Dövlət əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkilində könüllülərin rolu əvəzsizdir - Həmid Nəsibov
“Könüllülük bizim xalqımızın mədəni və mənəvi dəyərlərində həmişə mövcud olub. Amma müstəqillik qazandıqdan sonra bu fəaliyyət daha sistemli və məqsədyönlü şəkildə inkişaf etməyə başladı”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “10 il birlikdə” adlı yubiley tədbirində səsləndirib.
O bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi xətt və müasir dövrdə cənab Prezident İlham Əliyevin könüllülərə göstərdiyi diqqət və dəstək sayəsində bu sahədə yeni-yeni zirvələr fəth olunub:
“Könüllülər bir vətəndaş cəmiyyəti hərəkatının üzvü olmaqla, əslində, dövlətimizə, xalqımıza çox böyük xidmət göstərirlər. Könüllü hərəkatları cənab Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı çərçivəsində birləşdirildi və vahid platforma əsasında fəaliyyət göstərməyə başladı. Sevindirici haldır ki, bu çərçivədə fəaliyyət göstərən könüllü hərəkatları yalnız konkret qurumların tədbirləri ilə məhdudlaşmır. Onlar ölkədə keçirilən müxtəlif tədbirlərdə fərqli istiqamətlər üzrə fəal iştirak edirlər. Könüllülük təkcə tədbirlərlə bağlı deyil, ümumilikdə cəmiyyət üçün faydalı olan çoxsaylı sahələri əhatə edir. Bu, çox mühüm məqamdır”.
Sektor müdiri qeyd edib ki, Azərbaycanda könüllülərin böyük əksəriyyətini məhz gənclər, xüsusilə də tələbələr təşkil edir:
“Dövlət və ictimai əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün könüllülərin rolu əvəzsizdir. Dünyada bu təcrübə geniş yayılıb və gənclərdən tutmuş yaşlı insanlara qədər hər kəs könüllü fəaliyyətlə məşğul ola bilər”.


