələrdən biridir. Bu Sərəncam dövlətimizin başçısının Azərbaycan dilinin və dövlətçiliyimizin inkişafına verdiyi yüksək dəyərin göstəricisidir. Dil məsələsində Heydər Əliyevin mövqeyi aydınr və qətidir: “Öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”. 

Təsadüfü deyildir ki, noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı mahiyyətcə, dövlətin gələcək inkişaf fəlsəfəsi haqqında strateji manifest idi. Prezidentin səsləndirdiyi fikirlər bugünkü dəyişkən mühitdə Azərbaycanın yeni siyasi və iqtisadi modelinin ideoloji əsaslarını formalaşdırır. Çıxışda açıq şəkildə görünür ki, Azərbaycanın gələcəyi elm, bilik və milli ruh üzərində qurulmalıdır. Prioritet sahələrdən biri isə Azərbaycan dilinə qayğı, onun yad ünsürlərdən qorunması, milli kimliyimizə hörmət edilməsidir.

Dövlət başçısı İlham Əliyevin məruzəsindən irəli gələn vəzifələrə uyğun olaraq AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin başçılığı altında müvafiq strukturlarda operativ tədbirlər keçirildi. İnstitutda təşkil edilən “Milli dilçilik elmi və Azərbaycan dövlətinin dil siyasəti” adlı toplantı isə daha böyük maraq doğurdu. Toplantıda, əsasən, cənab Prezidentimizin məruzəsindən irəli gələn vəzifələrə cavab olaraq müxtəlif təkliflər söyləndi. Bu təkliflərin bəzilərinin qeyd edilməsini məqsədəuyğun sayırıq. 

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərəmmli: 
– Müasir Azərbaycan dilində işlək olan ərəb, fars, rus, ingilis mənşəli sözləri klassik ədəbiyyatımızdakı Azərbaycan türkcəsi qarşılıqları ilə əvəz etmək. Məsələn, XIII əsrə aid İbn Mühənna lüğətində alcuğ, müasir Türkiyə türkcəsində alçı sözləri işlənir. Bu iki sözdən birini müasir dilimizə gətirmək olar. Klassik ədəbiyyatda alim “bilgə”, elm “bilim”, kitab “bitik”, nəticə “sonuc”, təcrübə “sına -sınıq”, qanun “törə, yasaq” və s. kimi sözləri seçib təkliflər planı şəklində təqdim etmək üçün 3 cildlik “Türk mənşəli arxaizmlər lüğəti”ndən  istifadə oluna bilər. 

Vəfa Abdullayeva-Nəbiyeva,  beynəlxalq əlaqələr şöbəsinin müdiri: 
– Azərbaycan dilinin funksional potensialını beynəlxalq akademik məkanlarda tanıtmaq məqsədilə beynəlxalq qurumlarla elmi-kommunikativ əməkdaşlıq layihələri hazırlamaq;
– Xarici dillərdə aparılan dilçilik tədqiqatlarına Azərbaycan dilinə dair modulların daxil edilməsi üçün ortaq elmi proqramlar və mübadilə mexanizmləri hazırlamaq.

Xədicə Heydərova, Azərbaycan dili tarixi şöbəsinin müdiri: 
– Nitq mədəniyyətinin formalaşdırılması: gənc nəslin ədəbi və düzgün danışıq bacarıqlarının inkişaf etdirilməsi, nitq mədəniyyətinə diqqətin artırılması;
– Dilin saflığının qorunması, yad leksik elementlərin təsirinin elmi əsaslarla təhlili və milli söz yaradıcılığının təşviqi.

İlhami Cəfərsoy,  qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri: 
– Qədim dillər və mədəniyyətlər şöbəsinin bu sahədə həyata keçiriləsi vacib planları var. İlk növbədə, Ön Asiyanın mixi yazı mənbələrinin türkoloji leksikası elmi tədqiqat obyektinə çevrilməlidir. Bu istiqamətdə Urartu mixi yazılı mətnlərinin, şumer gil lövhələrinin dili haqqında məqalələr çap etdirilməlidir. Xatti, Assur dillərinin prototürk leksikası öyrənilməlidir. 

Sayalı Sadıqov, terminologiya şöbəsinin müdiri, professor:  
– Yaranan terminlər dilin qrammatik qaydalarına uyğun olmaqla bərabər, anlayışı da məntiqi cəhətdən düzgün təyin edilməlidir;    – Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir;
– Teleradio kanallarında və digər kütləvi informasiya vasitələrində materiallar digər tələblərlə yanaşı, ədəbi dil normalarına cavab verməlidir. Müasir şəraitdə Dil Komissiyasının fəaliyyəti məhz bu tələblər nəzərə alınmaqla qurulmalı, alınma sözlərin dilimizin tələblərinə uyğunlaşdırılması prinsipləri hazırlanmalıdır;
– Avropa dillərindən daxil olan terminlərin izahlı lüğətini hazırlamaq üçün Azərbaycan dilində orfoqrafiya prinsipləri təkmilləşdirilməlidir. 

