Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ! Sənəd qəbulu başladı
Bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, namizədlər 21 avqust saat 17:00-dək [miq.edu.az/direktor] linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir.
Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.




