DP ilə daha çox hansı ölkələrdə təhsil almaq imkanı yaradılıb?
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil almaq imkanı yaradılan universitetlərin siyahısı açıqlanıb.
“Azərbaycan müəllimi”nin məlumatına görə, proqram çərçivəsində Çin Xalq Respublikası demək olar ki, bütün ixtisas sahələri üzrə ən geniş proqram şəbəkəsinə malik ölkələrdən biridir. Xüsusilə memarlıq və şəhərsalma, mühəndislik, informasiya texnologiyaları və fundamental elmlər üzrə Çin universitetlərində çoxsaylı bakalavriat və magistratura proqramları mövcuddur.
Birləşmiş Krallıq prestijli ali təhsil müəssisələri ilə Dövlət Proqramında mühüm yer tutur. Bu ölkə tibb və ictimai səhiyyə, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi ilə yanaşı, mədəniyyət və incəsənət sahəsində də aparıcı mövqedədir.
Türkiyə azərbaycanlı gənclər üçün ən çox seçilən ölkələrdən biri olaraq qalır. Burada mühəndislik və texnologiya ilə yanaşı, kənd təsərrüfatı və baytarlıq sahələri üzrə də geniş təhsil imkanları mövcuddur.
Amerika Birləşmiş Ştatlarının universitetləri isə əsasən magistratura səviyyəsində üstünlük təşkil edir. Maliyyə, data analitikası, təhsil və dövlət siyasəti sahələrində ABŞ universitetləri geniş seçim imkanı yaradır.
Bununla yanaşı, İtaliya memarlıq və dizayn, Cənubi Koreya isə informasiya texnologiyaları və mühəndislik sahələri üzrə Dövlət Proqramında diqqət çəkən ölkələr sırasındadır.
Ümumilikdə, texniki və fundamental elmlər üzrə Çin və Türkiyə, sosial elmlər və qlobal akademik nüfuz baxımından Birləşmiş Krallıq və ABŞ, memarlıq və dizayn sahəsində isə İtaliya Dövlət Proqramı çərçivəsində ən çox təhsil imkanı təqdim edən ölkələr kimi qiymətləndirilir.
Siyahıya əsasən, Çin həm bakalavriat, həm də magistratura səviyyəsində ən çox seçim imkanı yaradan ölkədir. Prioritet sahələr üzrə Çin universitetlərinə aid 840-dan çox təhsil proqramı siyahıya daxil edilib. Onlardan 304-ü bakalavriat, 538-i isə magistratura səviyyəsini əhatə edir.
Qeyd edək ki, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb. Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir.
Müvafiq siyahı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı



