Distant təhsil standartlarından istifadə könüllüdür - MÜSAHİBƏ

26 Yanvar, 2026 - 12:22
Distant təhsil standartlarından istifadə könüllüdür

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq distant təhsil təcrübəsi formalaşıb. Pandemiya dövründə istifadəsi zərurətə çevrilən distant təhsildən ölkənin təhsil müəssisələri də səmərəli şəkildə faydalandılar. 

Distant təhsilə verilən önəm artıq bu sahə üzrə beynəlxalq standartların tətbiqini, normativ-hüquqi bazanın təkmilləşdirilməsini zəruri edir.

Bir müddət əvvəl ölkədə distant təhsil xidmətləri üzrə yeni dövlət standartının qəbul edilməsi də bu zərurətlərdən biridir. Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standartlar əsasında hazırlanan AZS ISO 29994:2025 – “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” adlı yeni dövlət standartı bu sahədə mühüm yenilik kimi dəyərləndirilir.

Bəs bu standart distant təhsilin keyfiyyətinə hansı yenilikləri gətirir və onun tətbiqi zamanı hansı meyarlar əsas götürüləcək? “Azərbaycan müəllimi” bu və digər suallara aydınlıq gətirmək üçün AZSTAND-ın Uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemlərinin metodologiyası şöbəsinin müdiri Gülbacı Əliyevanın fikirlərini öyrənib. 

– AZS ISO 29994:2025 standartının əsas məqsədi nədir və distant təhsil sahəsində hansı əsas yenilikləri nəzərdə tutur?
 
– AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” standartının əsas məqsədi distant təhsil sahəsində təqdim olunan xidmətlərin keyfiyyətini artırmaqdır. Bu standart dövlət səviyyəsində distant təhsil xidmətlərinin planlaşdırılması, həyata keçirilməsi, monitorinqi və qiymətləndirilməsi üçün vahid tələblər və qaydaları müəyyən edir. Standartın tətbiqi distant təhsil alanların fərqli ehtiyaclarına uyğun xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, təhsil prosesində yeni texnologiyaların istifadəsini də təşviq edir. Nəticədə, bu, təhsil sistemində çevikliyi artırır, öyrənənlər üçün öyrənmə prosesini daha əlverişli və rahat edir, dünyanın hər hansı bir nöqtəsində yüksək keyfiyyətli təhsil alma imkanlarını genişləndirir. Həmçinin sözügedən standart öyrənənlər, fasilitatorlar və təlim layihəçiləri üçün məsuliyyət və vəzifələri aydın şəkildə müəyyən edir, distant təhsil prosesində şəffaflıq, təhlükəsizlik və effektiv kommunikasiya prinsiplərini təmin edir.

– AZS ISO 29994:2025 standartının tətbiqi distant təhsil alan tələbələr (şagirdlər) üçün hansı konkret üstünlükləri və təminatları yaradır?
 
– Bu standartının tətbiqi distant təhsil alan tələbələr üçün bir sıra yeni imkanlar yaradır. Standart öyrənmənin əlçatanlığını artırmaqla hər kəsin müxtəlif səbəblərdən təhsil imkanlarından faydalanmasına şərait yaradır. Məsələn, fiziki məhdudiyyətləri, məkan və vaxt baxımından məhdudiyyətləri olan şəxslər, uzaq bölgələrdə yaşayanlar, iş və ya ailə öhdəlikləri səbəbindən təhsil müəssisələrinə fiziki olaraq gedə bilməyən şəxslər keyfiyyətli təhsili evdən və ya istənilən digər yerdən əldə edə bilərlər. Bundan əlavə, sözügedən standart öyrənənlərin texnologiyadan effektiv istifadəsini təşviq edir, fərdi ehtiyaclar və xüsusi qabiliyyətlər nəzərə alınaraq fərdiləşdirilmiş öyrənmə yollarını dəstəkləyir. Nəticədə, distant təhsil alanların bilik və bacarıqlara çıxışı genişlənir, sosial inteqrasiya güclənir və iqtisadi inkişaf potensialı artır. Bu proses öyrənmə mühitini daha inklüziv və ədalətli bir şəraitdə təmin edir.

”Standartının tətbiqi öyrənənlərin texniki bacarıqları, istifadə edə biləcəkləri texnologiyalar və xüsusi ehtiyacları təhlil edilir”

– Standartın tətbiqi zamanı hansı mərhələlər nəzərə alınmalıdır?

– AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” standartının tətbiqi bir neçə mərhələdən ibarətdir. İlk olaraq öyrənənlərin texniki bacarıqları, istifadə edə biləcəkləri texnologiyalar və xüsusi ehtiyacları təhlil edilir. Daha sonra distant təhsil xidmətləri kurikulum və tədris materialları ilə birlikdə layihələndirilir, interaktiv və əlçatan texnologiya vasitələri hazırlanır, fasilitatorlar və dəstək personalı vasitəsilə öyrənənlərə dəstək təmin olunur. Nəhayət, öyrənmə prosesinin qiymətləndirilməsi aparılır, distant təhsil xidmətləri mütəmadi olaraq monitorinq edilir və davamlı təkmilləşdirilir.
 
– Standartı kimlər istifadə edə bilər? Sözügedən standart distant təhsil xidməti göstərən bütün təhsil müəssisələri üçün məcburidir, yoxsa tövsiyə xarakteri daşıyır?

– AZS ISO 29994:2025 standartı distant təhsil xidməti təqdim edən bütün təşkilatlar və fərdi təminatçılar tərəfindən tətbiq oluna bilər. Bu standart könüllü xarakter daşıyır və onun tətbiqi təhsil müəssisələrinə beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərmək və texnologiyalardan maksimum səmərəli şəkildə istifadə etməklə distant təhsilin keyfiyyətini artırmaq imkanı verir.