Aynel Məşədiyeva, elmi katib,  filologiya elmləri doktoru: 
– Azərbaycan dilinin terminoloji müasirliyi və qlobal elmi diskursa inteqrasiyası üçün “Azərbaycan dili qlobal elmi kommunikasiya müstəvisində” adlı beynəlxalq konfransın təşkili;
– Xarici dillərdə aparılan dilçilik tədqiqatlarına Azərbaycan dilinə dair modulların daxil edilməsi üçün ortaq elmi proqramlar və mübadilə mexanizmləri hazırlamaq;
– Prezidentin “Azərbaycan elminin dünya elminə inteqrasiyası milli inkişafın mühüm şərtidir” fikrinə əsaslanaraq Azərbaycan dilinin elmi dil statusunun gücləndirilməsi üçün beynəlxalq jurnallarda ikidilli nəşrlərin təşviqi;
– Azərbaycan Dil Mərkəzi brendi altında yeni elmi platformanın yaradılması. 

Lalə Qurbanova, Hind-Avropa dilləri şöbəsinin müdiri: 
–Azərbaycan dili linqvistik təhlillə yanaşı, ekstralinqvistik təhlil edilməli, dilin mənimsənilməsi eksperimental tədqiqata cəlb olunmalıdır;
– Azərbaycan dilinə gələn yeni sözlər dil qaydalarının bütün səviyyələrindən keçərək işlədilməli, Azərbaycan dili və xarici dillər üzrə mütəxəssislər qarşılıqlı təhlillər aparmalıdırlar.

Məsud Mahmudov, süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri: 
– Sosial şəbəkələrdə, müxtəlif saytlarda dilimizin qaydalarının pozulması hallarına yol verməmək, bununla bağlı sayt rəhbərlərinə məktublarla müraciət etmək;
Kütləvi informasiya vasitələrində Azərbaycan dilinin saflığının qorunması ilə bağlı müzakirələrdə fəal iştirak etmək;
– Elmi-tədqiqat planlarının və məqalələrin yazılışı prosesində lüzumsuz olaraq xarici terminlərin istifadəsini məhdudlaşdırmaq və ana dilimizin daxilıi imkanları yaradılmış terminlərdən istifadəyə nail olmaq.

Elçin İsmayılov, toponimika şöbəsinin müdiri:
– Qərbi Azərbaycan toponimlərinin izahlı lüğətinin 2-ci cildi, işğaldan azad olunmuş rayonların toponimlərinin izahlı lüğəti, Azərbaycan coğrafiyasının və Türk dünyasının areal toponimlərinin izahlı lüğətini hazırlamalı; 
– Azərbaycan toponimlərinin qorunması və yer adlarının düzgün işlədilməsi məqsədilə mətbuatda, saytlarda və televiziya proqramlarında maarifləndirici çıxışların təşkili.

İsmayıl Məmmədli, tətbiqi dilçilik şöbəsinin müdiri: 
– Dilimizdə yanlış işlənən sözlərin siyahısını hazırlayıb təkmilləşdirmə işləri apararaq Azərbaycan dilinin Orfoqrafiya Lüğətini tərtib etmək;
– Təhsil ocaqlarında və ictimai yerlərdə düzgün danışıq mövzusunda seminarlar, vebinarlar keçirmək, lüğətlərin əhəmiyyətini izah etmək;
– Azərbaycan dilinin Böyük İzahlı Lüğətini hazırlamaq.

Nərgiz Hacıyeva, müasir Azərbaycan dili şöbəsinin müdiri: 
– Yad kəlmələri dilimizdən uzaqlaşdıraraq bir çox sözləri xalq dilindən, dialektlərdən alıb lüğət tərkibinə salmaq;
– Müstəqillik dövründə uşaq yazıçılarının əsərlərində yeni, uydurma, fantastik alınma adlarla yanaşı, milli adlara çox üstünlük verilməli.

Prezident İlham Əliyev alimlərimizin qarşısında qoyduğu məsələlər, problemlər cəmiyyətin və elmi mühitin yeni inkişaf meyarlarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğu haqında ideya istiqaməti bu gün də dövlət siyasətinin tərkib hissəsi kimi müasir siyasi baxışlara uyğun səviyyədə aparılır. “Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır” çağırışı dövlətin dil siyasətinin manifestidir. Cənab Prezidentin ana dilinin geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi qətiyyət, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə xidmət edir.

Fizuli MUSTAFAYEV, 
Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru