Dövlət dəstəyi ilə bağçalara qəbul üçün müsabiqə nə zaman olacaq?

23 İyul, 2026 - 15:55
Dövlət dəstəyi ilə bağçalara qəbul üçün müsabiqə nə zaman olacaq?

"Yeni maliyyələşmə modelinin tətbiqi üçün lisenziyası olan bütün özəl məktəbəqədər təhsil müəssisələri müraciət edə bilərlər".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsil TV-nin efirində yayımlanan "Təhsil saatı" verilişində deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə valideyn-dövlət-özəl tərəfdaşlığına əsaslanan maliyyələşmə modeli ilə bağlı Elm və Təhsil Nazirliyinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb: "İşçi qrupun işlərindən biri də müsabiqənin şərtlər toplusunun hazırlanmasıdır. Şərtlər toplusunun layihəsi hazırdır, son müzakirələr aparılır".

V.Yaqublu bildirib ki, valideyn-dövlət-özəl maliyyələşmə modeli ilə 1 ay ərzində müsabiqənin elan olunması gözlənilir:
"Bağçalara qeydiyyatın daha erkən - sentyabr ayında başlamasını istərdik. Lakin ilk dəfə olduğu üçün müəyyən gecikmələr ola bilər, oktyabra qədər uzana bilər".