Dronlardan suvarma, yağışdan təmiz su: WUF13-də region universitetlərinin diqqətçəkən layihələri 

22 May, 2026 - 14:32
Dronlardan suvarma, yağışdan təmiz su:

Paytaxtımızın ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisi şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və innovativ həllərlə bağlı müxtəlif ölkələrin təcrübələrinin təqdim olunduğu əsas platformalardan birinə çevrilib. Forum günlərində burada beynəlxalq şirkətlər və təşkilatlarla yanaşı, Azərbaycan universitetləri də fəal şəkildə iştirak edir. 

Sərgidə təkcə paytaxt universitetləri deyil, region ali təhsil müəssisələri də öz layihə və startapları ilə təmsil olunur. Universitet pavilyonlarında urban inkişaf, texnologiya, kənd təsərrüfatı, ağıllı idarəetmə sistemləri və tətbiqi mühəndislik həlləri nümayiş etdirilir. Xarici qonaqlar, tələbələr və müxtəlif sahələrin nümayəndələri gün ərzində stendlərlə yaxından tanış olur, layihələr barədə ətraflı məlumat alırlar.

“Urban Expo” sərgisində diqqət çəkən universitetlərdən biri də Sumqayıt Dövlət Universitetidir. Universitetin pavilyonunda tələbələrin hazırladığı startap layihələri və mühəndislik həlləri təqdim olunur.

Universitetin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsi Kazım Hüseynov bildirir ki, SDU son illərdə startap fəaliyyəti istiqamətində kifayət qədər aktivdir: “Sumqayıt Dövlət Universiteti son illərdə bir çox uğurlu layihələrə və startaplara imza atıb. Tələbələrimiz müxtəlif müsabiqələrdə uğur qazanıb və layihələrini inkişaf etdirməyə davam edirlər”.

Universitetin WUF13-də təqdim etdiyi layihələrdən biri kənd təsərrüfatı üçün nəzərdə tutulmuş ağıllı suvarma sistemidir. Layihə daha əvvəl kənd təsərrüfatı üzrə keçirilən “Caspian Agro Week” sərgisində də nümayiş olunub.

Kazım Hüseynovun sözlərinə görə, layihənin əsas məqsədi çay plantasiyalarında suvarma prosesini daha səmərəli şəkildə idarə etməkdir: “Sistem həm yerüstü, həm də hava nəzarəti əsasında işləyir. İlk olaraq dron vasitəsilə havanın rütubət göstəriciləri ölçülür, daha sonra torpağa yerləşdirilən sensor cihaz vasitəsilə nəmlik səviyyəsi müəyyən edilir”.

Əldə olunan məlumatlar əsasında isə suvarma sistemi avtomatik şəkildə idarə olunur və plantasiyaların optimal şəkildə suvarılması təmin edilir.

Tələbə bildirir ki, layihənin hazırlanması prosesində universitetin startap mentorları və mühəndislik istiqaməti üzrə çalışan tələbə komandalarının ciddi dəstəyi olub. Hazırda SDU tələbələri müxtəlif texnoloji və mühəndislik layihələri üzərində işləməyə davam edirlər.

“Urban Expo” sərgisində region universitetlərinin təqdim etdiyi layihələr arasında Naxçıvan Dövlət Universitetinin pavilyonu da diqqət çəkir. Universitet stendində həm innovativ startap layihələri, həm də Naxçıvanın tarixi-mədəni irsi və memarlıq nümunələri təqdim olunur.

Universitet əməkdaşı Hüseyn İmanov bildirir ki, NDU forumda əsasən universitet daxilində hazırlanmış innovativ layihələrlə iştirak edir: “Burada əsasən universitetimizdə hazırlanmış startap layihələri təqdim olunur”.

Onun sözlərinə görə, stenddə nümayiş etdirilən əsas layihələrdən biri yağış sularının təmizlənməsi ilə bağlıdır. Layihədə məqsəd yağış sularının xüsusi təmizləmə sistemləri vasitəsilə emal edilərək istifadəyə yararlı içməli suya çevrilməsidir.

Universitetin təqdim etdiyi digər layihə isə tarixi irsin qorunması və tanıdılması istiqamətinə həsr olunub. Pavilyonda Naxçıvanın memarlıq nümunələri, tarixi abidələri və təbii mühiti ilə bağlı təqdimatlar da nümayiş etdirilir.

Hüseyn İmanov deyir ki, forum günlərində universitetin stendinə xarici qonaqlar tərəfindən maraq kifayət qədər yüksəkdir: “Xarici şirkətlər və müxtəlif nümayəndələr startap layihələrimizlə yaxından maraqlanırlar”.
Forum çərçivəsində universitet nümayəndələri xarici qonaqlara NDU-nun fəaliyyəti, təhsil imkanları və həyata keçirilən layihələrlə bağlı da məlumat təqdim edirlər.

WUF13 kimi şəhərlərin gələcəyi, urban inkişaf və postmünaqişə dövründə yenidənqurma məsələlərinin müzakirə olunduğu qlobal platformada xüsusi diqqət çəkən universitetlərdən biri də Qarabağ Universitetidir. Uzun illər işğal altında qalmış, infrastrukturu dağıdılmış Qarabağda bu gün yeni şəhərlər qurulur, həyat yenidən bərpa olunur. Belə bir dövrdə Qarabağ Universitetinin “Urban Expo” sərgisində təmsil olunması forumun əsas mövzuları ilə birbaşa əlaqələnir.

Universitetin pavilyonunda gün ərzində xarici qonaqların və müxtəlif ölkələrdən gələn nümayəndələrin marağı xüsusilə hiss olunurdu. Ziyarətçilər universitetin müasir infrastrukturu, rəqəmsal idarəetmə sistemi və Qarabağda formalaşdırılan yeni təhsil mühiti ilə bağlı məlumat alırdılar.

Qarabağ Universitetinin Tədqiqat və İnnovasiyalar Mərkəzinin baş mütəxəssisi Pərvin Ahənçi bildirir ki, universitetin postmünaqişə zonasında yaradılması strateji baxımdan xüsusi əhəmiyyət daşıyır: “Bu, Qarabağa və burada qurulan yeni həyata marağın nə qədər böyük olduğunu göstərir”.

Onun sözlərinə görə, universitet yalnız təhsil müəssisəsi kimi deyil, regionun inkişafının bir hissəsi kimi fəaliyyət göstərir. Burada yaradılan tam rəqəmsal və innovativ mühit də qonaqların diqqətini çəkən əsas məqamlardan biridir.

Pərvin Ahənçi deyir ki, universitetdə həm tədris prosesi, həm də idarəetmə sistemi müasir texnologiyalar üzərində qurulub. Onun sözlərinə görə, tələbələr üçün yaradılmış kampus, yataqxana, kitabxana və digər təhsil imkanları da forum iştirakçılarında maraq doğurur. Kitabxananın beynəlxalq elmi bazalara çıxışı tələbələrin müasir elmi araşdırmalarla işləməsinə imkan yaradır.

Forum çərçivəsində Qarabağ Universitetinə xarici ölkələrdən də böyük maraq göstərilir. Türkiyə, Pakistan, Rusiya, Keniya və Nigeriya daxil olmaqla müxtəlif ölkələrdən gələn nümayəndələr universitetin fəaliyyəti və mümkün əməkdaşlıq imkanları ilə maraqlanıblar.

Pərvin Ahənçi qeyd edir ki, Qarabağa qayıdış yalnız fiziki məna daşımır: “İnsanlar doğma torpaqlarına qayıdarkən həm də öz yaddaşlarına, mədəniyyətlərinə və kimliklərinə qayıdırlar”.

Universitet nümayəndəsinin sözlərinə görə, Qarabağ Universitetinin müxtəlif fakültələrinin gələcəkdə Şuşa və Xocalı kimi şəhərlərdə fəaliyyət göstərməsi də planlaşdırılır. Məqsəd regionun müxtəlif hissələrində təhsil imkanlarını genişləndirmək və Qarabağın inkişaf prosesinə akademik töhfə verməkdir.